Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-551/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "aliment və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "aliment və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 18 noyabr 2022-ci il tarixində rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdurlar. Onların faktiki nikahlarından 10 fevral 2024-cü il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonralar ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya və azyaşlı uşağına maddi və mənəvi köməklik göstərmir. İddiaçı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Qanunun tələbinə uyğun olaraq, tərəflər arasında olan fikir ayrılığı və mübahisəni alimentin tutulmasına münasibətdə qarşılıqlı razılıqla həll etmək üçün mediasiyaya müraciət edilmişdir. 05 sentyabr 2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən isə xahişi yalnız ondan ibarətdir ki, cavabdehdən heç olmasa belə bir məbləğdə aliment tutulsun ki, uşağın minimum tələbatına uyğun olsun. Bundan əlavə, azyaşlı uşağın ürəyində çat var, ürək qüsurludur. Həkimlərin məsləhətinə görə təcili əməliyyat olunmalıdır. Bu əməliyyatın həyata keçirilməsi üçün 5.000 manat vəsait lazımdır. Göstərilənlərə əsasən 10 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat alimentin sabit pul məbləğində Cavabdeh İddiaçı xeyrinə tutulması, 10 fevral 2024-cü il təvəllüdlü X3 təcili əməliyyat olunması üçün Cavabdeh əlavə xərclərə cəlb olunaraq 2.500 manat pulun İddiaçı xeyrinə tutulması, 3 yaşına çatmayan və xəstə uşağa qulluq etdiyinə görə Cavabdeh hər ay 200 manat pulun İddiaçı xeyrinə tutulması, mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə rəsmi nikah bağlamadan birgə ailə kimi yaşamışdır. Cavabdeh onun anasından qalan evə yerləşmişdir. Həmin vaxtdan cavabdeh ona və övladına heç bir maddi yardım göstərməmiş və onların maddi ehtiyacları ilə maraqlanmamışdır. Aralarında olan faktiki ailə münasibətlərinin bitməsinə də səbəb məhz bu olmuşdur. Cavabdeh nəinki heç bir maddi yardım göstərmir, o, öz övladı ilə ümumiyyətlə maraqlanmır. Onun hazırda rəsmi iş yeri var və yaxşı miqdarda əmək haqqı alır. Həmçinin, birgə ailə münasibətlərindən doğulmuş uşağın sağlamlığında ciddi problemlər var və o, ürəyindən əməliyyat olunmalıdır. Həmin əməliyyatı etdirmək üçün isə onun maddi imkanı çatmır. Özü hazırda işləmir. Əvvəlki iş yerindən ixtisar edilmişdir. Uşaq çox kiçik olduğundan və ona baxacaq bir şəxs olmadığından ona özü baxmağa məcburdur. Hesab edir ki, bir ata kimi cavabdeh da uşağının xərclərində iştirak etməlidir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, sabit miqdarda alimentin ödənilməsinə etiraz etmir. Lakin uşağın müalicə xərclərinə görə uşağın xəstə olması onda şübhə yaradır. O, onunla bir neçə dəfə xəstəxanaya getmək istəsə də, iddiaçı buna şərait yaratmamışdır. Ona görə də iddia tələbini bu hissədə qəbul etməmişdir. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikah münasibətlərindən 10 fevral 2024-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Tərəflər bir müddət birgə yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aylıq aliment tutulmasını, həmçinin uşağın əməliyyat xərci və mediasiyaya ödədiyi rüsumun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Respublika Pediatriya Mərkəzi tərəfindən verilən Doppler rəngli exokardioqrafiya müayinəsinə dair çıxarışdan görünür ki, Xədicə Məmmədovaya xx.xx.2024-cü il tarixdə kiçik sekundum ASD/PPFO diaqnozu qoyulmuşdur. 9.Mülki işin materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01285 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək, mediasiyaya dair xərci ödəmişdir. 10.Mülki işin materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 974118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 11.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 471195 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9n Bakı Sukanal İdarəsində aparılan mövcud struktur dəyişikliyi və ixtisarlarla bağlı olaraq onun tutduğu yaşıl tikinti fəhləsi üzrə ştat vahidi ixtisara düşmüşdür. Yaşıl tikinti fəhləsi ştatına uyğun olaraq yeni strukturda bağban ştatları açılmışdır. Bildirilir ki, işə qəbul üçün ərizə ilə Bakı Sukanal İdarəsinə müraciət edildiyi təqdirdə onunla yenidən əmək müqaviləsi bağlanacaqdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanan 20 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, müraciətdə doppler rəngli exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilən “Kiçik sekundum ASD/PPFO” ilə bağlı xidmətlər zərfinə diaqnostik, terapevtik və cərrahi xidmətlər mövcuddur. Xidmətlər Zərfinə daxil olan stasionar tibbi xidmət üzrə diaqnozlar xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının 10-cu baxışına (XBT-10), stasionar tibbi xidmət üzrə proseduralar “X1 9-cu baxışına (klinik modifikasiya), Həcm 3” (XBT-9) əsasən tərtib edildiyinə görə məktubda qeyd edilən məsələ ilə bağlı tərəflərindən dəqiq şəkildə cavablandırılması üçün sığortaolunanın ixtisaslı həkim tərəfindən yazılan ambulator kartında və ya hər hansı tibbi qeydiyyat sənədində XBT-10 üzrə diaqnozu və XBT-9 üzrə isə təyin olunan proseduran kodu və ya kodların təqdim edilməsi məqsədəuyğun hesab edilir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 15.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 16.Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 17.Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 18.Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 19.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 20.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. 21.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 22.Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, uşağın körpə yaşında olmasını, bundan əlavə iddiaçının iddia ərizəsi ilə 2024cü il tarixdə məhkəməyə müraciət etdiyini və 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləğinin 345 manat miqdarında olmasını və 2024-cü il üzrə həmin məbləğin dəyişilmədiyini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, Cavabdeh 10 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (235:345=0.68) sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. 23.Bundan başqa, məhkəmə tələbin uşağın saxlanılması üçün 3 yaşına çatanadək hər ay 200 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir. 24.İş materiallarından göründüyü kimi 10 fevral 2024-cü il təvəllüdlü X6 hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, X6 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. Belə ki, iddiaçı cavabdehdən 200 (iki yüz) manat məbləğində alimentin tutulması üçün lazımi əsasları və iddiaçının bu vəsaiti ödəmək iqtidarında olmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. 25.Daha sonra məhkəmə tələbin uşağın əməliyyat xərci olaraq 2.500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı övladının təcili əməliyyat olunması üçün 5.000 manat vəsait tələb edildiyini iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim etmiş olsaydı belə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən məhkəmə sorğusuna cavab məktubunda “Kiçik sekundum ASD/PPFO” ilə bağlı xidmətlər zərfinə diaqnostik, terapevtik və cərrahi xidmətlər mövcuddur. Yəni uşağın xəstəliyi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi üçün iddiaçı uşağa pulsuz cərrahi xidmətlər göstərilməsi imkanına malikdir. 26.Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının “mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat pul vəsaitinin cavabdehdən tutulması” tələbi hissəsində iddiası təmin edilməli, Cavabdeh 60 (altmış) manat tutularaq İddiaçı ödənilməlidir. 27.Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 28.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 10 fevral 2024-cü il təvəllüdlü X6 üç yaşına çatanadək xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 33.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 fevral 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 10 fevral 2024-cü il təvəllüdlü X6 üç yaşına çatanadək xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentə dair hissələrdə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-551/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-551/2025
14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver