Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5963/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı Müseyib oğlunun iştirakı ilə İddiaçı Müseyib oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müseyib oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 1994-1996-cı illərdə AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi xidmət keçmişdir. Xidmət dövrü 01.02.1994cü il tarixində döyüş vaxtı ağır yaralanmış və sağlamlığını itirmişdir. 07.01.2013-cü il tarixində 31 №-li TSEK tərəfindən ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əliliyin səbəb əlaqəsi: “Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər ona 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etmiş, ona bildirilmişdir ki, birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar qəbul edildikdən sonra tələbi təmin olunacaqdır. Göstərilənlərə əsasən cavabdehdən İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Müseyib oğlu iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddia ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 05 may 2010-cu il tarixli, 611 №-li Qərarından görünür ki, Masallı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı Müseyib oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 01.02.1994-cü ildə aldığı və 02.02.1994-cü ildən 04.02.1994-cü ilə kimi kliniki tibbi mərkəzdə müayinə zamanı təyin olunduğu yaralanma diaqnoz: «Sağ təpə nahiyəsində yumşaq toxumanın qəlpə yarası» (Masallı RHK-nın 24.04.2010-cu il tarixli, 177, 179 nömrəli gönərişləri. 24.04.2010-cu il tarixli 178 nömrəli arayışı, kliniki tibbi mərkəzdən verilmiş 1303 nömrəli xəstəlik tarixindən çıxarış epikrizı, MN MHHK-nın həkim-mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» və 23.09.1995-ci ildən 21.10.1995-ci ilə kimi Saatlı rayonu marten xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Kəskin - zenteriya, orta-ağır gedişli. Kəskin pielonefrit» (Saatlı rayonu mərkəzi xəstəxanasından verilmiş 21.10.1995-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». İş materiallarında olan Azərbaycan Respublikaüsı Əmək və Əhalinin Müdafiəsi Nazirliyi 31 №-li Tibbi-Sosial Ekspert Komissiyasında müayinə aktından çıxarışa əsasən, İddiaçı Müseyib oğlu 2-ci qrup əlildir, TSEK-in diaqnozu: “Keçmiş QKBT-dan sonrakı qalıq əlamətləri. Ensefalopatiya, asteno-nevrotik sindromla, şəxsiyyətin isterik inkişafı, sol təpə nahiyyəsində yumşaq toxumanın qəlpə yarası.” Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. İş materiallarında olan № НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Müseyib oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı Müseyib oğluna ünvanlanmış məktuba əsasən İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar verildikdən sonra İddiaçı Müseyib oğlunun tələbi təmin olunacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı Müseyib oğlu “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Müseyib oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat İddiaçı Müseyib oğluna ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı Müseyib oğluna 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin iş materiallarında olan MV seriyalı № 065291 nömrəli vəsiqənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Müseyib oğlu müharibə veteranıdır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə etmək hüququna malikdir. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı Müseyib oğlunun xeyrinə ödənilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5963/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5963/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver