Məhkəmə qərarları › İş №2(006)-5849/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5849/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5849/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçını xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində xx.xx.2025-ci il tarixdən hesablanmaqla aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00622 saylı barışıq sazişindən görünür ki, tərəflər - İddiaçı (İ tərəf) və Cavabdeh (İİ tərəf) aşağıdakı şərtlərlə bağlı razılığa gəlmişlər:

1. Tərəflər onlar arasında xx.xx.2018-ci il tarixdə 844 №-li reyestr qeydi ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar.

2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 (bundan sonra uşaq) İ Tərəfin yanında qalmasına razılıq verir.

3. İİ Tərəf uşağın saxlanılması üçün 2025-ci ilin sentyabr ayından başlayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ayın 25-dən 30-ə qədər 246 manat məbləğində aliment İ Tərəfə məxsus bank kartına köçürməklə ödəməyi öz öhdəsinə götürür.

4. İ Tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərtilə, İİ Tərəfin uşaqla ünsiyyətinin öncədən xəbərdarlıq edilməklə qarşılıqlı razılıq əsasında həftənin şənbə və bazar günləri təşk olunmasına razılıq verir.

5. İlkin mediasiya xərci (60 manat) İİ Tərəf, tam mediasıya xərcinin 140 manat olan hissəsini İİ Tərəf, 60 manat olan hissəsini isə İ Tərəf ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında alimentin də tutulması qaydasını tənzimləyən barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nəzərdə tutulmuş müddətdə sazişin könüllü qaydada icra edilməməsi tərəfə həmin sazişin məhkəmə qaydasında təsdiqlənməklə məcburi icrasını tələb etmək hüququ verir. Belə olan təqdirdə tərəfə müvafiq icraat çərçivəsində barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməklə hazırki iddia əizəsinin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 267-269-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Tərəfə müvafiq icraat çərçivəsində barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar