Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5760/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta müqaviləsi üzrə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta müqaviləsi üzrə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış BMW 325X1 markalı, ** VK *** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü X2 03 may 2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Dərnəgül şossesində yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən hadisənin baş verməsi Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli İXP ******* saylı protokolla öz təsdiqini tapmışdır. Həmin hadisə nəticəsində iddiaçıya məxsus Tayota Prius markalı, ** VK *** dövlət nömrə nişanlı minik avtomobilinə də zərər dəymişdir. Maşını sürən iddiaçının babası idi, özü maşında olmamışdır. Baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus Tayota Prius markalı, ** VK *** dövlət nömrə nişanlı minik avtomobilinin sol hissəsi zədələnmişdir. Bu barədə daxili işlər orqanı tərəfindən “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” 03.05.2021-ci il tarixli, 044829 saylı arayış təqdim edilmişdir. Hadisə zamanı ona məxsus Tayota Prius markalı ** VK *** dövlət nömrə nişanlı minik avtomobilin ön şüşəsi, qabaq sol qapı şüşəsi, qabaq sol qapı güzgüsü, qabaq sol podkrılnik, qabaq sol stupitsa və qabaq sol krılo tamamilə yararsız hala düşmüşdür. Dəymiş zərərin məbləği 1300 manat təşkil edir. Zərərin əvəzinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də dəymiş zərərin ödənilməsindən formal mülahizələrlə imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən vurulmuş maddi ziyanın əvəzi olaraq 1300 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığını bildirərək iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə baş verərkən protokol tərtib olunmuşdur və protokolda hadisənin səbəbkarının sürücü deyil, sərnişin olması qeyd olunmuşdur. Sığorta şirkəti müqaviləni sərnişinlə deyil, sürücü ilə bağlayır və sürücünün təqsiri ucbatından baş vermiş nəqliyyat hadisəsi ilə bağlı ödəniş edilir. İndiki halda isə ödəniş sığorta şirkətindən deyil, sərnişin kreslosunda oturan şəxsdən, yəni Heydərov Qurbandan tələb edilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AD № 755201 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən ** VK *** dövlət qeydiyyat nişanlı, «Toyota Prius (Hibrid) minik» markalı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan Bakı şəhər DYPİ-nin 05.05.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X1 AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 30 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 16.05.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hadisə zamanı ** VK *** dövlət qeydiyyat nişanlı, «Toyota Prius (Hibrid) minik» markalı avtomobilinə ** NU *** dövlət qeydiyyat nişanlı, «BMW 325 Xİ» avtomobilinin sərnişini X1 ön sağ qapını açaraq maddi zərər vurmuşdur. Bu hal Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli, İXP ******* nömrəli protokolla təsdiq olunmuşdur. Bu səbəbdən 03 may 2021-ci il tarixinə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ** VK *** dövlət qeydiyyat nişanlı, «Toyota Prius (Hibrid) minik» markalı avtomobilə dəymiş zərər üzrə sığorta şirkətinin öhdəliyi yaranmamışdır. İşdə olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən ** VK *** dövlət qeydiyyat nişanlı, «Toyota Prius (Hibrid) minik» markalı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 1300 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, 03 may 2021-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı İddiaçı məxsus ** VK *** dövlət qeydiyyat nişanlı, «Toyota Prius (Hibrid) minik» markalı avtomobilinə ** NU *** dövlət qeydiyyat nişanlı, «BMW 325 Xİ» markalı avtomobilinin sərnişini X1 ön sağ qapını açaraq maddi zərər vurmuşdur. İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, ona bildirilmişdir ki, hadisədə təqsirli olan şəxs avtomobili idarə edən deyil, avtomobildə olan sərnişindir. Buna görə də, sığorta şirkəti vurulmuş ziyanın ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə olan redaksiyada) baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Eyni Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da, iddiaçı buna razı olmamışdır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hadisənin ** NU *** dövlət qeydiyyat nişanlı, «BMW 325 Xİ» markalı avtomobilində olan sərnişinin ön sağ qapını açarkən baş verməsini əsas götürərək iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsaslıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta müqaviləsi üzrə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta müqaviləsi üzrə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim, Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5760/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5760/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver