Məhkəmə qərarları › İş №2(006)-561/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-561/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-561/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, İddiaçı Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı "dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseyn oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4400 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-ci ildən xx.xx.1998-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1996-ci il tarixində Füzuli rayon Horadiz kəndində mina partlaması nəticəsində yaralanmışdır. Həmin yaralanmaya görə o İİİ qrup əlildir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qəbul edildikdən sonra cavabdehin rayon filialına müraciət etmiş, lakin ona əsaslı səbəb göstərilmədən sığorta məbləği ödənilməmişdir. Ailəsi var. Həyat yoldaşı və uşaqları işləmirlər. Maddi vəziyyəti kifayət qədər yaxşı deyil. Ona görə də indiyə kimi almadığı sığortanı almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Qobustan rayon şöbəsi tərəfindən verilmiş 57 №-li, xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Füzuli rayon Horadiz kəndində mina partlayışından qəlpə yarası almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X1 müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Hüseyn oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar “Sağ ayağın mina partlayışı nəticəsində şopar oynağı səviyyəsində amputasiya güdülü və aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çoxsaylı çapıqları dayaq-hərəkət funksiyasının pozulması ilə” diaqnozu qoyulmaqla üçüncü qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Hüseyn oğlu xx.xx.1996-ci il tarixdə Füzuli rayonu Horadiz kəndində mina partlayışından sağ ayağından qəlpə yarası almışdır. İş materiallarında olan Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 3/18 saylı arayışın surətindən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı Hüseyn oğlu “Sağ ayağın mina partlayışı nəticəsində şopar oynağı səviyyəsində travmatik amputasiyası, aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çoxsaylı çapıqları, sağ aşağı ətrafda dayaq və hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmaqla üçüncü qrup əlildir. Əlillik Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət X7 həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı Hüseyn oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X5 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı Hüseyn oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar