Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-541/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16.02.2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov Ticarət Mərkəzinin qarşısında yerləşən Cavabdeh ASC-nin bankomatından 2020-ci ilin yanvar ayının 1.100 manat əmək haqqını çıxartmaq istəyəndə bankomatın ekranında balansının 1.170 manat olduğunu göstərmişdir. İddiaçı 1.100 manat yazaraq pul çıxarmaq istədikdə ekrana istədiyi məbləğ mövcud deyil yazılmışdır. Bankomatın ekranında istədiyi məbləğ mövcud deyil yazıldığı üçün iddiaçı hesab etmişdir ki, bankomatda pul vəsaiti olmadığı üçün elə yazılmışdır. Ona görə də kartını çıxarıb oradan getmişdir. Bir-iki gün sonra Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsinə yaxın «Xəzər» marketin qarşısında quraşdırılan və Cavabdeha məxsus bankomatdan əmək haqqını çıxartmaq istəmişdir. İddiaçı şifrəni yazmış və monitorda 70 manat qalıq pulunun qaldığını göstərmişdir. İddiaçı həmin gün «Kapital Bankı»ın 196 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermiş və oradan bildirilmişlər ki, 4 gün ərzində onun balansına həmin 1.100 manat əmək haqqı bərpa ediləcəkdir. İddiaçı 4 gün gözləyib yenidən kartının balansını yoxlamışdır. 1.100 manat pulun balansa oturmadığı görüb qaynar xətti yığıb vəziyyətlə bağlı məlumat vermişdir. İddiaçıya bildirilmişdir ki, 1.100 manat vəsait Bakıxanov Ticarət Mərkəzinin qarşısındakı bankomatdan çıxarılıbdır. İddiaçı həmin pulun çıxarılmasının əks etdirən videogürüntünü istəmişdir. Ona bildirilmişdir ki, bu barədə polisə məlumat verməlidir. İddiaçı Sabunçu RPŞ-nin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Ərizəni qəbul etməmişlər, demişlər ki, bu mülki xarakterli işdir. İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək vəziyyəti izah etmişdir. Ona bildirilmişlər ki, polis bölməsindən onunla əlaqə saxlanılacaqdır. Sabuncu RPŞ-nin 13-cü Polis Bölməsindən zəng gələn kimi iddiaçı gedib hadisə barədə izahat yazıb vermişdir. Lakin şikayəti Sabunçu RPŞ-nin təhqiqatçısı polis kapitanı Azər Əhmədov HK-1/366 saylı materialı nəzərdən keçirdərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.04.2020-ci il tarixli qərar ilə rədd edilmişdir. Həmin əmək haqqı Cavabdeh ASC-yə məxsus və onun adına olan **********961511 nömrəli plastik kartına yüklənirdi. İddiaçının təqsiri üzündən olmadan 1.100 manat məbləğində əmək haqqını bu günə kimi ala bilməmişdir. 6 aydın iddiaçı pozulmuş hüququnu bərpa edə bilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh ASC hüquqlarını kobudcasına pozmada davam edir. 1.100 manat əmək haqqını əmək haqqı kartına bərpa etməmişdir. Halbuki, bu cavabdehin bilavasitə öz üzərinə götürdüyü öhdəliyidir. Onun əmək haqqını ona geri ödəyib, sonra da həmin pulu kimin tərəfindən çıxarılmasını həmin bankomatın və yaxınlıqda yerləşən digər kameralar vasitəsi ilə müəyyən edərək məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə müraciət etməli idi. Cavabdeh ASC-nin heç bir sübutu olmadığı halda bu günə kimi iddiaçının əmək haqqını onun adına olan **********961511nömrəli plastik kartına yükləməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ASC-dən 2020-ci ilin yanvar ayı üçün iddiaçıya hesablanmış və ala bilmədiyi 1.100 manat əmək haqqının, iddiaçıya vurduğu zərərə görə Cavabdeh ASC-dən 2000 manat maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, məsələ ilə bağlı bank tərəfindən araşdırılma aparılmış, bankomatdan nağdlaşdırmaya dair görüntülərə baxış keçirilmiş və məlum olmuşdur ki, 16.02.2020-ci il tarixdə iddiaçıya məxsus plastik kart saat 17:37:15-də Bakıxanov Ticarət Mərkəzinin qarşısında yerləşən Cavabdeh ASC-yə məxsus bankomata daxil edilməklə əməliyyat başlanılmış və aşağıdakı ardıcıllıqla əməliyyat aparılmışdır: - saat 17:37:25-də PİN daxil edilmiş; - saat 17:37:41-də kart məxaric olunmuş; - saat 17:37:55-də pul bankomatdan təqdim olunmuş; - saat 17:37:57-də vəsait götürülmüşdür. Göründüyü kimi, iddiaçıya məxsus plastik kartdan məxaric olunmuş vəsait bank tərəfindən mənimsənilməmiş, bankomata daxil olmuş əmrlər ardıcıllıqla icra edilmiş və vəsait məxaric olunmuşdur. Vəsait kənar şəxs tərəfindən məxaric olunduğu halda şəxsin kimliyinin müəyyənləşdirilməsi və barəsində müvafiq tədbirlər görülməsi üçün iddiaçı tərəfindən polis orqanına müraciət olunmalıdır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sabunçu RPİ-nin 13-cü polis bölməsinin təhqiqatçısı Azər Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.04.2020-ci il tarixli qərarın surətindən görünür ki, 16.02.2020-ci il tarixdə İddiaçı adına olan Cavabdeh bankomat maaş kartı üzərində və istifadəsində olduğu halda Sabunçu rayonu ticarət mərkəzinin yaxınlığında yerləşən Cavabdehın bankomat aparatından istifadə etdiyi zaman maaş kartında 1100 manat pulun olmamasını aşkar etməsini və şikayətinin Cavabdeha qarşı olması müəyyən edildiyindən və toplanmış materialda cinayət hadisəsi olmadığından AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı iddiası mülki olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh ASC-nin Bakıxanov filialı ATM-dən 16.02.2020-ci il tarixdə saat 17:38:06-da 1100 manat kart hesabından məxaric edilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 16.02.2020-ci il tarixdə İddiaçı özünə məxsus kartla əməliyyat apardığı (Bakıxanov Ticarət Mərkəzinin qarşısında yerləşən) bankomatın daxili yaddaşının təsdiq edilmiş surətindən görünür ki, 16.02.2020-ci il tarixdə saat 17:38:07-də 1110 manat kart hesabından məxaric edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4999 saylı, 13 aprel 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı kart hesabından fevral ayından ümumilikdə 1163,2 (1100 manat nağd məxaric + 63,2 manat silinmə) manat istifadə edilmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı məxsus kartla əməliyyat apardığı Bakıxanov Ticarət Mərkəzinin qarşısında yerləşən bankomatdan 16.02.2020-ci il tarixdə saat 17:38:07-də 1110 manat kart hesabından məxaric edilmişdir.İş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçının kart hesabından 16.02.2020-ci il tarixdə 1100 manat kart hesabından məxaric edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan bankomat ilə gün ərzində iddiaçıdan başqa müxtəlif vaxtlarda, həm əvvəl, həm sonra çoxsaylı əməliyyatlar aparılmış və heç bir əməliyyat zamanı isə bankomatda texniki problem aşkar edilməmişdir. (iş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi çıxarışlara əsasən) Göründüyü kimi bank tərəfindən iddiaçının hesabındakı vəsait mənimsənilməmiş və iddiaçıya ziyan vurulmamış, iddia olunan maddi bağlı hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə vurulmuş maddi ziyan görə 2000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə ki, maddi ziyanın nədən ibarət olması, olduğu təqdirdə isə səbəbli əlaqəni və bunu təsdiq edən müvafiq qəbzləri, ödənişləri və s sənədləri təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-541/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-541/2021
18.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver