Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-542/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Khalilovi Samadin, cavabdeh "X3" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə İddiaçı ilə mülki iş üzrə cavabdeh "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olmaması və birtərəfli şərtlərlə yalnız cavabdehin mənafeyini ifadə etməsi səbəblərindən bu müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ildə Unibank ASC-nin məhsulu olan Albalı kart vasitəsilə kredit götürmüş və ilk kredit məbləği 500 manat ayrılmışdır. Zaman ərzində zamanında ödədiyi üçün onun kredit limiti artırılıb. Belə ki, zamanında ödənişlərinə görə hissə-hissə onun kredit limitinin məbləği artırılırdı. Bir müddət sonra borcu 1000 manat civarında oldu. Daha sonra 2022-ci ildə bir müddət kreditini ödəyə bilmədi və bank tərəfindən faizlər hesablandı. Bank deyib ki, aylıq ödənişə bölərək az-az ödənilsin. Fikir verməyiblər. Elə biliblər ki, 24 ay olub. Amma hər ay 50 manat olmaqla 60 ay ediblər. Yəni 3000 manat. 25 ay ödəyiblər, amma indi ödəyə bilmirlər. İndiyə kimi ödənən çeklərdə 2700 manatdan çox pul ödənilməsi əksini tapıb. Çeki olmayan ödənişlər də var. Bundan sonra da 35 ay ödəsələr, 4300 manat pul edir. 2022-ci ilə qədər olan çeklərdə 1735 manat , 2022-ci ildən sonra hər ay ödəniş olub.. Yəni 1750 manat ödəniş olub. 3485 manat ödəniş olub. Bundan sonra 25 ay ərzində 1250 manat pul ödəyib. Bu da cəmi 4735 manat edir və onun banka hələ də uydurulmuş borcu bitmir. Hesab edir ki, cavabdeh bank tərəfindən onun aldadılmağı nəticəsində yüksək məbləğli və əsas borcun 2-3 misli qədər pul hesablamaqla onu aldadaraq həmin müqaviləyə imza atıb. Bu onun hüquqlarının pozulmasıdır. Ehtiyacı olmasından yararlanıb əsas məbləğ bu qədər "şişirdilməməli“ və utopik həddə qaldırılmamalıdır. Krediti ödəyə bilməməyinin səbəbi maddi durumla bağlıdır və həmin pulun “restrukturazasiya" adı altında və müştərinin bilmədiyi terminlərdən istifadə edilərək artırılması və guya kömək etdilər yalanı ilə müddətin artırılması tamamilə əsassızdır və uydurmadır. Belə etməklə əslində imkanı olmayan kredit götürənin aylıq öz dedikləri kimi “az-az” almaqla əslində onun son ödəniş zamanı bütov halda məhv edilməsidir! Yuxarıda qeyd olunanlardan görünür ki. o bank tərəfindən aldadılmaqla kredit müqaviləsini imza etdirilib və müqavilə bu şərtlərlə tamamilə və yalnız bankın mənənafeyini ifadə edir və birtərəflidir. Birtərəfli müqavilə isə Mülki qanunvericiliyə ziddir. Daha sonra cavabdeh "X3" ASC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlilləri ondan ibarətdir ki, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faizlər bank tərəfindən düzgün hesablanmamışdır. Müqavilə üzrə borc məbləğindən yuxarı həddə ödənişlər etsə də, hələ də kredit borcu bitməmişdir. Kredit müqaviləsi restrukturizasiya edilən zaman müqavilə müddətində aldadılmışdır. Hesab edirlər ki, iddia tələbi aşağıdakı səbəblərə görə baxılmamış saxlanılmalıdır. Mülki qanunvercilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin dəqiq prosedur qaydası müəyyən edilib və mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə o, vaxt yol verilir ki, iddiaçı müqavilənin ləğvi barədə ilk öncə banka müraciət etsin və imtina cavabı alsın. Başqa sözlə desək, iddiaçı hazırki halda iddia tələbi ilə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə də riayət etməmiş və cavabdehə müqavilənin ləğv edilməsinə dair təklif verməmişdir. Bundan başqa işin faktiki halları ondan ibarətdir ki, kreditor Unibank KB ASC ilə borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə, 100 AZN məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququndan istifadə edərək, xx.xx.2020-ci ildə ayrılmış kredit limiti artırılaraq 1900 AZN edilmişdir. Bundan sonra borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2022-ci ildə borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 1955 AZN məbləğində 1140nkNFT/22 saylı kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndində də kreditin məqsədli təyinatının xx.xx.2018-ci il tarixli 10407sNFT/18 nömrəli müqavilənin bağlanılması olduğu qeyd edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndində borcalan və ya onu xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanm), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsi qeyd edilmişdir. Qeyd edilənlərdən əlavə müqavilənin restrukturizasiya edilməsi zamanı iddiaçının aldadılması ilə bağlı iddia ərizəsində qeyd edilən arqumentə münasibətdə bildirək ki, "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2018ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsi mövcud olmuşdur. Müştərinin xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməsində maddi çətinliyi yaranmış, bununla da Bankla müştəri arasında olan razılaşmadan sonra həmin kredit yeni öhdəliyin - xx.xx.2022-ci il tarixli, 1140nkNFT/22 saylı kredit müqaviləsinin hesabına bağlanmışdır. Eyni zamanda, hesabdan çıxarışdan da həmin kreditin verilmə təyinatı aşkar görünür. Yəni, iddiaçının həmin vaxta bank qarşısında borcu aşkar görünür və həmin yeni kredit qalıq kreditlərin bağlanmasına yönəldilmişdir. Əlavə olaraq onu da bildirək ki, yuxarıda qeyd edilən prosedur yəni, əvvəlki kreditlərin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarına əsasən borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc məbləğləri restrukturizasiya olunmaqla borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə, şərtləri dəyişdirilir və ya yeni öhdəlik kimi borc öhdəliyi rəsmiləşdirilir. Hazırki halda da Bankla müştəri arasında xx.xx.2022-ci il tarixli, 1140nkNFT/22 saylı yeni kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalanla bağlanılmış müqavilə şərtləri Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli qərarına uyğun olaraq bağlanmışdır. İddia ərizəsinin digər dəlili olan müqavilənin ödəniş qrafiki müddətinin ona 24 ay deyilməsinə baxmayaq, 60 aylıq olması ilə bağlı qeyd edək ki, iddiaçı xx.xx.2024 tarixində (iddia ərizəsinin verilməsindən öncə) borcunun silinməsi üçün kömək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına etdiyi müraciətində 60 ay müddətinə aylıq 50 AZN ödəmək üçün müqavilə imzaladığını bildirmişdir. Göründüyü kimi, iddia ərizəsində müqavilə şərtlərinin bank tərəfindən tək tərəfli və məlumatı olmadan dəyişdirilməsini qeyd etməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli müraciət ərizəsində müqavilə şərtlərindən, ödəniş qrafikindən və ödəmə müddətindən məlumatlı olduğunu etiraf etmişdir. Yuxarıda qeyd etdiyimiz bütün bu əsasları, işin faktik və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” dair iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, 1750 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Khalilovi Samad iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "X3" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçının kredit müqaviləsinin 60 ay müddətinə bağlandığından xəbəri olub, hətta o vitse prezidentə də məktub ünvanlamışdır. Həmin məktubda iddiaçı qeyd edir ki, 60 ay müddətinə kredit götürmüş, ilk əvvəllər krediti ödəyə bilirdi, lakin daha sonra ailə həyatı qurduğu və bir övladı dünyaya gəldiyi üçün krediti ödəməkdə çətinlik çəkir və xahiş edir ki ona köməklik göstərilsin. İddiaçı məhkəməyə müraciət edərkən, qəbzləri skan edib məhkəməyə təqdim etmiş, ordan da görünür ki, başqa kredit müqavilələrinə aid ödənişləri də skan edib iş materiallarına əlavə etmişdir. İlk öncə başqa izahat vermiş, daha sonra başqa izahat vermişdir. İddiaçının nümayəndəsinin bir izahatı ilə digər izahatı üst-üstə düşmür. Onlar cavabdeh tərəf olaraq, bütün sübutları məhkəməyə təqdim etmişlər və iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. a) Mülki işin materialları: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC cavabdehə 84 ay müddətinə 10000 AZN-dək məbləğdə kredit limiti ayrılır, ona bank hesabın açır və ödəniş təqdim edir. Həmin müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. - İddiaçı “bank hesablarının açılması və kredit sifarişi üçün” ərizəsindən görünür ki, o, Bankdan xx.xx.2027-ci tarixədək 1955 AZN məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməklərini xahiş etmişdir. - "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1140nkNFT/22 saylı kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 1955 manat məbləğində kredit xətti açmağı, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində də kreditin məqsədli təyinatının xx.xx.2018-ci il tarixli 10407sNFT/18 nömrəli müqavilənin bağlanılması olduğu qeyd edilmişdir. - İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına etdiyi müraciətindən görünür ki, o, 60 ay müddətinə aylıq 50 AZN ödəmək üçün müqavilə bağladığını, lakin indi 1 körpə övladı olduğu və yoldaşı az maaş aldığı üçün borcun silinməsində ona köməklik göstərilməsini xahiş etmişdir. - Mərkəzi Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müştəriyə "X3" ASC-də xx.xx.2018-ci il tarixdə 10407Snft/18 saylı kredit müqaviləsi üzrə 84 ay müddətinə 1900manat limitli kredit kartı rəsmiləşdirilmişdir. Müştəri kredit tarixçəsində gecikmələr etdiyindən qeyd edilən kredit müqaviləsi üzrə 1955 manat qalıq borc xx.xx.2022-ci il tarixində 1140nkNFT/22 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə restrukturizasiya olunmuşdur. Rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq müştərinin imzası ilə təsdiqlənmişdir. - "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, müştəri İddiaçı ilə xx.xx.2018-ci il tarixdə 10407sNFT/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. 10407sNFT/18 nömrəli kredit müqaviləsi üzrə müştəri 6165.21 AZN əsas məbləğ, 1216.35 AZN faiz məbləği, 001 AZN cərimə məbləği və 73.32 komissiya məbləği olmaqla ümumilikdı 7454.89 AZN ödəniş etmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı xx.xx.2018-ci il tarixli 10407Snft/18 saylı yeni kredit müqaviləsi restrukturizasiya olunmuş, 1140nkNFT/22 saylı yeni kredit müqaviləsi resmiləşdirilmiş və 10407Snft/18 saylı müqavilə öhdəliklər tam bağlanmışdır. Mülki iş materiallarına hesabdan çıxarışlar və qəbzlər əlavə edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. -ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək yalnız borcun silinməsini tələb etsə də, məhkəmə iclasında cavabdeh ilə bağladığı müqavilələrin etibarlılığını mübahisələndirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk olaraq tərəflər arasında bağlanmış kredit müqavilələrinin etibarlı olub-olmaması ilə başlanılmalıdır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə, 100 AZN məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququndan istifadə edərək, xx.xx.2020-ci ildə ayrılmış kredit limiti artırılaraq 1900 AZN edilmişdir. Bundan sonra borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2022-ci ildə borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 1955 AZN məbləğində 1140nkNFT/22 saylı kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndində də kreditin məqsədli təyinatının xx.xx.2018-ci il tarixli 10407sNFT/18 nömrəli müqavilənin bağlanılması olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı restrukturizasiya edilməsi zamanı aldadılmasını qeyd etsə də, "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsi mövcud olmuşdur. Müştərinin xx.xx.2018-ci il tarixli, 10407sNFT/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməsində maddi çətinliyi yaranmış, bununla da Bankla müştəri arasında olan razılaşmadan sonra həmin kredit yeni öhdəliyin - xx.xx.2022-ci il tarixli, 1140nkNFT/22 saylı kredit müqaviləsinin hesabına bağlanmışdır. Eyni zamanda, hesabdan çıxarışdan da həmin kreditin verilmə təyinatı aşkar görünür, yəni, iddiaçının həmin vaxta bank qarşısında borcu aşkar görünür və həmin yeni kredit qalıq kreditlərin bağlanmasına yönəldilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əvvəlki kreditlərin yeni öhdəlik hesabına bağlanması Azərbaycan Respublikasının Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarına əsasən həyata keçirilmişdir. Hazırki halda da Bankla müştəri arasında xx.xx.2022-ci il tarixli, 1140nkNFT/22 saylı yeni kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalanla bağlanılmış müqavilə şərtləri Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli qərarına uyğun olaraq bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı müqavilənin ödəniş qrafiki müddətinin ona 24 ay deyilməsinə baxmayaq, 60 aylıq olmasını qeyd etsə də, xx.xx.2024 tarixində borcunun silinməsi üçün kömək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına etdiyi müraciətində 60 ay müddətinə aylıq 50 AZN ödəmək üçün müqavilə imzalandığını etiraf etmişdir. Göründüyü kimi, iddia ərizəsində müqavilə şərtlərinin bank tərəfindən tək tərəfli və məlumatı olmadan dəyişdirilməsini qeyd etməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli müraciət ərizəsində müqavilə şərtlərindən, ödəniş qrafikindən və ödəmə müddətindən məlumatlı olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi kredit müqavilələrinin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı Xəliloba Aysel Temur qızı kredit üzrə olan 1750 manat borcunun silinməsini xahiş etsə də, həmin borcu ödənişinin mövcudluğunu və ya həmin borcun qanunsuz olaraq ona yazılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin cavabdehin iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl pretenziya qaydasına əməl olunmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Mərkəzi Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu və "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı tərəfindən bu qaydaya əməl olunmuşdur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X3" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-542/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-542/2025
16.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver