Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5438/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 manat sığorta ödənişinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirak edən zaman travma almışdır. Bu səbəbdən ona, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİİ qrup əlillik dərəcəsi verilmişdir. Hərbi qulluqçu kimi İİİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta Şirkəti tərəfindən sığorta pulu ödənilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin 2 aydan artıq müddətdir ki, cavabdeh ona rəsmi olaraq cavab verməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, səhhəti və maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilmədiyini göstərmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hərbi qulluqçuların icbari sığorta qaydaları «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və həmin maddənin «ç» bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Sənədlər təhlil edilərkən müəyyən olunmuşdur ki, İddiaçı 1998-ci ildə tərxis edilmiş, əlillik dərəcəsi isə ona 09.08.2018-ci il tarixdə təyin edilmişdir. Yəni, adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra qanunda nəzərdə tutulan müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər toplunsundan görünür ki, İddiaçı xx.xx.1975ci il tarixdə Ağdaş rayonu Hüşün kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, Ağdaş rayonu Hüşün kəndində qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi – AZE seriyalı, 0******* saylı, 24.07.2012-ci il tarixdə Ağdaş RPŞ tərəfindən verilmişdir). İddiaçı Ağdaş RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, 12.05.1997-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanmışdır (mina partlayışı travması, sol göz qapağının, ətrafların, döş və qarın divarının, boşluğa keçməyən çoxsaylı qəlpə yaraları), (daha sonra: sol yuxarı göz qapağının çapıq deformasiyası nəticəsində hissəvi laqoftalmı, buynuz qişasının posttravmatik makulovari bulanması). Hərbi travma olmaqla, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İddiaçı 1998-ci ildə həqiqi hərbi xidmətdən tərxis edilmiş, İİİ qrup əlillik dərəcəsi ona 09.08.2018-ci il tarixdə təyin edilmişdir. İddiaçı İİİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə bu günədək cavab verməmişdir. İddiaçı hazırkı mülki işə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta ödənişi verilməməsinin qanunsuz olduğunu iddia etmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün tətbiq edilməli olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, İddiaçı əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir və iddiaçı, qanunun tələbinə görə, sığorta məbləğini almaq hüququna malik deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının hüquqları və qanunun tələbləri pozulmamışdır. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməli və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5438/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5438/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver