Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5337/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.06.2018-ci il təvəllüdlü X2 üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 28.03.2017-ci il tarixində 834 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 01.06.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda 7 aylıq hamilədir. Bildirir ki, əvvəllər cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədi. Belə ki, ona qulaq asmır, öz bildiyi kimi hərəkət edirdi. Ailə-məişət problemləri, xasiyyət uyğunsuzluğu, onun ailə məsuliyyətini dərk etməməsi, dünya görüşlərinin fərqli olması onların münasibətlərə çox mənfi təsir edirdi. Lakin, o, hər zaman uşağına görə susub səbr etmişdir. Münasibətlərinin düzəlməsi və yoluna girməsi üçün kifayət qədər cəhdlər etmiş və ailəsini bərpa etməyə çalışmışdır. Buna baxmayaraq Cavabdeh nikahın pozulması tələbi barədə məhkəməyə müraciət etmişdir. Onun hal-hazırki vəziyyətini nəzərə almadan, onun hamiləlik dönəmində atdığı bu addımı düzgün hesab etmir. Qeyd edir ki, cavabdeh bu müddət ərzində nə onunla, nə hamiləlik xərcləri ilə, nə də ki, evdəki uşağı ilə maraqlanmamışdır. Son 4 aydır ki, ümumiyyətlə əlaqəni kəsmişdir. Hal-hazırki dönəmində analizlərə, həkimlərə, qadın məsləhətxanasında konsultasiyaya kifayət qədər xərcləri çıxır və bundan sonra da, çıxacaq. Cavabdeh bu xərclərin heç birini qarşılamır. Cavabdeh X5 qəsəbəsi ərazisində yerləşən N saylı Hərbi Hissəsində baş sürücü kimi çalışır və aylıq əmək haqqı 1.900 manatdır. Cavabdeh ailəsi ilə maraqlanmadığından, həmçinin onun hazırki hamilə vəziyyəti nəzərə alınaraq, 01.06.2018-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment cavabdehdən alınaraq, ona verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, nikahın pozulması ilə bağlı razı olduğunu qeyd edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 28 mart 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 191452 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 28 mart 2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 834 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qədimova soyadı verilmişdir. 16.07.2021-ci il tarixdə verilmiş doğum haqqında akt qeydi üzrə tərtib edilmiş arayışdan görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 01.06.2018-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. Beləliklə iş materiallarından görünür ki, tərəflər 28 mart 2017-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01.06.2018-ci il təvəllüdlü X7 adlı bir övladları doğulmuşdur. Hal-hazırda cavabdeh uşağı ilə maraqlanmadığı üçün iddiaçı övladını böyütməkdə maddi sıxıntılar çəkir. Bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 01.06.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Məhkəmə habelə cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, nikahın pozulmasına dair tələb olmadığı üçün məhkəmə ərizəyə həmin hissədə münasibət bildirmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01.06.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5337/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5337/2021
17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver