Məhkəmə qərarları › İş №2(006)-572/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-572/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-572/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublkası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının müdafiəsi zamanı travma alaraq ikinci dərəcəli əlil olduğu üçün ona 6600 manat sığorta pulu ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 1995-ci ildə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 28.09.2017-ci il tarixli, 1658 nömrəli Qərarından görünür ki, hərbi xidmət vəzifələrini yerinə yetirərkən “qəlpə yarası” diaqnozu ilə yaralanmışdır. Həmin qərardan görünür ki, aldığı xəsarət hərbi travmadır və hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alınmışdır. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitisiya Xidmətinin 21.11.2017-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmağı ilə bağlı ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bu səbəbdən sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun5-ci maddəsinin “ç” bəndinə istinad edərək, əlillik dərəcəsinin xidmətdən buraxıldığı gündən 3 il müddətinə təyin edilmədiyinə görə ona sığorta ödənişinin verilməsinin mümkün olmadığı bildirilmişdir. AR Dövlət Sığorta Kommersiya Şirkətinin bu istinadını əsassız hesab edir, çünki istinad olunan maddə yeni qəbul edilmiş qanunla çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq, ona 6600 manat sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçıya MN HHK tərəfindən təqdim edilmiş 1658 saylı, 28.09.2017-ci il tarixli arayışdan məlum olur ki, şəxs Ağdam RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağrılmışdır və şəxsin həmin ildə aldığı xəstəlik hərbi xidmət dövründə alınmışdır. Həmçinin, arayışa əsasən şəxsin 08.04.2008-ci ildə aldığı travma hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İddia ərizəsinə əlavə olunan Ağdam rayon Məhkəməsinin 2(13)-79/2016 saylı, 25.01.2016-cı il tarixli qətnaməsinin təhlilindən məlum olur ki, İddiaçı 03.03.1998-ci ildə yaralanmışdır və qətnamə ilə şəxsin şəxsin hərbi xidmət vəzifəsini yerinə yetirərkən kəllə beyin travması alması faktı müəyyən edilmişdir. Təqdim olunan ƏƏSMN TSEK-nin arayışından aydın olur ki, şəxsə 21.11.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sənədlərin təhlili göstərir ki, şəxs müxtəlif tarixlərdə hərbi travmalar almış və hərbi xidmətdən tərxis olunmuş olsa da, əlillik dərəcəsi şəxsə 21.11.2017-ci ildə təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçu on bir min manat sığorta edilir. Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisəsi hesab edilir və onlara görə sığorta ödənişləri bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir və həmin maddənin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət almasına, habelə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiq hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən edildikdə. Buradan da görünür ki, şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra göstərilən müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Qeyd olunanlara əsaslanaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 28.09.2017-ci il tarixli, 1658 saylı qərarından görünür ki, Ağdam RHK tərəfindən 1995-cİ ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və 23.08.1995-ci ildən 14.09.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Malyariya” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 08.04.2008-ci ildə aldığı və 15.11.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “qəlpə yaralanmalarından sonra sol əlin arxa səthinə yaxın yerdə, 2-3-cü barmaqarası sahədə köhnə çapıq toxuma” və 02.04.1998-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanası Şəhər Poliklinikasında ambulator müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz:”Posttravmatik xroniki koxlear nevrit. Neyrosensor tip ağıreşitmə İİİ-İV dərəcə. Sağ tərəfi quru perforativ otit”, “Hərbi travmadır, xərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Ağdam Rayon Şöbəsinin 14.12.2017-cİ il tarixli arayışından görünür ki, arayış verilir 1974-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 27.06.1995-ci il tarixdən 07.05.1998-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində həqiqi hərbi xidmət keçmişdir. 03.03.1998-ci il tarixdə Ağstafa rayonunun Tatlı kəndinin Vəlixan dağı istiqamətində düşmənə qarşı aparılan döyüş əməliyyatı zamanı düşmən tərəfindən atılmış artileriya mərmisinin partlaması nəticəsində kontuziya və sol əl nahiyəsindən qəlpə yarası xəsarəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 02 iyun 2021-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizin səhhətiniz ilə əlaqədar hərbi qulluqçların dövlət icbari şəxsi sığortası üzrə sizə sığorta ödənişinin verilməməsi barədə AR Prezidentinə ünvanladığınız 29 may 2021-ci il tarixli şikayət ərizəniz aidiyyəti üzrə Dövlət SığortaŞirkətinə daxil olmuşdur. Cavab olaraq bildiririk ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında AR-nın 20 may 1997-ci il tarixli qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda o, sığorta məbləğini almaq hüququna malikdir. Əgər hərbi xidmətdən buraxıldığınız gündən üç il müddətində TSEK tərəfindən əlillik qrupu təyin edilsəydi, o halda sizə sğorta ödənişi verilə bilərdi. Məlum olduğu kimi, siz 2008-ci ildə yaralanmısınız və bundan 9 ildən artıq müddət keçdikdən sonra, 2017-ci ildə İİ qrup əlillik dərəcəsi almısınız. Buna görə də, sizə qanunda nəzərdə tutulmuş sığorta ödənişini verilməsi qeyri-mümkündür” Beləliklə, iş materiallarından aydın olur ki, şəxs 03.03.1998-ci ildə yaralanmış və bundan 19 ildən artıq müddət keçdikdən sonra, 2017-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müxtəlif tarixlərdə hərbi travmalar almış və hərbi xidmətdən tərxis olunmuş olsa da, əlillik dərəcəsi şəxsə 21.11.2017-ci ildə təyin edilmişdir. Şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra 3 il müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Belə olan halda, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublkası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar