Məhkəmə qərarları › İş №2(006)-581/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-581/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-581/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum şəhid qardaşı 17 fevral 1965-ci il təvəllüdlü polis əməkdaşı X3 31 avqust 1993-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Onun vəfatından sonra təsərüffatda onunla birgə yaşayan yalnız iki bacısı və iddiaçı qardaşı İddiaçı qalmışdır. Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən qardaşının ölümü ilə əlaqədar ödəniləcək 11.000 (on bir min) manat sığorta pulunun qardaşının varisi kimi ona ödənilməsinə iki bacısının etirazı yoxdur, onların bu barədə notarial qaydada təsdiq olunmuş ərizələri də vardır. Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən qardaşının ölümü ilə əlaqədar ödəniləcək 11.000 (on bir min) manat sığorta pulunun ödənilməsi ilə bağlı köməklik göstərilməsi üçün Daxili İşlər Nazirliyinə məktubla müraciət etmiş, müraciəti ilə bağlı araşdırma aparılmış, guya qardaşı 31 avqust 1993-cü il tarixində Qubadlı rayonunda “Qaranquş” adlı cinayətkar dəstənin üzvləri tərəfindən xidməti vəzifəsini yerinə yetiərkən qətlə yetirilmişdir cavabı verilmişdir. 1997-ci ildə hərbi qulluqçuların icbari sığorta olunması barəsində, qanun qəbul olunmuşdur. 19 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənabları tərəfindən torpaqların müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi barəsində Fərman verilmişdir. Lakin həmin Fərmanın verilməsindən sonra da onun qardaşının şəhid olması ilə əlaqədar ona sığorta (qan pulu) ödənilməmişdir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat sığorta məbləğinin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Həmçinin iddiaçıya məhkəmə tərəfindən cavabdehi əsl cavabdeh( Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ilə əvəz edilməsi təklif edilməsinə baxmayaraq İddiaçı müdafiə edərək sığorta məbləğinin ödənilməsini Dövlət Sığorta Şirkətindən tələb etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş kateqoriyaya aid hərbi qulluqçularla əlaqədar 11000 manat məbləğində birdəfəlik ödəmələrin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 mart 2019-cu il tarixində Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 996429 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 31 avqust 1993-cu il tarixində Qubadlı rayonunda ölmüşdür. Ölümün səbəbi: meyidin kəskin çürüməsi açıq qəlpə sınıqları. İş materiallarında olan 07 mart 2019-cu il tarixində Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 078336 seriya nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışın surətinə əsasən X4 13 oktyabr 2004-cü il tarixində Tərtər rayonunda ölmüşdür. Ölümün səbəbi: hipoqlikemik koma. İş materiallarında olan 07 mart 2019-cu il tarixində Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-JQ № 348330 seriya nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışın surətinə əsasən X6 20 yanvar 1992-ci il tarixində Tərtər rayonunda ölmüşdür. Ölümün səbəbi: infarkt. İş materiallarında olan 17 may 2018-ci il tarixində Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən çıxarışın surətinə əsasən X7 26 avqust 1992-ci il tarixində Ağdərə rayonunda ölmüşdür. Ölümün səbəbi: qarın boşluğuna keçən qəlpə yaraları. İş materiallarında olan 27 noyabr 2019-cu il tarixində Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən çıxarışın surətinə əsasən X5 18 may 2018-ci il tarixində Tərtər rayonunda ölmüşdür. Ölümün səbəbi: çəngələbənzər vəzinin bədxassəli yenitörəməsi. İş materiallarında olan X2, X8 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, onlar ölmüş qardaşları X1 miras qalmış birdəfəlik ödəmə məbləğinin tam şəkildə qardaşları İddiaçı ödənilməsinə razıdılar, həmin puldan pay almaq barədə gələcəkdə heç bir iddiaları olmayacaqlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin İddiaçı ünvanladığı 18 noyabr 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, X3 31 avqust 1993-cu il tarixində Qubadlı rayonunda “Qaranquş” adlı cinayətkar dəstənin üzvləri tərəfindən xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilmişdir. Göstərilənlərə əsasən, müraciətə baxılması dayandırılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından aydın olur ki, iddiaçının qardaşı X3 31 avqust 1993-cü il tarixində vəfat etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına (Fərman) uyğun olaraq iddiaçı 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin verilməsini tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin ödənişin verilməsi ilə bağlı iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının 1ci bəndində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Fərmanın 2-ci bəndində isə vurğulanır ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da, onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə iclasında İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, o, təkliflə razılaşmamış və işə hazırkı tərəflərlə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar