Məhkəmə qərarları › İş №2(006)-5330/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5330/2021

31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5330/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər 29 may 2004-cü il tarixdə ailə qurmuşlar. Həmin nikahdan 25 oktyabr 2006-cı il tarixdə X3 anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Hazırda iddiaçının övladını saxlaması üçün alimentə ehtiyacı var. Cavabdeh fərdi sahibkardır, tərəflərin birgə mülkiyyətlərində olan Tərtər şəhərində yerləşən qeyri-yaşayış sahəsində iri market işlədir və ayda kifayət qədər vəsait qazanc əldə edir. Göstərilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün hər ay 2000 (iki min) manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, fərdi sahibkardır, gəliri iddiaçının bildirdiyi qədər deyildir. Hər ay cəmi 200 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İ № 103103 saylı, 29 may 2004-cü il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 935 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən 17.12.2006-cı il tarixdə verilmiş AZ-İ № 835121 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 25 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16 avqust 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, vergi orqanında olan elektron uçot məlumat bazasına əsasən aparılmış araşdırma zamanı 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicisi Cavabdeh tərəfindən vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən son bir il ərzində vergiyə cəlb edilən dövriyyə məbləğləri cəmi 145.753,56 manat olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış X3 anası İddiaçı himayəsində qalır. Hal-hazırda iddiaçı uşağın saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, cavabdehin aylıq qazancının miqdarını, alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh övladı 25.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 (bir min) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 22 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 22 iyul 2021-ci il tarixdən başlayaraq, 25.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 (bir min) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 iyul 2021-ci il tarixdən başlayaraq, 25.10.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 (bir min) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar