Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-590/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan ** CJ *** dövlət qeydiyyat nişanlı, Ford Transit markalı avtomobilə zərər dəymişdir. "Bosch Service” avto-təmir sexi tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərərin ümumilikdə 2755 (iki min yeddi yüz əlli beş) manat olmasına dair qiymətləndirilməsi barədə 30 yanvar 2024ci il tarixli "xxxx" tərtib olunmuşdur. Tərəfindən "xxxx" əlavə olunmaqla Azərbaycan Reapublikası Dövlət Sığorta kommersiya Şirkətinə müraciət etsə də, cavabdehin özü tərəfindən mülkiyhyyətində olan ** CJ *** dövlət qeydiyyat nişanlı, Ford markalı avtomobilə dəymiş zərər cəmi 1465 manat qiymətləndirilməsi barədə formal olaraq “qüsur aktı” tərtib olunmuşdur. Halbuki, cavabdeh tərəfindən olunan müraciət əsasında avtomobilə servisdə baxış keçirilməsi səthi aparılmış və avtomobildə görülməli olan işlər düzgün qiymətləndirilməmişdir. Bundan sonra iddiaçı tərəfindən İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanunun 52-1.3-cü maddəsinə əsasən Mərkəzi Bank edilmiş müraciətlər əsasında yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə ** CJ *** dövlət qeydiyyat nişanlı, X11 markalı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi müstəqil ekspertə həvalə edilmişdir. Müstəqil ekspert tərəfindən cavabdehin maraqlarına uyğun tərtib edilmiş “qüsur aktı” əsaslanan və nəqliyyat vasitəsinə dəymiş zərərin cəmi 1700 manat olmasına dair ekspert rəyi tərtib olunmuşdur. İddiaçı cavabdehin müraciəti ilə tərtib olunmuş qüsur aktı və müstəqil ekspert rəyində göstərilən məbləğlə razı deyil. Məhz bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan ** CJ *** dövlət qeydiyyat nişanlı, Ford Transit markalı avtomobilə dəymiş 2755 manat zərərin və iddia tələbi üçün ödənilmiş 47.55 manat dövlət rüsumunun əvəzinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, yəni 1700 manat məbləğində təmin edilməsi, geri qalan hissədə isə rədd edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Digah qəsəbəsində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi baş vermişdir. İddiaçı tərəfindən idarə edilən “Ford Transit” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə olunan “X10” yük markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. “Ford Transit” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil şirkətdə icbari qaydada sığortalandığından İddiaçı Qil oğlu sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. Şirkətlə müqavilə əsasında yardımçı fəaliyyət göstərən “Kia Motors” seviş mərkəzi tərəfindən avtomobilə baxış keçirilmiş və “Ford Transit” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 1465 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd olunan məbləğlı razı olmadığından qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərin məbləği Müstəqil ekspert tərəfindən yenidən qiymətləndirilmişdir. Müstəqil ekspert X2 tərtib etdiyi 2001ADS№-li, xx.xx.2024-cü il tarixli qüsur atkına əsasən “Ford Transit” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1700 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən “Bosch Service” avto təmir sexinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə qiymətləndirmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilə 2755 manat məbləğində zərər dəydiyi qeyd olunmuşdur. Hesab edilir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə aktı real zərəri əks etdirməyindən, qiymətləndirməni aparan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta sahəsində səlahiyyətli qiymətləndirici olmadığından sığorta hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsində müstəqil ekspertin qüsur aktı əsas götürülməli, 1700 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq icbari sığortanın olduğunu, kasko sığortaya müraciət etməməsinə səbəb kimi illik icbari sığorta üçün iki yüz manat ödəniş etdiyini və beş min manata qədər dəyən zərəri şirkətin qarşılamalı olduğunu bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddianın yalnız 1700 manat dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməsinə razıdırlar. Qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, cavabdehin iddia tələbini qismən etiraf etməsini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ** CJ *** dövlət qeydiyyat nişanlı, Ford Transit markalı avtomobil xx.xx.2024-cü il tarixə qədər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. 10.Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** CJ *** dövlət qeydiyyat nişanlı, Ford Transit markalı avtomobilin sahibi İddiaçıdur. 11.Mülki işin materiallarında olan “Bosch Service” avto-təmir sexi tərəfindən verilən xx.xx.2024-cü il tarixli nöqsan aktından görünür ki, sifarişçi İddiaçı sifarişi əsasında ** CJ *** dövlət qeydiyyat nişanlı, X11 markalı avtomobilin təmir-bərpa xərcinin 2755 manat təşkil etdiyi müəyyən edilmişdir. 12.Mülki işin materiallarında olan müstəqil ekspert X4 tərəfindən verilən xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, 2011-ci il buraxılış ili olan, X11 markalı, ** CJ *** d.q.n-li avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 1700 manat zərər dəydiyi müəyyən edilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 9/9484 nömrəli ekspert rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan, “Bosch Service” (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktına əsasən 2011-ci il buraxılışlı, mühərrikin iş həcmi 2400 sm3, “X11” markalı, Vqon tipli, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2345,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 1435,00 manat, təmir-bərpa işlərinin qiyməti – 910,00 manat. 2. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan, “Müstəqil ekspert X4” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 2011-ci il buraxılışlı, mühərrikin iş həcmi 2400 sm3, “X11” markalı, Vqon tipli, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1650,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 840,00 manat, təmir-bərpa işlərinin qiyməti – 810,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. 15.Mülki işin materiallarına əlavə edilən fotoşəkillər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan “Ford Transit” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi əsasında cavabdeh şirkətdə xx.xx.2023-cü il tarixdə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş avtoqəza nəticəsində sözügedən avtomobilə ziyan dəymiş, “Bosch Service” avto-təmir sexi tərəfindən avtomobilə baxış keçirildiyi zaman dəyən zərərin məbləği 2755 manat həcmində müəyyən edilmiş, bundan sonra iddiaçı tərəfindən müvafiq sığorta ödənişinin ödənilməsi məqsədilə cavabdeh şirkətə müraciət etmiş, “Kia Motors” servis mərkəzi tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş zərərin həcmi 1465 manat həcmində müəyyən edilmiş, iddiaçı qeyd edilən məbləğlə razılaşmadığından müstəqil ekspert tərəfindən yenidən qiymətləndirmə nəticəsində dəymiş zərərin məbləği 1700 manat müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, müstəqil ekspert rəyi ilə razı olmadığını iddia edərək dəymiş zərər kimi 2755 manat və ödənilmiş dövlət rüsumu kimi 47.55 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, iddia tələbinin 1700 manat həcmində təmin edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925-1.1 və 925-1.5-ci maddələrinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 18.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.2-16.3-cü maddələrinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 19.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.Məhkəmə iddia tələbinə münasibətdə “2.755 manat məbləğində sığorta ödənişinin ödənilməsi” hissəsi və cavabdehin tələbin bu hissəsini qismən – 1.700 manat hissədə etiraf etməsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. 21.Belə ki, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Buna görə də iddiaçının dəymiş zərərlə bağlı sığorta ödənişini tələb etməyə hüququ olmuşdur. 22.Lakin zərərin qiymətləndirilməsi, yəni sığorta ödənişinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş, belə ki, iddiaçı sığorta hadisəsindən sonra “Bosch Service” avto-təmir sexinə müraciət etmiş, oradan verilən nöqsan aktına əsasən təmirbərpa xərcinin 2755 manat olması iddiaçı bildirilmişdir. 23.Bundan sonra cavabdehlə müqavilə əsasında fəaliyyət göstərən “Kia Motors” servis mərkəzi tərəfindən avtomobilə baxış keçirilmiş və zərərin həcmi 1465 manat müəyyən edilmişdir. 24.Yalnız bundan sonra iddiaçı ona təqdim olunmuş siyahıda göstərilən, rəsmi reyestrdə qeydə alınan müstəqil ekspertlərdən birinə müraciət edilməsinə razılıq vermiş və həmin ekspert tərəfindən tərtib edilmiş rəydə avtomobilə 1700 manat zərər dəyməsi müəyyən edilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmamış, buna görə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən, onun maşınına “Bosch Service” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2.345 manat, müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən isə 1.650 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. 25.Məhkəmə sözügedən ekspert rəyini hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edərək hesab edir ki, həmin rəydə iş materiallarında olan hər iki qüsur aktına istinadən ayrı-ayrı məbləğlər müəyyən edildiyindən və cavabdeh 1.700 manat sığorta ödənişini ödəməyə razı olduğundan məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyində zərər kimi həmin məbləğlərə uyğun ortaq məbləğ çıxarılaraq 2.000 (2345 (yüksək məbləğ olan rəy) -1650 (az məbləğ olan rəy) / 2=347,50 (hər ikisi arasındakı fərqin ortaq rəqəmi) +1650 (az məbləğ olan rəy) ≈2.000 (ağlabatan məbləğ)) manat məbləğində sığorta ödənişi cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. 26.Məhkəmə tələbin ödənilmiş 47.55 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə isə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. 27.Həmçinin, ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manatı İddiaçı, qalan 25 (iyirmi beş) manatı isə Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 28.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2.000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin, qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manatı İddiaçı, qalan 25 (iyirmi beş) manatı isə Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.