Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-548/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatının nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 Mərkəzi” Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatına qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının xeyrinə 3.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli.1885 saylı Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “X4 Mərkəzi" publik hüquqi şəxsə elektron xidmətlərin inkişafı ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Fərmanla verilmiş tapşırığın icrasından irəli gələrək, maliyyə və aidiyyəti digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, eləcə də xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahat olması məqsədilə "X4 Mərkəzi” publik hüquqi şəxs tərəfindən "ASAN Finans" sistemi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan X5 Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən reallaşdırılan "ASAN Finans" layihəsi maliyyə xidmətləri göstərən təşkilatların dövlət informasiya ehtiyatlarına elektron çıxışını təmin edən vahid platformadır. “ASAN Finans” sistemi üzrə dövlət informasiya ehtiyatlarına elektron çıxışının təmin edilməsi xidmətinin göstərilməsi məqsədilə Mərkəzə müraciət edən maliyyə xidmətləri göstərən təşkilatlar ilə müvafiq müqavilələr imzalanmışdır (mənbə “X4 Mərkəzimin internet saytı - digital.gov.az). Belə bir müqavilə, yəni “Asan Finans” müqaviləsi də Mərkəz ilə "FİNCA AZERBAİJAN” MMC (bundan sonra - Cavabdeh) arasında 16.04.2021 -ci il tarixində bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndində sistemin İştirakçılarının vəzifələri müəyyən edilmişdir. İştirakçı fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda, gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almalı, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulmasını və imzalanmasını təmin etməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki X5 Mərkəzi tərəfindən yaradılan "myGov" elektron hökumət portalının təqdim etdiyi xidmətlərdən yararlanan zaman “sorğulanmış məlumatlarım” bölümünə keçid etmişdir. Açılmış səhifədə cavabdeh "xxxx" MMM QBKT-nın dəfələrlə fərdi məlumtların verilməsinə dair sorğu etdiyinə, yəni qeyd olunan elektron qaydada dövlət informasiya ehtiyatlarından istifadə etdiyinin şahidi olmuşdur. Maliyyə xidmətləri göstərən təşkilatlarda iş təcrübəsinin olması və ümumiyyətlə bu kimi sorğuların verilməsində hansı qaydalara əməl olunması barədə məlumatının olması səbəbi ilə cavabdehə “sorğulanmış məlumatlarım” bölümündə qeyd olunmuş vaxtlarda tərəfindən hər hansı razılığın verilməməsini məhkəmənin diqqətinə çatdırırır. Cavabdeh tərəfindən dəfələrlə qanunazidd, özbaşına, təqsirli, qərəzli əməlin edilməsi iddiaçını bərk sarsıtmış, bu əməldən bərk əsəb keçirtmiş və hal-hazıradək də mənəvi sarsıntı keçirir. Axı cababdeh bu qanunazidd hərəkəti neçə edə bilərdi. Bu kimi suallara cavab tapmaq üçün "X4 Mərkəzi” publik hüquqi şəxsə müraciət ünvanlamış, Publik hüquqi şəxs tərəfindən cavabdehə ünvanlanan 10.08.2021-ci il tarixli, MİHO/4.1.22-2-2021-343 saylı məktubda fərdi məlumatların ötürülməsi ilə bağlı iddiaçının yazılı razılıq ərizəsinin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. “X4 Mərkəzi” publik hüquqi şəxsə cavabdeh tərəfindən göndərilmiş 23.09.2021-ci il tarixli, 2021/999/11604 saylı cavab məktubunda qanunsuz şəkildə sorğulamanın səbəbi barədə yox, sorğulamaya dair yazılı razılığın mövcud olubolmaması barədə yox, aidiyyəti olmayan məsələlər üzrə fikirlər öz əksini tapmışdır. Hətta aidiyyəti olmayan məsələlər üzrə cavab məktubunda yer almış məlumatlardan savayı onlara dair məlumatları əks etdirən sənədi də qoşma edib göndərmişlər. Görünür cavabdeh üçün qanunsuz şəkildə məlumatların əldə edilməsi və aidiyyatı olmayan qurumlara ötürülməsi adi haldır. Bu hal isə iddiaçı üçün dözülməzdir, ona mənəvi əzab və istirab verir. Qeyd olunanlardan sonra cavabdeh tərəfindən iddiaçıya müxtəlif zənglər edilmiş, təhdidlər, hədələmələr olunmuşdur. Bu qanunsuz əməllər iddiaçıya bərk mənəvi sarsıntı yaşatmışdır və bu hal bu günə qədər də davam etməkdədir. İddia ərizəsinin faktiki hallarından göründüyü kimi. cavabdehin qanunazidd, özbaşına əməlləri iddiaçıya ağır mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçının "myGov" elektron hökumət portalında olan hesabının “sorğulanmış məlumatlarım” bölümündən çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə iş yerinə və əmək pensiyasına dair məlumatların əldə olunması ilə bağlı 2021-ci ilin aprel və iyul aylarında 5 dəfə sorğu edilmişdir. Cavabdeh tərəfindən “X4 Mərkəzi” Publik hüquqi şəxsinə ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı FİNCA Azerbaijan MMM QBKT-dan götürdüyü 10.000 ABŞ dolları kredit borcunu müəyyən edilmiş qaydada ödəmədiyi iiçün onun barəsində müvafiq olaraq Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Nizami Rayon Məhkəməsinin 29.05.2015 tarixli, 2(103)691/16 saylı qətnaməsi ilə İddiaçı 7157 ABŞ dolları məbləğində borcun məcburi qaydada tutulması qət edilmişdir. Lakin İddiaçı həmin məhkəmə qətnaməsini könüllü olaraq icra etməmiş, məhkəmə qətnaməsinin məcburi icra edilməsi üçün İddiaçı əmlakı müəyyən edilməmişdir. Beləliklə, hazırda qanuni qüvvədə olan Nizami Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli, 2(103)-691/16 saylı qətnaməsinin məcburi icrasını təmin etmək məqsədi ilə və İcra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, məhkəmə qətnaməsi üzrə borclu İddiaçı əmək haqqı və sair gəlirlərinin müəyyən edilməsi üçün müvafiq sorğular edilmiş, onun əmək haqqının olduğu müəyyən edilmiş və onun əmək haqqından Nizami Rayon Məhkəməsinin 29.05.2015 tarixli, 2(103)691/16 saylı qətnaməsi əsasında tutulmalar aparılması üçün müraciət edilmişdir. “X4 Mərkəzi” Publik hüquqi şəxsi ilə "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatı arasında bağlanmış 16 aprel 2021-ci il tarixli e-AF3-038 saylı ASAN Finans Müqaviləsindən görünür ki, “X4 Mərkəzi” Publik hüquqi şəxsi "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatına Government to Business (G2B) çərçivəsində “ASAN Finans” üzərindən verilən sorğular əsasında məlumatların ötürülməsi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almaq, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulması və imzalanmasını təmin etmək "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən subyektin fərdi məlumatların işlənilməsi üçün yazılı razılığa aşağıdakılar daxil edilməlidir: 8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.2. subyektdən razılıq alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.3. fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi; 8.2.4. subyekt tərəfindən işlənilməsinə razılıq verilmiş fərdi məlumatların və onların işlənilmə əməliyyatlarının siyahıları; 8.2.5. subyektin razılığının qüvvədə olma dövrü və onun geri götürülməsi şərtləri; 8.2.6. fərdi məlumatların müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə iş yerinə və əmək pensiyasına dair məlumatların əldə olunması ilə bağlı "myGov" elektron hökumət portalında 2021-ci ilin aprel və iyul aylarında 5 dəfə sorğu edilmişdir. İddiaçının müraciət əsasında “X4 Mərkəzi” Publik hüquqi şəxsi cavabdehdən sorğu ilə bağlı iddiaçının razılıq ərizəsi tələb edilmiş, lakin cavabdeh həmin ərizəni “X4 Mərkəzi” Publik hüquqi şəxsinə təqdim etməmiş, sorğunun qətnamənin məcburi icrasını təmin etmək məqsədi ilə və İcra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq edildiyini bildirmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə, habelə fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Bu razılıq olmadıqda isə şəxs ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Cavabdeh tərəfindən iddiaçının "myGov" elektron hökumət portalında olan fərdi məlumatları toplanan zaman iddiaçının razılıq ərizəsinin alınmaması iş materialları ilə təsdiq olunur ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə əsasən cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının fərdi məlumatları onun razılığı olmadan əldə olunmuşdur ki, bunun nəticəsində iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçı, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Cavabdehin sorğunun qətnamənin məcburi icrasını təmin etmək məqsədi ilə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, qətnamənin məcburi icrasını təmin etmək “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən cavabdehin deyil, icra məmurlarının vəzifəsidir. Eyni zamanda həmin Qanuna əsasən şəxs barəsində müvafiq sorğular vermək səlahiyyəti də cavabdehə və ya onun işçilərinə deyil, icra məmurlarına həvalə edilmişdir. Yəni cavabdehin göstərdiyi dəlillər formal mülahizə olmaqla heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 500 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzi və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 500 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzi və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" məhdud məsuliyyətli müəssisəsi qeyri bank kredit təşkilatından tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-548/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-548/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver