Məhkəmə qərarları › İş №2(006)-5516/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5516/2021

22.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5516/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X8 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən artıq ödənilmiş 25.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 avqust 2007-ci il tarixdə "xxxx" ASCnin “Xəzər” filialı ilə X8 arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsi bağlanaraq X1 xüsusi mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 44 nömrəli binada yerləşən 85 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə bankın cinayətkar əməlləri ilə aldadıldığı üçün borc mənə artıq məbləğdə ödətdirilmişdir. Bu səbəbdən də ipoteka predmetinin mülkiyyətçisi X4 məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(006)-168/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim - xanım C.Musayeva) iddia təmin edilmiş, "xxxx" ASC ilə onun arasında bağlanmış 28 avqust 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2739 №-li, 12.10.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, mənim 28 avqust 2008-ci il tarixli, FK 0009 saylı Kredit müqaviləsi şərtləri nəzərə alınmaqla, müqavilə üzrə 28.08.2010-cu il tarixdən (kredit müqaviləsi müddətinin bitmə tarixi) sonra ödənilmiş 25.050,00 manat məbləğində kredit ödənişləri 28.08.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) hazırki tədqiqatla müəyyən edilmiş 12.264,61 manat borc məbləğindən çıxılmaqla X5 28.08.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu tam ödənilmiş və 12.785,39 manat məbləğində artıq ödəmə müəyyən edilir. Lakin qeyd edilən ekspertiza tədqiqatına heç də onun ödədiyi bütün məbləğlərin qəbzləri təqdim edilməmişdir. Ona görə də orada artıq ödəmə məbləği az göstərilməmişdir. 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2iqt(81)-2410/2012 saylı qəradadı ilə ləğv prosesində olan Royal Bank” ASC-nin ləğvedicisi "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-168/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilmiş, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospöektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzili ipoteka ilə yüklülükdən azad edilmiş, 400 manat ekspertiza xərci "xxxx" ASC-dən tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 28 avqust 2007-ci il tarixdə "xxxx" ASC-nin “Xəzər” filialı ilə X8 arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsi bağlanaraq X1 xüsusi mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 44 nömrəli binada yerləşən 85 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə bankın cinayətkar əməlləri ilə aldadıldığı üçün borc mənə artıq məbləğdə ödətdirilmişdir. Bu səbəbdən də ipoteka predmetinin mülkiyyətçisi X4 məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020ci il tarixli, 2(006)-168/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə onun arasında bağlanmış 28 avqust 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, X5 "xxxx" ASC-nin qarşısında olan öhdəliklərinə xitam verilmiş və ipoteka predmeti yüklülükdən azad edilmişdir. Cavabdehdən artıq ödənilmiş 25.000 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin pulun məhz X8 tərəfindən ödənilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki,, iddiaçı X8 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilməli, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı X7 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı X8 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilsin. Ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı X7 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar