Məhkəmə qərarları › İş №2(006)-5446/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5446/2020

18.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5446/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdeh Heydər Əliyev adına X9 nümayəndələri X7 və (eyni zamanda vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdeh Heydər Əliyev adına X6rşı "xx.xx.2020-ci il tarixli 41/K saylı əmrin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və mənəvı̇ zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Heydər Əliyev adına X6rşı "xx.xx.2020-ci il tarixli 41/K saylı əmrin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və mənəvı̇ zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü il tarixində Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura pilləsini qırmızı diplomla başa vurduqdan sonra həmin ilin sentyabr ayının 1-də X10 ibtidai sinif müəlliməsi olaraq işə başlamışdır. Təbii ki, işə başlamamışdan əvvəl üç mərhələli imtahandan keçmiş və imtahan nəticələri kompleksin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Müəlliməlik karyerasının ölkənin ən yaxşı məktəbində, sonradan Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq X9 məktəbində başlaması və bunun gətirdiyi məsuliyyəti hər zaman dərk etmiş, ixtisasından və pedoqoji fəaliyyətindən irəli gələn bilik, bacarıq və təcrübələrinin artması üçün daim müasir təhsil sistemlərini öyrənməyə çalışmışdır. İddiaçı 2003-cü ildən bu günə kimi fasiləsiz olaraq həmin kompleksin məktəbində çalışmış və bu 17 illik iş təcrübəsində kompleksin rəhbərlikləri tərəfindən ona qarşı heç bir irad, işində məsuliyyətsizlik, əmək funksiyalarında əksiklik, bilik və bacarıqlarında çatışmamazlıq kimi hallar barəsində etirazlar olmamışdır. Lakin iddiaçı 2017-ci ildən kompleksin tərkibində olan məktəbin rəhbərliyi dəyişdikdən sonra bəzi vəzifəli şəxslərin qeyri-peşəkar və qeyri-etik davranışları, eyni zamanda subordinasiya qaydalarına əməl etməmələri nəticəsində müəllimlik qürurunun əzilməsi, illər boyu əldə etmiş olduğu bilik və təcrübəsinin xor görülməsi kimi hallarla rastlaşmışdır. Hətta bu kimi hallarla 2017-ci ilə kimi, yəni uzun müddət işləmiş bir çox müəllim və müəllimə heyyəti qarşılaşmışdır. İddiaçı ibtidai sinif müəlliməsi olaraq fəaliyyətə başladığı dövrdən bu günə kimi ixtisas və pedoqoji biliklərinin artırılması üçün müxtəlif konfranslarda, təlimlərdə, seminarlarda iştirak etmiş və son beş il ərzində iştirak etmiş olduğu bu kimi tədbirlərin siyahısı belədir: 16-xx xxxxxx 2015-ci il tarixində ADA Universiteti tərəfindən təşkil olunmuş “Təhsildə 4“K” bacarıqları: səriştəyə əsaslanan XXİ əsr təhsili və müəllimin peşəkar inkişafı” mövzusunda təşkil olunmuş təlim kursunda uğurla iştirak etmişdir; xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Yeni təhsil proqramı (kurikulumu) üzrə təlim”ində iştirak etmiş və təlimi müvəffəqiyyətlə bitirdiyinə dair sertifikat almışdır; xx.xx.2017-ci il tarixində “X3” tərəfindən təşkil olunmuş beynəlxalq təlimdə müvəffəqiyyətlə iştirak etmişdir; 16-xx.xx.2017-ci il tarixində X11 İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş “Emosiyalar və təhsil” mövzusunda həyata keçirilən seminarda şıirak etmişdir; xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi «Yeni təhsil proqramı (KURİKULUM) əsasında qiymətləndirmə vasitələrinin işlənilməsi və onların meyarı üzrə yoxlanılmasına dair hazırlıq kursu”nda iştirak etmiş və xx.xx.2021-ci il tarixinə kimi qüvvədə olan sertifikatla mükafatlandırılmışdır; xx.xx.2018-ci il tarixində “X8 of CİS” ilə Heydər Əliyev adına X9 təşkil etmiş olduğu “X19 Forumu” nda iştirak etmişdir; xx xxx 2019-cu il tarixində TAİM (Təhsildə Araşdırma və İnkişaf Mərkəzi) tərəfindən təşkil olunmuş “X1 sinifdə tətbiqi” təlimini uğurla başa vurmuş və sertifikat almışdır; xx.xx.2019-cu il tarixində “X16”nin akademik kadrolarının iştirakı ilə həyata keçirilən və “OMP” tərəfindən Bakı şəhərində təşkil olunmuş “1. X4 Bilimsel Konferansı”nda iştirak etmişdir; xx.xx.2020-ci il tarixində “Erasmus+” təşkilatı tərəfindən təşkil olunmuş "Bahtiyar Vahapzade ve X22 Köprüsü” lahiyəsinin işçi qrupunda iştirak etmişdir. Sözügedən lahiyədə şagirdləri ilə birlikdə bir il fəaliyyət göstərmişlər və bunun nəticəsində keyfiyyət etiketi ilə mükafatlandırılmışlar. Heydər Əliyev adına X10 işlədiyi dövrdə kompleksin məktəbinin ibtidai sinifləri üçün kitablarının hazırlanmasında iştirak etmişdir. Belə ki, 2007-ci ildə İİİ sinif və İV sinif şagirdləri üçün Azərbaycan dili dərsliyinin və iş dəftəri kitablarının yazılmasında iştirak etmişdir; 2018-2019-cu tədris ilində 9-cu sinfin on beş şagirdindən on üç nəfəri Azərbaycan dili və ədəbiyyatı fənnindən yüksək qiymətlər almışdılar. Müəlliməlik peşəsini və şagirdlərini sevdiyi üçün onlara təmənnasız həftədə əlavə iki saat dərslər keçmişdir; 2019-2020-ci il tərdris ilində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təyin olunan Respublika Fənn Olimpiadalarında məktəbin təmsil olunması və şagirdlərin yüksək nailiyyətlər əldə edə bilməsi üçün beş şagirdə təmənnasız həftədə iki dəfə bir saat olmaqla əlavə məşğələlər keçmişdir. Fənn Olimpiyadasında şagirdlərdən Rəsulzadə Rəna, Allahverdiyeva Nigar, Mirzəli Nigar, Allahverdiyeva Günay, İsmayılzadə Selcan iştirak etmişdilər. Rəsulzadə Rəna olimpiyadanın İİİ mərhələsində iştirak etmiş, digər şagirdlər isə İİ mərhələyə qədər irəliləyə bilmişdilər. Bu qədər nailiyyət əldə etmiş və uzun müddət həmin məktəbdə fasiləsiz fəaliyyət göstərmiş, eyni zamanda fəaliyyəti dövründə dərs keçmiş olduğu şagirdlərin valideynlərdən və ya məktəb kollektivindən haqqında şikayətlər olmamış, məktəb rəhbərliyi tərəfindən irad tutulmamışdır. Lakin bu gün məktəbin icraçı direktorunun müavini vəzifəsində çalışan Anar Məmmədov tərəfindən peşə fəaliyyətini həyata keçirərkən təzyiqlərə, subordinasiya qaydalarının pozulması nəticəsində şagirdlər yanında haqsız iradlara məruz qalmışdır. Həmin şəxsin müəllimlik etikasına yaraşmayan davranışları nəticəsində də mənəvi iztirab keçirmiş, streslə qarşılaşmışdır. Məktəbin icraçı direktorunun müavini Anar Məmmədov dəfələrlə iddiaçının dərslərində dinləyici kimi iştirak etmiş və bu vaxt dərsin gedişatını və sükunətini kobud şəkildə pozmuş, şagirdlərin diqqətinin dərsə cəlb olunmasına mane olmuşdur. Dərs davam edə-edə ona gələn mobil telefon zənglərinə cavab vermiş, onunla məsləhətləşmək istəyən müəllim və ya texniki şöbə işçilərini sinif otağına dəvət edərək onlarla söhbətlər aparmış, dərsin pozulması üçün səbəblər yaratmağa çalışmışdır. Müəllimə olaraq dərsi saxlaya biləcəyi halda subordinasiya qaydalarının pozulmaması, ən əsası da şagirdlərin gözündə məktəbin rəhbərliyini əksiltməmək üçün dərsə var gücü ilə davam etmişdir. Bu cür şərtlər halında dərsə davam etmək, şagirdlərin diqqətini dərsə cəlb etdirmək üçün həm güclü əsəb, həm də həyəcan keçirmişdir. Bu cür hərəkətləri edən şəxs dərs bitdikdən sonra şagirdlərə dərsin məqsədi barəsində suallar vermiş və şagirdlərin anladıqları və ya natamam ifadə edə bildikləri cavablara görə dərsin müəlliməsi olaraq iddiaçıya şagirdlərin yanında gərəksiz iradlar bildirmişdir. Təbii ki, iddiaçı təhsil sisteminə uyğun olaraq dərsə başlamazdan əvvəl dərsin məqsədini ətraflı şəkildə qeyd və izah etmişdir. X21 subordinasiya qaydalarına əməl etməyərək, müəllimlik etikasını gözləməyərək dərsin müəlliməsini şagirdlərin gözündə alçatmaq məqsədi ilə onların yanında iddiaçıya lüzumsuz və əsassız iradlar bildirmişdir. 2017-ci ildə məktəbin rəhbərliyi dəyişdiyi zaman yeni təyin olunmuş rəhbərlik və onun müavinləri bütün müəllim heyətini imtahan ediləcəyini bildirdilər. İmtahanlar iyul ayında keçirildi və suallar psixologiya, məntiq, ixtisas fənni, pedaqogika ilə bağlı oldu. İddiaçının imtahanı yüksək şəkildə yazmağına baxmayaraq, nəticələr müəllim heyəti ilə bölüşdürülməmişdir. Bundan əlavə, uzun illərdir, 2015-ci ildən bu günə kimi əmək haqqında heç bir dəyişiklik olmamışdır. Bunun səbəbini məktəbin rəhbərliyindən dəfələrcə soruşmağa çalışmışdır. Lakin dolğun və əsaslı cavab ala bilməmişdir. 2017-ci ildən sonra məktəbdə çalışmağa başlayan müəllim heyətinin bir çoxunun (əsasən də yeni rəhbərlik tərəfindən işə götürülmüş müəllimələrin) əmək haqları ölkədə baş verən artım əsasında müəllimlərin əmək haqlarının qaldırılması nisbətində və ya ona yaxın miqdarda hər il artırılır. Bu mövzuda iddiaçı şikayətini məktəb rəhbərliyinə və ya icraçı direktorunun müavininə bildirdikdə isə cavab olub ki, yeni müəllimlərin dərs yükləri çoxdur. Uzun illər işləyən müəllimənin dərs saatları yeni rəhbərlik tərəfindən azaldılmış, yeni gələn müəllimlərin dərs saatları isə artırılmışdır. 2019-2020-ci tədris ilində iddiaçının həftəlik dərs saatı ümumilikdə 5 saata salınmışdır. Dəfələrlə rəhbərliyə şikayətlərini bildirdikdən sonra dərs saatı 11 saata qaldırılmışdır. Lakin yeni rəhbərliyin işə götürmüş olduqları yeni müəllimlərin dərs saatları 20-25 saata yaxındır. Bu da məktəbdə dərs bölgülərinin ədalətli və düzgün aparılmadığını ortaya qoyan, köhnə kollektivin sıxışdırılması, yad münasibət bəslənilməsini ortaya qoyan bir faktdır. Məktəbin icraçı direktorunun müavini Anar Məmmədovdan bunun səbəbini soruşduqda isə bildirilmişdir ki, o müəllimlərin bilik və bacarıqları yüksək səviyyədədir. Onun sözlərindən belə çıxır ki, iddiaçının ixtisas və pedoqoji bilik və bacarıqları aşağı səviyyədədir. Bütün bunlardan əlavə, iddiaçı 2003-cü ilin sentyabr ayının 1-dən bu günə kimi Ümummilli Lider Heydər Əliyev adına X10 müəllimə kimi işləmişdir. 2011-ci il tarixinə kimi hər il onunla müddətli əmək müqaviləsi bağlanmış və bu müqavilənin müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam verilmiş və yenidən əmək müqaviləsi bağlanaraq müəllimə olaraq işə götürülmüşdür. xx.xx.2011-ci ildə bağlanmış əmək müqaviləsi ilə Ümummilli Lider Heydər Əliyev adına X10 “Azərbaycan dili və ədəbiyyatı” kafedrasına müəllimə kimi təyin olunmuş və əmək müqaviləsi hər il artırıldığından əmək qanunvericiliyinə uyğun olaraq müddətsiz əmək müqaviləsi halını almışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi 2017-ci il tarixində kompleksin məktəbində rəhbərlik dəyişdiyi üçün iddiaçının müddətsiz əmək müqaviləsinə “öz ərizəsi ilə” Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmiş və həmin gün eyni müəssisə ilə müddətli əmək müqaviləsi bağlayaraq eyni vəzifəyə, Azərbaycan dili və ədəbiyyatı müəlliməliyinə təyin olunaraq işə başlamışdır. Belə ki, hər il bütün müəllim heyətini müddətli əmək müqaviləsi imzaladaraq ilin yekununda onlarla yenidən əmək müqaviləsi bağlanıb-bağlanmayacağına dair tərəddüddə buraxmaq, 20 ilə yaxın fasiləsiz olaraq bir yerdə işləyən müəllim heyəti üzvlərini yenə də müddətli əmək müqaviləsi ilə işlətmək, onu hər zaman sosial təminatından məhrum edəcək şəkildə müqavilə müddəti bitən kimi əmək münasibətlərinə xitam vermək, işçi olan müəllim və ya müəllimədə yaradacağı psixoloji sarsıntını müəyyən etmək heç də çətin deyildir. Yəni müəllim heyəti olan şəxslərin uzun illərdir ki, həmin kompleksdə işləməyinə baxmayaraq, müddətli əmək müqaviləsi üçün əmək qanunvericiliyində nəzərdə tutulan müddəti və şərtləri çoxdan tamamlamaqlarına baxmayaraq, yenə də müddətli əmək müqaviləsi təzyiqi altında əmək münasibətlərinə cəlb edilməsi hüquqdan sui-istifadə və insanlarda psixoloji sarsıntı yaratdığına əyani sübutdur ki, bu halın özü də iddiaçı tərəfin mənəvi ziyanla bağlı tələb irəli sürməsi üçün hüquqi əsas təşkil edir. Göstərilənlərə əsasən Heydər Əliyev adına X12 xx.xx.2020-ci il tarixli, 11/K saylı əmrinin ləğv edilməsinə, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Heydər Əliyev adına X10 Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimə kimi bərpa edilməsinə, kompleksin vəzifəli şəxsinin qanuna və müəllimlik etikasına zidd hərəkətlərinə görə iddiaçıya dəymiş olan mənəvi ziyana görə 10.000 (on min) manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Heydər Əliyev adına X12 xx.xx.2020-ci il tarixli, 41/K saylı əmrinin ləğv edilməsinə, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Heydər Əliyev adına X10 Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimə kimi bərpa edilməsinə, kompleksin vəzifəli şəxsinin qanuna və müəllimlik etikasına zidd hərəkətlərinə görə iddiaçıya dəymiş olan mənəvi ziyana görə 10.000 (on min) manat, 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Heydər Əliyev adına X9 nümayəndələri X17 və (eyni zamanda vəkili) Vəkil iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinin məhz müddətli olması ilə razılaşaraq, ona imza atmış, müddətin bitməsi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən «Heydər Əliyev adına X18» MMC-nin direktoru S.Ə.Rzayeva ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 65 saylı müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «Heydər Əliyev adına X18» MMC-də Azərbaycan dili və ədəbiyyatı müəlliməsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı Heydər Əliyev adına X9 icraçı direktoru M.H.Kəsəmənliyə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2017ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “Heydər Əliyev adına X18” MMC-nin xx.xx.2017-ci il tarixli, 83a/k əmrdən çıxarışdan görünür ki, kompleksin məktəbin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi İddiaçı əmək müqaviləsi xx xxxxxxxx 2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə əlaqədar ləğv edilmişdir. İş materiallarında olan işəgötürən «Heydər Əliyev adına X18» MMC-nin direktoru S.Ə.Rzayeva ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 55 saylı müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «Heydər Əliyev adına X18» MMC-də Azərbaycan dili və ədəbiyyatı müəlliməsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 01 il müddətinə bağlanıb. Müqavilə bağlandığı gündən qüvvəyə minir və xx xxxxxxxx 2018-ci il tarixədək qüvvədədir. İş materiallarında olan «Heydər Əliyev adına X18» MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 41/k saylı əmrindən görünür ki, X5 siniflər üzrə bölməsinin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı əmək müqaviləsi xx xxxxxxxx 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddəti bitməsi ilə əlaqədar olaraq ləğv edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Heydər Əliyev adına X10 Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimə vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi İddiaçı xx.xx.2017- ci il tarixli ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş etmiş, həmin ərizə iddiaçı tərəfindən öz imzası ilə təsdiq edilmişdir. Nəticədə, “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 41/K saylı Əmrə əsasən iddiaçının əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv olunub. Eyni zamanda, cavabdehlə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə 55 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Sözügedən müddətli əmək müqaviləsi bağlanarkən cavabdeh tərəfindən iddiaçıya heç bir məcburiyyət hallarına və ya təzyiqə yol verilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı 55 saylı, xx.xx.2017-ci il tarixli əmək müqaviləsini və həmin müqavilənin 4.4.-cü bəndinə əsasən bir il uzadılma müddətlərini (xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək) öz imzası ilə təsdiq etməklə iradəsini ifadə etmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmri əsaslıdır. Məhkəmə iddia tələbinin “kompleksin vəzifəli şəxsinin qanuna və müəllimlik etikasına zidd hərəkətlərinə görə iddiaçıya dəymiş olan mənəvi ziyana görə 10.000 (on min) manat mənəvi zərərin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Heydər Əliyev adına X6rşı "xx.xx.2020-ci il tarixli 41/K saylı əmrin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və mənəvı̇ zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Heydər Əliyev adına X6rşı "xx.xx.2020-ci il tarixli 41/K saylı əmrin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tövsif edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və mənəvı̇ zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar