Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5291/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədli Xanım Sadıq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd edərək) qarşı «əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd edərək) qarşı «əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 2021-ci ilin yanvar ayının 20-dən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun X6 Xidmətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.11.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi ev 58/37 mənzil 29 ünvanda yerləşən Cavabdeh MMC-yə işə qəbul olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Dünyada baş verən «COVİD 19» pandemiyası ilə bağlı onlayn rejimdə fəaliyyət göstərmişdir, işi kompüter operatoru olduğundan cavabdehin verdiyi tapşırıqları yerinə yetirmiş və 2021-ci ilin yanvar ayına qədər əmək haqqı almışdır. Lakin 2021-ci ilin yanvar ayının 20-dən ona heç bir tapşırıq verilməmiş və əmək haqqı da ödənilməmişdir. Lakin bu günədək onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi qüvvədədir və işəgötürən şəxs tapılmadığından onunla əmək müqaviləsinə xitam verilməmişdir. Onunla Cavabdeh MMC arasında əmək müqaviləsi formal olaraq mövcud olduğundan o, heç bir müəssisə ilə əmək müqaviləsi bağlaya bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ərizə ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam bildirişinin elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 21 iyun 2021-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmiş və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Buna görə də, onun Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam verilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə, 68.2-ci maddəsinin «a» bəndinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh MMC-nin faktiki olaraq uzun müddətdir ki, fəaliyyəti olmadığından, həmin müəssisənin qanuni nümayəndəsi Azərbaycan Respublikasında olmadığından, belə ki, qanuni nümayəndə əcnəbi vətəndaşdır və onun tərəfindən müqavilənin ləğv edilməsi təşəbbüsü göstərildiyindən, lakin müəsissənin qanuni nümayəndəsi Azərbaycanda olmadığı üçün əmək müqaviləsinin ləğv edilməsi işəgötürən tərəfindən mümkün olmadığından əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, 125-ci maddəsinin İİİ hissəsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh MMC 09.08.2019-cu il tarixdə kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınmışdır. MMC-yə ********** saylı VÖEN verilmişdir. Hüquqi ünvanı AZ1007 ünvan 1-nin qanuni təmsilçisi X8. MMC-nin qanuni təmsilçisi olan X9 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis müavini A.Qasımov tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 33/3086 saylı İAMAS bazasından çıxarışa əsasən Azərbaycan Respublikasını sonuncu dəfə 13 dekabr 2020-ci il tarixdə tərk etmişdir (Ölkə hüdudlarından çıxmışdır). İddiaçı ilə hüquqi şəxs olan Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, 01.11.2019-cu il tarixli əmək müqaviləsinə əsasən onlayn rejimdə kompüter operatoru işləmiş iddiaçı 2021-ci ilin yanvar ayına qədər əmək haqqı almış, lakin 2021-ci ilin yanvar ayının 20-dən iddiaçıya heç bir tapşırıq verilməmiş və əmək haqqı ödənilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün 08 iyul 2021-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş, lakin onun bu tələbi yerinə yetirilməmişdir. İddiaçı bununla bağlı daha öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. İddiaçının müraciətinə baxılaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən 21 iyun 2021-ci il tarixdə cavab məktubu göndərilmişdir. Həmin cavab məktubunda qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyəti xaricindədir. İddiaçıya həmçinin bildirilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, məhkəməyə müracət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin tələblərinə görə, tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilə bilər. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01.11.2019-cu il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməli və ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01.11.2019-cu il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5291/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5291/2021
11.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver