Məhkəmə qərarları › İş №2(006)-5306/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5306/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5306/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kəsim üçün çıxılmış məbləğin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kəsim üçün çıxılmış məbləğin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1.030 manat pul vəsaiti və ödənilmiş 30 manat dövət rüsumu olmaqla, cəmi 1.060 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də C-LİV-0006/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış, ona məxsus olan 1 baş AT323639329 inventar nömrəli Simmental cinsli düyənin tələf olması ilə bağlı 4.802 manat sığorta ödənişi hesablanmışdır. Həmin hesablanmış olan sığorta ödənişindən 1.030 manat sığorta şirkəti məcburi kəsim hesablayaraq ümumi hesablanmış olan hesabdan silmişdir. Cavabdeh ona ünvanladığı müraciət məktubuna cavab olaraq bildirir ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərər miqdarı həmin həcmdə azalmış olardı. Əgər o, həmin heyvanı kəsmiş olsa idi, bəs onda sığorta şirkətinə və Aqrolizinqə hansı qaydada sübut edə bilərdi ki, onun saxladığı heyvanın xəstəliyini və ya ola bilərdi ki, müalicə nəticəsində sağala bilməsini. Bu səbəbdən, o, son anadək mücadilə aparmışdır ki, bəlkə həmin düyə sağala, amma heç bir faydası olmamışdır. O, cavabdehdən ona çatası pulu tam şəkildə ala bilmir, cavabdeh kəsimi bəhanə gətirərək həmin ona çatası, kəsim üçün hesablanmış olan 1.030 manat pulu verməkdən imtina edir. Məhz bu səbəbdən, məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun istehlakçı olaraq hüquqları pozulur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, sığortaçı "xxxx" ASC və "xxxx" ASC arasında sonuncunun mülkiyyətində olan 318 baş Simmental cinsli iribuynuzlu düyənin sığortalanması ilə bağlı sığorta müqaviləsi imzalanmışdır. Daha sonra sığortalı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 1 ədəd Simmental cinsli, AT323639329 birka nömrəli damazlıq düyənin tələf olması ilə bağlı sığorta ödənişi tələbi ünvanlanmışdır. Baş vermiş sığorta hadisəsi ilə bağlı 1.030 manat məcburi kəsim üçün hesablanaraq 4.802 manat sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, İddiaçı tərəfindən qaldırılmış iddia hüquqi olaraq tam əsassızdır. İddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, sözügedən iş üzrə İddiaçı sığorta tələbinin əsaslandığı 27.03.2018-ci il tarixli C-LİV-0006/18 saylı sığorta müqaviləsinin tərəfi deyildir. Sığorta müqaviləsi cavabdeh "xxxx" ASC və "xxxx" ASC arasında imzalanmışdır. Həmin müqavilə üzrə ödəniş tələb etmək və ödənişi qəbul etmək hüququ müqavilə üzrə sığortalı olan "xxxx" ASC-yə məxsusdur. Eyni qaydada, cavabdeh "xxxx" ASC-nin yalnız müqavilə tərəfi olan "xxxx" ASC-yə qarşı öhdəlikləri vardır. Göründüyü kimi, sözügedən sığorta müqaviləsi üzrə İddiaçı müqavilə tərəfi olmadığından cavabdeh "xxxx" ASC-nin ona qarşı heç bir öhdəliyi yaranmamışdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər toplunsundan görünür ki, sığortaçı "xxxx" ASC və "xxxx" ASC arasında sonuncunun mülkiyyətində olan 318 baş Simmental cinsli iribuynuzlu düyənin sığortalanması ilə bağlı 27.03.2018-ci il tarixli C-LİV-0006/18 saylı sığorta müqaviləsi imzalanmışdır. Sığortalı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 1 ədəd Simmental cinsli, AT323639329 birka nömrəli damazlıq düyənin tələf olması ilə bağlı sığorta ödənişi tələbi ünvanlanmış, baş vermiş sığorta hadisəsi ilə bağlı 1.030 manat məcburi kəsim üçün hesablanaraq, 4.802 manat sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, İddiaçı sığorta müqaviləsinin tərəfi deyildir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmasına dair sübutları – onunla cavabdeh "xxxx" ASC arasında tələf olmuş 1 ədəd Simmental cinsli, AT323639329 birka nömrəli damazlıq düyə ilə bağlı sığorta müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının "xxxx" ASC-yə qarşı hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, iddia tələbi rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kəsim üçün çıxılmış məbləğin ödənilməsi» tələbinə dair iddiası rədd edilməli və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kəsim üçün çıxılmış məbləğin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar