Məhkəmə qərarları › İş №2(006)-5714/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5714/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5714/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmaqla) «həyat sığortası məbləğinin banka ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmaqla) «həyat sığortası məbləğinin banka ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən X7 arasında bağlanmış 15.01.2021-ci il tarixli MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq "xxxx" ASC-yə ödənilməli olan 52.272 manat 66 qəpik məbləğin və dəymiş mənəvi zərərin əvəzi 50.000 manat və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə "xxxx" ASC-dən kredit götürərək əmlakını ipoteka qoyan şəxs kimi Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyat sığortası ilə sığortalanmışdır və 15.01.2021-ci il tarixli MAP-219182 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi verilmişdir. X3 qəflətən 12.05.2021-ci il tarixdə dəqiqləşdirilməmiş koma, beyin ödemi diaqnozu ilə vəfat etmişdir. Ərinin ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat vermişdir. Lakin bu günə kimi ona rəsmi olaraq heç bir cavab verilməmişdir. "xxxx" ASCnin Sənaye filialı ilə əlaqə saxlayaraq, ərinin ölməsini və ödənişləri Cavabdeh SŞ ASC tərəfindən tələb edilməsini bildirmişdir. Lakin "xxxx" ASC-nin Sənaye filialı bir müddətdən sonra ona bildirmişdir ki, Cavabdeh SŞ ASC tərəfindən ödəniş edilməsindən imtina olunub və ödənişləri etməsə, ərinə məxsus ev əllərindən alınacaq. Məcburiyyət qarşısında qalaraq, banka olan aylıq ödənişi etmişdir. Yenidən vəkil tərəfindən Cavabdeh SŞ ASC-yə ödənişin edilməməsi barədə sorğu verilmişdir. Lakin sığorta şirkətinin İdarə heyətinin sədri Azər Əliyev tərəfindən Cavabdeh SŞ ASC-yə daxil olmuş 16 iyul 2021-ci il tarixli 643 saylı sorğuya baxılması, məlumatın «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən sığorta sirri hesab edilməsi və həmin məlumatların açıqlanmasının Qanuna əsasən qadağan olunması barədə cavab verilmişdir. Bildirir ki, Cavabdeh SŞ ASC tərəfindən ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə ödənişinin verilməsindən imtina edilməsi sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən, cavabdehin ödəməli olduğu icbari sığorta ödənişi və gecikdirilmiş hər gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu məhkəmə qərarı əsasında alınaraq ona verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İş materiallarından da görünür ki, iddiaçının həyat yoldaşı X7 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası üzrə 15 yanvar 2021-ci il tarixli MAP-219182 saylı həyat sığortası şəhadətnaməsi əsasında sığorta olunmuş və o, 12 may 2021-ci il tarixdə «dəqiqləşdirilməmiş koma; beyin ödemi» səbəbindən vəfat etmişdir. Bildirir ki, sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları»nın 6.1-ci bəndinə əsasən, sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizə formasını doldurmaqla tərtib olunan ərizəsi əsasında bağlanır. Qaydaların 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən V.V.Məlikova münasibətdə sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq üçün V.V.Məlikov ilə sığorta müqaviləsi bağlanan zaman ona ərizə forması təqdim olunmuş, ərizədə müxtəlif xəstəlik adları sadalanmaqla «Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu?»; «Yuxarıda qeyd olunmayan hər hansı xəstəliyiniz və ya travmalarınız varmı?»; sair suallarına V.V.Məlikov «xeyir» cavabını vermişdir. Həmçinin V.V.Məlikov qeyd olunan ərizədə sığorta üzrə olan bütün müddəaların həqiqətə uyğunluğunu və doğruluğunu təsdiq etmiş, o cümlədən ərizə yalan olduğu və ya riskin düzgün qiymətləndirilməməsi halında Sığorta Şirkətinin imzalanmış müqaviləni ləğv etməyə ixtiyarı olduğunu təsdiq etməklə ərizəni imzalamışdır. Lakin Azərbaycan Respublikası SN Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli 20/02-1424 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, V.V.Məlikovda 2015-ci ildən «Hipertoniya xəstəliyi. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ-İİİ mərhələ» xəstəlikləri mövcud olmuş və ona müalicə tədbirləri başlanmışdır. Həmçinin yuxarıda qeyd olunan məktubdan əlavə olaraq o da görünür ki, V.V.Məlikov 2018-ci il tarixdən Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında «Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya» diaqnozu ilə proqramlı hemodializlə müalicəyə cəlb olunmuşdur. Son dövrdə isə ona 10 dekabr 2019-cu il və 15 aprel 2020-ci il tarixlərdə «Hipertoniya xəstəliyi, İİİ mərhələ», 26 yanvar 2021-ci il tarixdə isə «Sol tərəfli xroniki otit. Burun çəpərinin əyriliyi» diaqnozu ilə Poliklinikada tibbi tövsiyələr verilmişdir. Bununla belə, V.V.Məlikov 06 may 2021-ci il tarixdə «xroniki böyrək xəstəliyi» diaqnozu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülərək müalicəsini davam etdirmiş, 12 may 2021-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Göründüyü kimi, V.V.Məlikov xeyrinə sığorta müqaviləsi bağlanan zaman ona təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan «Hipertoniya xəsitəliyi, İİ mərhələ, xroniki böyrək çatışmazlığı V mərhələ, renal anemiya» və sair xəstəlikləri barədə sığortaçıya qəsdən yanlış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, V.V.Məlikov qəsdən yanlış məlumat verməklə Mülki Məcəllənin və yuxarıda adı qeyd olunan Qaydaların tələblərini pozmuşdur. Mülki Məcəllənin 917-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları»nın 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh Sığorta Şirkəti ASC V.V.Məlikovun qəsdən yanlış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün sığorta ödənişinin verilməsindən imtina etmiş və bununla bağlı 30 iyun 2021-ci il tarixli O-H-2021-0350 saylı məktubla faydalanan şəxs olan "xxxx" ASC-nin Sənaye filialına məlumat verilmişdir. Həmçinin Azərbaycan Respublikası SN Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli 20/02-1424 saylı məktubundan və V.V.Məlikovun e-təbib informasiya sistemindəki şəxsi kabinetindəki çıxarışdan aydın olur ki, V.V.Məlikovda 24 dekabr 2020-ci il və 09 yanvar 2021-ci il tarixlərdə Covid-19 virusu aşkarlanıb. Həmçinin Azərbaycan Respublikası SN Tibb Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli 20/02-1424 saylı məktubundan04 iyun 2021-ci il tarixli 20/02-1424 saylı məktubunda o da qeyd olunmuşdur ki, V.V.Məlikov cari ilin yanvar ayının sonunda Poliklinikaya müraciət edərək 25 dekabr 2020-ci il tarixdə Covid-19 virus infeksiyasına yoluxması və 25 yanvar 2021-ci il tarixə kimi 24 saylı BŞX-nin həkiminin nəzarəti altında evdə izolyasiya şəraitində müalicə olunduğunu bildirmiş, tibbi sənəd təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, V.V.Məlikov ipoteka kreditləri üzrə borc alanların həyat sığortası üzrə MAP-219182 saylı həyat sığorta şəhadətnaməsi əsasında 15 yanvar 2021-ci il tarixdə sığorta olunmuşdur. Göründüyü kimi, V.V.Məlikov 25 yanvar 2021-ci il tarixə kimi 24 saylı BŞX-nin həkiminin nəzarəti altında evdə izolyasiya şəraitində müalicə olunmuşsa, baxılan halda MAP-219182 saylı həyat sığorta şəhadətnaməsinin 15 yanvar 2021-ci il tarixdə, yəni V.V.Məlikovun izolyasiyada olduğu müddətdə necə bağlanması sual yaradan hallardandır. Bu isə MAP-219182 saylı həyat sığorta şəhadətnaməsinin mötəbərliyini mübahisələndirməyi şərtləndirir. Həmçinin iddiaçı iddia ərizəsində ərinin ölümü ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat verdiyini, lakin ona bu günə kimi rəsmi olaraq heç bir cavab verilmədiyini iddia etmiş və onu təsdiqləyici bir sənəd iddiaya əlavə etməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh Sığorta Şirkətinə bu günə kimi iddiaçı tərəfindən nümayəndəsi vasitəsi ilə yalnız 16 iyul 2021-ci il tarixli 643 saylı müraciət daxil olmuş, sözügedən müraciətə 04 avqust 2021-ci il tarixli O-H- 2021-0422 saylı məktubla rəsmi qaydada cavab verilmişdir. İddiaçı, həmçinin iddia ərizəsində mənəvi zərəin vurulması ilə bağlı tələb irəli sürmüş, lakin iddiaçı şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində mənəvi zərərin vurulması hallarını əsaslandırmamış, təsdiqedici sənədlər əlavə etməmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra yaranır, baxılan halda isə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır, çünki iddiaçının həyat yoldaşı V.V.Məlikov sığortaçıya qəsdən yanlış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsinə mənəvi zərəri təsdiqləyəcək heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən mənəvi zərərə görə iddia edilən zərər məbləğini heç bir hüquqi və elmi əsaslandırma olmadan iddia edilmiş, mənəvi və fiziki iztirablar, onların xarakteri və dərəcəsini, eləcə də buna münasibətdə cavabdehin təqsiri, əmlak vəziyyətini və s. sübut edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC 01 oktyabr 2021-ci il tarixli, HTİD-2021/5957 saylı məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X7 ipoteka kreditləri üzrə borc alanların həyat sığortası növü üzrə 15 yanvar 2021-ci il tarixli MAP- 219182 saylı həyat sığortası şəhadətnaməsi əsasında Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. X5 adına 15.01.2021-ci il tarixli MAP-219182 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi verilmişdir. X7 12.05.2021-ci il tarixdə «dəqiqləşdirilməmiş koma, beyin ödemi» diaqnozu ilə vəfat etmişdir. İddiaçı X3nun ölümü ilə bağlı müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Sığorta Şirkəti ASC-yə məlumat vermişdir. Sığorta şirkətinin İdarə heyətinin sədri Azər Əliyev tərəfindən Cavabdeh SŞ ASC-yə daxil olmuş 16 iyul 2021-ci il tarixli 643 saylı sorğuya baxılması, məlumatın «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən sığorta sirri hesab edilməsi və həmin məlumatların açıqlanmasının Qanuna əsasən qadağan olunması barədə iddiaçıya cavab verilmişdir. İddiaçı bu cavabdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək, fiziki şəxs olan borclu isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 907.1-ci maddəsinə əsasən icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. Mülki Məcəllənin 907.3-cü maddəsinə əsasən sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 5.1-ci bəndinə əsasən bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur. Qaydaların 5.2, 5.2.1, 5.2.2, 5.2.3, 5.2.4, 5.2.5, 5.2.6, 5.2.7, 5.2.8-ci bəndlərinə əsasən aşağıdakılar nəticəsində baş verən hadisələrə sığorta müqaviləsi üzrə təminat verilmədiyi hallarda, onlar sığorta hadisəsi hesab edilmir: sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasın; sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq iğtişaşlarında fəal iştirakı; nüvə, bioloji və kimyəvi vasitələrdən istifadə etməklə həyata keçirilən terror aktları; sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi olan qanunazidd hərəkətləri; sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi; nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri; sığorta olunanın özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması; sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması. Qaydaların 16.1, 16.1.1, 16.1.2-ci bəndlərinə əsasən sığorta müqaviləsində bu Qaydaların 13.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi 16.3-cü bəndi nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir: Sığorta olunan öldükdə sığorta məbləğinin 100 faizi həcmində; Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halında ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış miqdarda. Qaydaların 16.2, 16.2.1, 16.2.2-ci bəndlərinə əsasən sığorta müqaviləsində bu Qaydaların 13.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir: Sığorta olunan öldüyü halda qalıq borc məbləğində; Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində. Qaydaların 16.3-cü bəndinə əsasən sığortaçı bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borc verənə verir. Sığorta ödənişi qalıq borc məbləğindən çox olduqda qalan məbləğ sığorta olunana və ya onun vərəsələrinə ödənilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, iddiaçıya ərinin ölümü ilə bağlı sığorta ödənişinin verilməsindən imtina üçün əsas yoxdur. Bu səbəbdən, iddia qismən – sığorta ödənişinin verilməsi hissəsində təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.01.2021-ci il tarixli MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq 52.272 manat 66 qəpik məbləğində pulun "xxxx" ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulmalı və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, ona vurulmasını iddia etdiyi mənəvi zərərin nədə ifadə olunmasını əsaslandırmamış, subyektiv mülahizəsinə istinad edərək cavabdehə qarşı 50.000 manat həcmində mənəvi zərərin ödənilməsi tələbi irəli sürmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.01.2021-ci il tarixli MAP-219182 saylı müqavilə şərtlərinə uyğun olaraq 52.272 manat 66 qəpik məbləğində pulun "xxxx" ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulsun və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar