Məhkəmə qərarları › İş №2(006)-5375/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5375/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5375/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 2.750 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman tank əleyhinə maneə olaraq hazırladıqları beton dirəyin qismən aşması nəticəsində sol körpücük sümüyü sınmışdır. O, ağrıların əzilmə səbəbindən olduğunu düşünərək həkimə müraciət etməmişdir. Lakin daha sonra sol çiyin nahiyəsində ciddi deformasiya olduğunu görüb hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və sol körpücük sümüyünün sındıqdan sonra düzgün olmayan formada bitişdiyi müəyyən olundu. Müalicə olunmaq üçün aidiyyəti üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və 19.01.2011-ci il tarixdə “sol körpücük sümüyü korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi” cərrahi əməliyyatı keçirmişdir. Həmin əməliyyatdan sonra sığorta ödənişinin verilməsi üçün Hərbi Hissə komandanlığına müraciət etsə də, müraciətindən yayınmaqla cavab verilmədi. Müddətli həqiqi hərbi xidməti bitirdikdən sonra da, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bir neçə dəfə aiddiyyəti üzrə müraciətlər etmiş, lakin həmin müraciətlərinə də cavab verilməmişdir. Növbəti dəfə 2021-ci il ərzində eyni məzmunda və müvafiq arayışlarla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. Həmin müraciətinə Dövlət Sığorta Kommersiya Şirkətinin 04.05.2021-ci il tarixli cavab məktubunda, ''Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə sığorta hadisəsi günündən 3 il keçənədək müəyyən olunmuş müddəti ötürdüyü üçün müraciətinə müsbət cavab verilməmişdir. Eyni məzmunda şikayət xarakterli müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankı 06.05.2021-ci il tarixli cavab məktubu ilə imtina cavabı bildirmişdir. Hərbi xidmət dövründə baş vermiş sığorta hadisəsinə görə qanunla müəyyən olunmuş sığorta ödənişini ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh orqanın və Milli Bankın müraciətlərinə verdiyi cavablar əsassızdır. Odur ki, müddətli həqiqi hərbi xidmət dövründə aldığı yuxarıda göstərilən hadisəyə görə cavabdeh orqan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 2.750 manat məbləğində sığorta ödənişi verilməlidir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və yekun məhkəmə aktının çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş etiraz ərizəsini müdafiə etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2.750 manat sığorta ödənişinin tutulması ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmirlər və hesab edirlər ki, əsassızdır və rədd edilməlidir. Belə ki, hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı 07.11.2010-cu il tarixində xəsarət almış, 01.07.2011-ci il tarixində müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Lakin iddiaçı sığorta ödənişinin verilməsi üçün “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş sənədi təqdim etməmişdir. Sözügedən maddəyə əsasən, sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında: xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbihəkim komissiyasının arayışı. İddiaçı tərəfindən şirkətlərinə təqdim olunan sənədlər təhlil olunarkən müəyyən olunmuşdur ki, şəxsin xəsarətinin dərəcəsi və bunu təsdiq edən hər hansı sənəd mövcud deyildir. Qeyd olunanlara əsasən, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1990cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 31.01.2011-ci il tarixli, 161 saylı arayışından görünür ki, İddiaçı “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. Həmin travma hərbi xidmət dövründə alınmışdır. Həmin arayışa əsasən, İddiaçı “neyrosirkulyator asteniya, kardial tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə” diaqnozu təyin edilmişdir. Həmin xəstəlik hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin 30.12.2020-ci il tarixli, 822 saylı arayışından görünür ki, İddiaçı 06.01.2010-cu il tarixdən 01.07.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə, 10.05.2014-cü il tarixdən 13.05.2017-ci il tarixədək Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində 2-ci Qarabağ Vətən müharibəsində hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 04.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 06.05.2021-ci il tarixli, 26-06079- 2021 saylı məktubundan görünür ki, İddiaçı sağlamlığına həqiqi hərbi xidmət dövründə alınmış xəstəlik nəticəsində yüngül və ya ağır xəsarət dəyməsi yaxud həmin səbəbdən barəsində əlillik dərəcəsinin təyin edilməsi öz təsdiqini tapmadığı üçün baş vermiş hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi sayılmadığından sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin aidiyyəti orqanlara ünvanladığı sorğularına cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyandan daxil olmuş 29.11.2021-ci il tarixli, 1904 saylı məktubundan görünür ki, İddiaçı barəsində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyanın arxiv bazasında heç bir məlumatın olmadığı bildirilmişdir, İddiaçı dair yalnız iş materiallarında mövcud olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 31.01.2011-ci il tarixli, 161 saylı arayışının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında: - xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı. Beləliklə iş materiallarından görünür ki, iddiaçı həqiqi hərbi xidmətdə olmuş, hərbi vəzifələrini icra edərkən xəsarət almış, ağrıları olmuş, daha sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 31.01.2011-ci il tarixli, 161 saylı arayışı ilə ona “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və həmin travmanın hərbi xidmət dövründə alındığı qeyd edilsə də, sözügedən arayışda İddiaçı aldığı xəsarətin dərəcəsi təyin edilməmişdir (Qanuna əsasən yüngül və yaxud ağır dərəcəli xəsarət). Məhkəmə tərəfindən iddiaçının aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqanlara müraciət edilsə də, qənaətbəxş cavab əldə etmk mümkün olmamış, yalnız iş materiallarında mövcud olan arayış məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Qanunvericiliyin məzmunundan göründüyü kimi, sığorta hadisəsinə hərbi qulluqçuların xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması aiddir. Qeyd edilən sığorta hadisəsi baş verdikdə, sığorta olunana sığorta məbləği (ödənişi) ödənilir. Lakin hazırda iddiaçı tərəfindən aldığı xəsarət ilə əlaqədar sığorta ödənişinin ödənilməsi tələb edilsə də, iş materiallarından göründüyü kimi, İddiaçı hansı dərəcədə xəsarət alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki Prosessual Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, həqiqi hərbi xidmət dövründə aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçıya aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən «sığorta ödənişinin verilməsi» tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar