Məhkəmə qərarları › İş №2(006)-5917/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5917/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5917/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.321 manat əsas və 3000 manat mənəvi ziyan, ödənilmiş 15 (otuz) manat dövlət rüsumu borc tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2018ci ildə oğlunun təhsil aldığı Baki şəhəri Yasamal rayonu ərazisində yerləşən 60 saylı tam orta məktəbdən tanədəğı müəllimə Cavabdeh 4.321 manat dəyərində qızıl-zinyət əşyaları və müxtəlif pal-paltar çeşidlərini onun özünün təkidi və xahişi ilə nisyə, yəni pulunu almadan satmışdır. Cavabdeh aldığı qızılzinət əşyaları və paltarlara görə onu aldadıb pulunu verməyəndə o məcbur olub onun etibardan sui-istifadə etməsi barədə Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin təhqiqatçısı Fuad Cənnətovun 06 iyun 2021ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan müddətlər ərzində o, pulunun qaytarılması üçün dəfələrlə Cəmilə Ağadadçovanın işlədiyi 60 saylı orta məktəbə onun və məktəb rəhbərliyinin yanına getsə də heç bir xeyri olmamışdır. O, hətta pulunun və ya aldığı malların qaytarılması üçün Cəmilə xanımın oğluna da müraciət etmiş, lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də əsaslanmış mülki iddia ərizəsi ilə müraciət edərək öz haqqını tələb edir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqqatçısı Fuad Cənnətov izahat verən Cavabdeh yalnız 1850 manat borcu olmasını qeyd etsə də, qızıl zinyət əşyalarına görə borclu qaldığı 2471 manatı danmış, yəni etiraf etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmir. O, 60 saylı tam orta məktəbdə müəllim işləyir. İddiaçı nisyəyə qızıl almış və hissə-hissə ödəməyə razılaşmışlar. Hər ay 200 manat pul ödəyirdi, hətta pandemiya şəraitində də ödəyirdi. Sentyabrda başlanan müharibədə oğlu iştirak etdiyi üçün maddi imkanı olmamış və bu müddət ərzində heç bir ödəniş edə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin təhqiqatçısı Cənnətov Fuad tərəfindən qəbul edilmiş 06 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Həmin Qərardan görünür ki, Cavabdeh İddiaçı 1850 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni novlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.850 manat əsas və ödənilmiş 15 (otuz) manat dövlət rüsumu borc tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.850 manat əsas borc və ödənilmiş 15 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar