Məhkəmə qərarları › İş №2(006)-5529/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5529/2025

09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5529/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirinin (qazancın) dörddə bir hissəsini və əlavə olaraq 300 manat əlavə xərclərə cəlb olmaqla aliment qismində alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikahları qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli 667 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Aralarında olan müxtəlif zəminli anlaşmazlıqlar var. Cavabdeh uşağı ilə maraqlanmır, valideyn kimi üzərinə düşən vəzifə və öhdəlikləri icra etmir. Lakin, uşağın gələcəyi naminə bu nikah münasibətinə son qoymaq istəmir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdən “Eduprime Academy” uşaq bağçasına gedir və onun 600 manat ödənişini iddiaçı özü edir. Cavabdeh ona hər hansı bir maddi yardım etmir. Məhkəmədən xahişi cavabdehin üzərinə uşaqların saxlanılması vəzifəsini qoymaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçı mediasiya şurasına müraciət edilmişdir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmək barədə qərar qəbul etmişlər. Cavabdeh “X2” MMC-də işləyir. Kifayət qədər yüksək əmək haqqı alır. Göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdən “Eduprime Academy” uşaq bağçasına gedir və onun 600 manat ödəniş müəyyən olunmuş və cavabdeh qeyd olunan məbləğin ən azı yarısı məbləğində, yəni 300 manat əlavə xərclərə cəlb olunmalıdır.

Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Nikah haqqında 436176 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı “1 saylı ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-cü il tarixdə 667 nömrə ilə qeydə alınmışdır.

7. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-01845 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli vəkil sorğusuna cavabdan görünür ki, Cavabdeh “X2” MMC-də xx.xx.2025-ci il tarixdən etibarən müddətli əmək müqaviləsi əsasında işləyir.

9. İddiaçı ilə “Eduprime Academy” uşaq bağçası arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, aylıq ödənişin məbləği 300 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Həsənzadə Uğur anadan olmuşdur.

11. İddiaçı alimentlə bağlı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə müvafiq mediasiya təşkilatına müraciət etsə də, keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

12. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Gəlir məlumatları” bölməsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də (VÖEN: **********) vəzifəsi “rəis müavini” olmaqla 7539.0 manat əmək haqqı alır.

13. Məhkəmənin əvvəlki iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 izahatında cavabdehin 246 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, əlavə xərcləri isə qəbul etmədiklərini bildirmişdir.

14. Hazırda iddiaçı cavabdehdən hər ay aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin, habelə 300 manat əlavə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə qeyd edir ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşağın saxlanılması olduğundan, tərəflərin alimentlə bağlı dəlilləri uşağın mənafeyi üstün tutulmaqla qiymətləndirilməlidir.

16. Məhkəmə iddiaçının “uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirinin (qazancın) dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən tutulması” tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında 246 manat sabit pul məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, cavabdehin rəsmi iş yerinin və müntəzəm gəlirinin olması, həmin gəlirin ¼ hissəsinə qarşılıq gələn miqdarın uşağın üstün mənafelərinə və onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanmasına uyğun olması, eyni zamanda alimentin sabit pul məbləğində tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin müəyyən edilməməsi nəzərə alınaraq, iddiaçı bu tələbində haqlı olmuşdur.

17. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Həmçinin, qeyd edilməlidir ki, tərəflərin birgə nikahından olan uşaq tam olaraq hər iki valideynin qayğısı, sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.

18. İddiaçının “300 manat əlavə xərcin tutulması” tələbi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı – yetkinlik yaşına çatmamış övladının bağçada təhsil alması üçün çəkdiyi xərcin yarısının (iş materialları ilə bütün xərcin tələb edilməsi müəyyən edilir) uşağın atasından tutulmasını tələb etsə də, ailə qanunvericiliyi ilə valideynin belə bir öhdəliyi müəyyən edilməmişdir. Belə ki, qanunverici məktəbəqədər təhsil üçün çəkilən xərcləri Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən uşaqlar üçün ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

19. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bu qərarda məktəbəqədər təhsillə bağlı qeyd olunmasa da, burada ifadə edilmiş mövqeyə əsaslanaraq analogiya tətbiq etməklə məhkəmə hesab edir ki, eynilə uşağın özəl təhsil müəssisəsi olan bağçada aldığı təhsil də seçim xüsusiyyətinə malik olması və fərdin maddi vəziyyəti ilə bağlı olması səbəbindən, valideyndən əlavə xərcin tələb edilməsi üçün əsas ola bilməz.

21. Alimentin tutulmağa başlanma tarixi ilə bağlı isə qeyd edilməlidir ki, hazırkı iş üzrə alimentin Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən tutulması məqsədəmüvafiqdir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58. Valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; Maddə 58.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

23. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

24. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.2-ci bənd. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bənd. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

27. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə:

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)- 597/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, mediasiya xərcinin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar