Məhkəmə qərarları › İş №2(006)-5863/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5863/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5863/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Rəşad qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh Rəşad qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1574/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rəşad qızının xeyrinə tutulmuş alimentin miqdarının azalaraq, ondan Cavabdeh Rəşad qızının xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1574/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə xx.xx.2018ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qəl edilmişdir. O, özü hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xx.xx.2025-ci il tarixdən orada fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manatdır, icbari tutulmalardan sonra əlinə verilən məbləğ isə 210,25 manat təşkil edir. Onun bu işdən başqa hər hansı əlavə olaraq işlədiyi bir iş yoxdur və hər hansı əlavə qazancı da yoxdur. Bununla yanaşı onun Azərbaycan Beynəlxalq Bankına kredit borcu olduğundan, hər ay minimum 250 manat bank kreditinə ödəməli olmuşdur. O, hazırda anası ilə birlikdə yaşayır və ona da özü baxır, ona da maddi cəhətdən köməklik edir. Bundan başqa, özü şəkər xəstəsidir və dərmanlarına pul çatdırmaqda belə çətinlik çəkir. Onun ödəməli olduğu cəmi 492 manat aliment onun aldığı əmək haqqı edir. Ona görə də, bu alimenti ödəmək ona çox çətindir, hətta mümkünsüzdür. O, aldığı əmək haqqının qanunda nəzərdə tutulmuş miqdarda uşaqlara verməyə razıdır, yoxsa 500 manatın 492 manatın hər ay onlara versə, onda onun həyatda yaşamasına kim köməklik edəcək. Ona görə ki, ondan tutulan alimentin ümumi miqdarı onun qazancının çox hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Belə ki, qanunda nəzərdə tutumuşdur ki, iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, qətnamə ilə alimentin tutulması müəyyən edilərkən rəsmi iş yeri olmamışdır. Sonradan, iyun ayında etibarən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında fəhlə vəzifəsinə işə düzəlmişdir. Hesab edir ki, aliment onun maaşından hissə şəklində tutulmaqla ödənilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməisnə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o, uşaqları ilə birlikdə kirayədə qalmaq məcburiyyətindədir, iddiaçı tərəfindən ödənilən aliment uşaqların günlük xərclərini belə qarşılamır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1032 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 08 yanvar 2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən həmin qurumda “fəhlə” vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı vəzifə maaşı 400 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Ali Məhkəmənin Plenum qərarı: 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmənin mövqeyi: Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının azaldılması və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında alimentin tutulması tələbinə dair mülki işə baxılarkən (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçının rəsmi iş yeri mövcud olmamış, verdiyi izahatında iddiaçı 350 manat aliment ödəmək iqtidarında olduğunu bildirmiş, həmçinin ötən müddət ərzində qətnamə ilə müəyyən edilən alimenti hissələrə bölünməklə də olsa ödəmişdir. Keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, hazırda rəsmi işlə təmin olunmaqla aylıq stabil gəliri də vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (gəlirinə uyğun alimentin hissə şəklində tutulması) uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi və iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı həddə azaldılması uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı isə yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını(400x1/3=133)istəmişdir.Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki İddiaçı Cavabdeh Rəşad qızına qarşı alimentin azaldılması barədə iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarına əlavə edilmiş qəbzən görünür ki, iddiaçı mediasiya xidməti üçün Bakı 2 saylı Mediasiya Təşkilatına 60 manat ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəmədiyindən, dövlət rüsumunun ödənilməsindən azad olunan şəxslər kateqoriyasına aid olmasına dair sənəd təqdim etmədiyindən və iddiası rədd edildiyindən ondan 40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Rəşad qızına qarşı alimentin azaldılması barədə iddia tələbi təmin edilməsin. İddiaçı 40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar