Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5361/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı "öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı "öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 026/14-K nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 22% olmaqla 30600 (otuz min altı yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan qismində İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 115,8 m2 ümumi, 90,8 m2 yaşayış, 25,0 m2 yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. xx xxxxx 2016-cı il tarixində müqavilənin müddəti bitdiyi üçün xx xxxxx 2014-cü il tarixli, 026/14-K nömrəli kredit müqaviləsinə əsasən verilmiş 30600 (otuz min altı yüz) manat məbləğində kreditin qalıq 12015,59 (on iki min on beş manat, əlli doqquz qəpik) manatının ödəniş müddəti xx xxxxx 2016-cı il tarixli, 001-04/16 №-li kredit müqaviləsinə əlavəyə əsasən (xx xxxxx 2014cü il tarixli 026/14-K saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla) xx xxxxx 2017-ci il tarixinədək uzadılmışdır. xxxx tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, SF-10787 №-li çıxarışa əsasən, həmin tarixədək mövcud kreditin qalıq məbləği xx xxxxx 2014-cü il tarixli, 026/14-K nömrəli kredit müqaviləsinə əsasən, 5893,98 manat əsas borc, 2352 manat faiz borcu, cəmi 8245,98 manat təşkil etdiyi qeyd olunmuşdur. Məlum olduğu kimi, mülki qanunvericiliyimizə əsasən bu növ iddialar üzrə iddia müddəti 3 il təşkil edir. Aralarında bağlanmış müqavilənin sonuncu günündən, yəni xx xxxxx 2017-ci il tarixindən sonrakı 3 il ərzində (xx xxxxx 2020-ci il tarixinədək) iddiaçıya qarşı cavabdeh tərəfindən heç bir iddia tələbi irəli sürülməmişdir. Müqavilə üzrə öhdəliyin icra müddəti xx xxxxx 2017-ci il tarixində bitmişdir və iddiaçı ilə bank arasında müddətin uzadılmasına dair hər hansı bir razılaşma olmadığı üçün həmin müddət dəyişməmişdir. Beləliklə də, cavabdeh tərəfindən iddia müddəti ötürülmüşdür. Beləliklə. iddiaçı hesab edir ki, iddia müddətinin keçməsi ilə əlaqədar Cavabdeh1 ASC ilə aralarında mövcud olmuş öhdəliklərə xitam verilməlidir. Göstərilənlərə əsasən prosessual müddətin ötürülməsinə görə xx xxxxx 2014-cü il tarixli 026/14-K №-li kredit müqaviləsinin və ona əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli, 001-04/16 №-li kredit müqaviləsi üzrə və xx xxxxx 2014-cü il tarixli 015/14-İM №-li ipoteka müqaviləsinin və ona əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli, 001- 25/16 №-li ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1, ünvanında yerləşən 115,8 m2 ümumi, 90,8 m2 yaşayış, 25,0 m2 yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 026/14-K nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 22% olmaqla 30600 (otuz min altı yüz) manat kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 001-04/16 №-li kredit müqaviləsinə əlavədən görünür ki, xx xxxxx 2014-cü il tarixli 026/14-K nömrəli kredit müqaviləsinə əsasən verilmiş 30600 (otuz min altı yüz) manat məbləğində kreditin qalıq 12015,50 (on iki min on beş manat, əlli qəpik) manatının ödəniş müddəti xx xxxxx 2014-cü il tarixli 026/14-K saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxx 2017-ci il tarixinədək uzadılmışdır. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 015/14-İM №-li ipoteka müqaviləsindən görünür ki, xx xxxxx 2014-cü il tarixli 026/14-K saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan qismində iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 115,8 m2 ümumi, 90,8 m2 yaşayış, 25,0 m2 yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 001-25/16 №-li ipoteka müqaviləsinə əlavədən görünür ki, xx xxxxx 2014-cü il tarixli 015/14-İM №-li ipoteka müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək ipoteka müqaviləsi xx xxxxx 2017ci il tarixinədək uzadılmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, SF-10787 nömrəli çıxarışdan görünür ki, xx xxxxx 2014-cü il tarixli 026/14-K nömrəli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 ASC-yə 5893,98 manat əsas borc, 2352 manat faiz borcu, cəmi 8245,98 manat kredit borcu qalmışdır. xx.xx.2016-xx.xx.2019-cu il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Fərmanın icrası ilə bağlı İddiaçı kredit öhdəliyindən 234,24 manat əsas borc silinmişdir. Həmçinin, işin materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx xxxxx 2014cü il tarixli 026/14-K nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC-yə 1300 manat məbləğində pul ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 026/14-K nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 22% olmaqla 30600 (otuz min altı yüz) manat kredit verilmiş, müqavilənin müddəti bitdiyi üçün xx xxxxx 2016-cı il tarixli, 001-04/16 №-li kredit müqaviləsinə əlavəyə əsasən kreditin qalıq 12015,50 (on iki min on beş manat, əlli qəpik) manatının ödəniş müddəti xx xxxxx 2014-cü il tarixli 026/14-K saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxx 2017-ci il tarixinədək uzadılmış, xx xxxxx 2014-cü il tarixli 015/14-İM №-li ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 115,8 m2 ümumi, 90,8 m2 yaşayış, 25,0 m2 yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, sonradan ipoteka müqaviləsinin müddəti xx xxxxx 2017-ci il tarixinədək uzadılmışdır. İddiaçı tərəfindən kredit borcu tam qaytarılmamış və onun bank qarşısında kredit və ipoteka müqavilələri üzrə icra edilməmiş öhdəlikləri qalmışdır. Hazırda iddiaçı tələbetmə müddəti keçdiyini əsas gətirərək kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsini və fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbi istisna edilir. Məhkəmə iddianın qanuni əsası kimi iddiaçının iddia müddətinin tətbiqinə istinadı ilə razılaşmasa da, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin məzmununu kreditorun xeyrinə borclunun müəyyən hərəkəti etmək və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsi, kreditorun isə həmin vəzifənin icrasını tələb etmək hüququ təşkil edir. Tələb etmə müddətinin keçməsinə görə müəyyən hərəkətlərin edilməsini və edilməməsini tələb etmək hüququna xitam verilə bilər. İddia müddətini isə tələb etmə müddəti ilə eyniləşdirmək olmaz. Belə ki, iddia müddəti hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddətdir. Tələb etmə müddəti isə öhdəlik üzrə hüququn qüvvədə olduğu müddətdir. Mülki qanunvericilikdə də öhdəliyin qüvvədə olması ilə bağlı 10 il müddət (adi müddət) nəzərdə tutulmuşdur. Eyni zamanda, müddətin axımının tələbin icra müddətinin çatması ilə başlandığını nəzərə alaraq, hazırkı kredit müqaviləsi üzrə müddətin axımı xx xxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinə istinad etməklə, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələb etmə müddəti keçdiyi üçün kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilməsini tələb etməsi əsassızdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı "öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı "öhdəliklərə xitam verilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5361/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5361/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver