Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5343/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Sovetlər Birliyi zamanı yəni 1986-cı ildə X1 Stansiyasında baş vermiş məlum qəzanın aradan qaldırılmasında Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi toplantı qaydasında əlavə hərbi xidmətə çağırılmışdı və xx.xx.1987-ci ildən xx.xx.1987-ci il tarixlərdə qəza işlərində elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Ordu sıralarından tərxis olunduqda bir müddət sonra həmin qəzanın fəsadlarında əmək qabiliyyətini itirmiş və buna görə də ona xx.xx.1997-ci il tarixdən müvafiq hərbi həkim ekspert komissiyasının rəyi ilə İİ qrup Çernobil əlili dərəcəsi və vəsiqəsi verilmişdi. Hal-hazırda təqaüdçü hesab olunur və əmək qabiliyyətsizdir. O zaman bütün hərbi qulluqçulara şamil olunan və hal-hazırda da qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası təminatı barədə” Azərbaycan Respublikasının Dövlət Sığortası Şirkətinə rəsmi müraciətinə baxmayaraq, adıgedən cavabdeh icra orqanı ona könüllü olaraq aid olan icbari şəxsi sığorta haqqını indiyə kimi ödəməmişdi və ödəmək niyyəti də yoxdur. Belə ki, həmin Dövlət Sığorta Kommersiya Şirkəti onun ərizəsinə imtina cavabı vermişdir. Bu da onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarına toxunur. Bunun üçün də o Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin xx xxxxxx 2020-ci il tarixli 07-07-100 nömrəli məktubundan görünür ki, Sizin əlilliyiniz ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Şirkətə göndərdiyiniz sənədlərə baxıldı. Bildiririk ki, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinin 01 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 760468 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. Beləliklə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx xxxxxx 2020-ci il tarixli 07-07-100 nömrəli məktubundan göründüyü kimi sığorta ödənişinin verilməsi qeyri-mümkündür, buna görə də iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməməlidir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5343/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5343/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver