Məhkəmə qərarları › İş №2(006)-5714/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5714/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5714/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə hər ay 170 manat sabit pul məbləğində alimentin, xx.xx.2020-ci il təvəllüdlü X1 isə 3 yaşına çatana kimi onun özünə hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı cavabdeh X5 ilə toyları xx xxxxx 2018-ci il tarixdə Ağsu şəhərində olmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü X3 adında bir oğul övladları var. Cavabdeh ilə evləndikdən sonra onlar bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Cavabdeh ilə bir-birilərini başa düşə bilmirlər. Tez-tez aralarında mübahisələr yaranmağa başlamışdır. Belə ki Cavabdeh onu aldatmışdır və ona xəyanət etmişdir. Bunun üstündə mübahisələri tez-tez baş vermişdir. Rasim bir qadın kimi ona hörmət qoymur, ona dəyər vermir, evə vaxtında gəlib getmir. Cavabdeh ondan və uşaqdan soyuduğunu hiss etmişdir. Dəfələrlə ailələri bərpa etməyə çalışmışdır və bunu fədakarcasına etmişdir. Mirnatik isə bundan sui-istifadə etmişdir. Qazandığı pullarını kefe, restoranlarda xərcləyərək özü üçün əylənmişdir. Onlarla maraqlanmamışdır. Onu və uşağını valideynlərinin himayəsində qoyub özü üçün belə bir həyat tərzi seçmişdir. Onlar Cavabdeh ilə artıq barışıb ailələrini bərpa edə bilməzlər. Ailə münasibətləri tamamilə pozulmuşdur. Uşaq azyaşlı olduğundan özü sərbəst işləyə bilmir. Cavabdeh fərdi əməklə, yəni maşın alqı-satqısı fəaliyyəti ilə məşğuldur. Onun qazancı dəyişkəndir. Lakin o, üzərinə düşən valideynlik hüququnu ümumiyyətlə yerinə yetirmir. Onlarla maraqlanmır, uşağına heç bir maddi köməklik göstərmir. O, hal-hazırda uşağı ilə birlikdə valideyninin himayəsindədir. Uşaq da onun himayəsindədirlər. Cavabdeh Azərbaycan Respublikasının qanunlarına tabe olmayaraq üzərinə düşən valideynlik hüququnu ümumiyyətlə yerinə yetirmir. Cavabdeh ilə toyları olduğuna baxmayaraq rəsmi nikaha daxil olmamışlar. Ona görə də özünün və uşağının maddi təminatının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1 və 78.2. 84.2, 84.2.2-ci maddələrinə əsasən xx.xx.2020-ci il təvəllüdlü xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə hər ay 170 manat sabit pul məbləğində aliment, xx.xx.2020-ci təvəllüdlü X1 isə 3 yaşına çatana kimi onun özünə hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutulmalidir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə hər ay 170 manat sabit pul məbləğində alimentin, xx.xx.2020-ci il təvəllüdlü X1 isə 3 yaşına çatana kimi onun özünə hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsində tələb olunan 170 manat alimenti ödəməyə etiraz etmir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi fikirlərin əksəriyyəti yanlışdır. Belə ki, iddiaçı ilə rəsmi nikaha daxil olmaqdan yayınmamışdır. Buna görə də hesab edir ki, alimentdən savayı ondan sabit pul məbləği şəklində hər hansı bir vəsait tutulmamalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyi, iddiasını müdafiə etdiyini bildirərək, işə onun iştırakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ İV seriyalı, 517505 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 6214 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 396660 nömrəli atalığın müəyyən edilməsi haqqında notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 258 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı X4 Mərkəzi (Ağsu rayonu üzrə) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 2015-ci ildən X7-Şahmat məktəbində müəllim (texniki işçi) işləməklə aylıq əmək haqqı 240 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşağını saxlamağa borcludurlar. Uşağını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2018-ci il tarixdə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərindən onların xx.xx.2020-ci il tarixdə X2 adlı övladları anadan olmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. Cavabdehin rəsmi iş yerinin olmasına baxmayaraq iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Cavabdeh alimentin 170 manat məbləğində müəyyən edilməsinə etirazı yoxdur. Beləliklə iddianın “uşağın yetkinlik yaşına çatana kimi saxlanması ilə əlaqədar alimentin tutulması” hissəsinə dair məhkəmə tərəflərin birgə uşaqlarının ananın - iddiaçının himayəsində olması, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu və cavabdehin aliment məbləğinin 170 manat məbləğində müəyyən edilməsinə dair etirazının olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaq üç yaşına çatanadək 200 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı olan X2 üç yaşına çatmadığından, iddiaçının isə uşağa qulluq etdiyinə görə işləmək imkanı olmadığından İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmaması nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya, 50 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları və tərəflərin verdiyi izahatları müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, X1 üç yaşı tamam olana kimi xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar