Məhkəmə qərarları › İş №2(006)-571/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-571/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-571/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmış, birinci qrup əlil olmuş, 22.10.2011-ci ildə vəfat etmişdir. Oğlu əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda almışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Qarabağ Müharibəsinin İ qrup əlili kimi döyüşlərdə əlil olmuş vətəndaşlar üçün nəzərdə tutulmuş 8.800 (səkkiz min səkkiz yüz) manat sığorta məbləğinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 15.10.2020-ci il tarixli, 07-07-491 saylı cavab məktubu ilə imtina vermişdir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07.01.1999-cu il tarixli, 7 saylı qərarının surətindən görünür ki, X4 17.08.1993-cü ildə Xətai RHK hərbi xidmətə çağrılmış və N saylı hərbi hissədə xidmət etmiş, 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən aldığı xəstəlik, donvurma, 27.03.1993-cü ildən 03.06.1993-cü ilə kimi MN Mərkəzi hərbi hospitalda “kəskin bronxit, ayaq barmaqlarının İ dərəcəli donvurması diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 510550 saylı arayışının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup müharibə əlilidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 27 oktyabr 2011-ci il tarixli, AZ-İ 512743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan 51981 saylı vəsiqənin surətindən görünür ki, X4 İ-ci qrup əlildir, əlilliyi Azərbaycan Respublikasının müdafiə edərkən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xətai rayon Hərbi Komissarlığının 12.04.2010-cu il tarixli, 90 nömrəli arayışından görünür ki, X4 həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 28.06.1994-cü il tarixli qanuna əsasən Azərbaycan Respublikasının “Müharibə veteranı”dır. Qanunda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin 29.05.2012-ci il tarixli, 193 nömrəli arayışından görünür ki, İddiaçı oğlu mərhum X4 həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 28.06.1994-cü il tarixli qanuna əsasən Azərbaycan Respublikasının “Müharibə veteranı”dır. Qanunda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 15.10.2020-ci il tarixli, 07-07-491 №-li məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bilidirilmişdir ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. S.İddiaçı 1993-cü il tarixdə həqiqi hərbi xidmət zamanı xəsarət alaraq tərxis olunmuş və bununla əlaqədar İ qrup əlillik dərəcəsi almışdır. Buna görə də Qanunla müəyyən edilmiş müraciət müddəti keçdiyi üçün qanunla nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. İş materiallarında olan 14.04.2021 il tarixli ərizədə X6 bildirmişdir ki, o, hazırki mülki iş üzrə İddiaçı həyat yoldaşı və X2 anasıdır. Oğlu mərhum X4 subay olmuşdur. Hazırki mülki iş üzrə iddiaçının iddia tələbindən məlumatı var və qeyd olunan məbləğin iddiaçı tərəfindən alınmasına etiraz etmir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı oğlu mərhum Sahib Ələkbərovun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədlərini məhkəməyə təqdim etmişdir. Sahib Ələkbərovun anası hazırki mülki iş üzrə iddiaçının iddia tələbindən məlumatı olduğunu və qeyd olunan məbləğin iddiaçı tərəfindən alınmasına etiraz etmədiyini ərizədə bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu Ələkbərov Sahib hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar