Məhkəmə qərarları › İş №2(006)-5631/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5631/2023

21.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5631/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Dövlət olmayan Kredit Təşkilatına qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Dövlət olmayan Kredit Təşkilatına qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin başlıq hissəsində göstərilən cavabdeh Dövlət olmayan Kredit Təşkilatının və “xahiş edirəm” hissəsində göstərilən cavabdeh X1 fərqli şəxslər olması iddia tələbinin hansı şəxsə yönəlməsini müəyyən etmək və həmçinin cavabdehin ünvanı üzrə aidiyyət məsələsini həll etmək imkanından məhkəməni məhrum edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göründüyü kimi, iddiaçının cavabdeh şəxsi dəqiq müəyyənləşdirməsi və müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə sənədləri müvafiq məhkəməyə təqdim etməsi zəruridir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət olmayan Kredit Təşkilatına qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və girov qoyulmuş əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 314915092, qəbz nömrəsi: 24484, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi : **********, terminal nömrəsi: K0123015, tarix: xx.xx.2023, saat: 12:42) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar