Məhkəmə qərarları › İş №2(006)-597/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-597/2021

20.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-597/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Nmazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün müvafiq tədbir görülməsini və cavabdehdən qanunvericiliyə uyğun olaraq tam məbləğdə son haqq-hesab və iki aylıq işdənçıxma müavinətinin geri qaytarılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 17.02.2017-ci il tarixdən 21.11.2019-cu il tarixinə qədər "Cavabdeh2" MMC-də Mehmanxana meneceri vəzifəsində çalışmışdır. 13.11.2019-cu il tarixində işəgötürən müəssisənin bağlanması haqqında telefonla zəng vurub şifahi şəkildə xəbərdarlıq etmiş və işəgötürən 21.11.2019-cu il tarixində onunla bağlanmış əmək müqaviləsinə bir tərəfli qaydada xitam vermişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq və qeyd edilənləri nəzərə alaraq İşəgötürən tərəfindən mənim hüquqlarımın pozulması halı baş vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış 17.02.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Biryukova (Myatişkina) Nelli Vitalyevna menecer vəzifəsi üzrə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən işəgötürən əmək funksiyasının yerinə yetirilməsinə görə cəmiyyətin aylıq tarif haqqı (vəzifə maaşı) əsasında 656 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 17.02.2018-ci il tarixli, 3 nömrəli əmrindən görünür ki, Nelli Vitalyevna 17.02.2018-ci il tarixdən maaşı əmək müqaviləsinə uyğun olaraq ödənilməklə cəmiyyətə menecer vəzifəsinə işə qəbul edilmişdir. 07.03.2018-11.12.2019-cu il üzrə şəxsi hesab çıxarışından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı 560,11 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 04.03.2019-cu il tarixli, 8 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125.1-ci maddəsinə əsasən cəmiyyətin meneceri X2 04.03.2019-cu il tarixdən 07.07.2019-cu il tarixinədək 126 təqvim günü müddətinə hamiləliyə və doğuma görə ödənişli sosial məzuniyyət verilmişdir. İşçi 08.07.2019-cu il tarixindən işə başlamalıdır. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 08.07.2019-cu il tarixli, 17 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125 1-ci maddəsinə əsasən cəmiyyətin meneceri İddiaçı verilmiş hamiləliyə və doğuma görə ödənişli sosial məzuniyyət 08.07.2019-cu il tarixdən 21.07.2019-cu il tarixinədək 14 təqvim günü müddətinə uzadılmış və İşçi 22.07.2019-cu il tarixindən işə başlamalıdır. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 22.07.2019-cu il tarixli, 18 nömrəli əmrindən görünür ki, Nelli Vitalyevnaya 22.07.2019-cu il tarixdən 30.07.2019-cu il tarixinə kimi 9 təqvim gunü əmək məzuniyyəti verilmişdir. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 16.10.2019-cu il tarixli, 27 nömrəli əmrindən görünür ki, 20 noyabr 2019-cu il tarixindən cəmiyyətə məxsus olan, Bakı şəh., Babək pr. 10 B ünvanında yerləşən "Terrace Hotel" obyektinin ləğv edilməsi, ləğv edilmə ilə bağlı bütün işçilərin məlumatlandırılması və digər lazimi tədbirlərin görülməsi qət edilmişdir. Cavabdeh2 MMC-nin direktoru Rüstəm İbrahimovun 21.11.2019-cu il tarixli, 32 nömrəli əmrindən görünür ki, “21” noyabr 2019-cu il tarixdən cəmiyyətin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsi ilə əlaqədar) əsasən işdən azad edilməsi və ona son haqq-hesab ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə Cavabdeh2 MMC arasında bağlanılmış əmək müqaviləsinə 21.11.2019-cu il tarixdə xitam verilmişdir. 01.01.2019-07.09.2020-ci il üzrə şəxsi hesab çıxarışından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı son haqq-hesab kimi hesablanmış 973,95 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş zəhmət haqqı üzrə hesablaşmadan görünür ki, İddiaçı veriləcək ümumi məbləğ 973,35 manat hesablanmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27.03.2019-cu il tarixdə verilmiş adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X3 soyadını “Myatişkina”dan “Biryukova”ya dəyişdirmişdir. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 29.10.2020-ci il tarixli məktubundan görünür ki, onun Cavabdeh2 MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Onun və Emin Neymətovun təqdim etdiyi sənəddən məlum olmuşdur ki, müraciətdə qeyd edilən məsələlərə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılır. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən "Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. X4 və X1 müraciətlərinə tərəflərindən baxılmış və təqdim edilən bank sənədlərinə əsaslanaraq son haqq hesablarının vaxtında ödənilmədiyi üçün müəssisə rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq İnzibati xəta haqqında 23.01.2020-ci il tarixli MN ******* nömrəli Protokol, 04.02.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və **********6 nömrəli 17.02.2020-ci il tarixli məktubla cavablandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə görə müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə görə, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, (Myatişkina) İddiaçı 17.02.2018-ci il tarixdə Cavabdeh2 MMC-də menecer vəzifəsinə işə qəbul edilmiş, 21.11.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv edilməsi ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İşin mübahisələndirilən halları isə işdən azad olunarkən işçiyə işdən azad olunma ilə bağlı son haqq-hesabın düzgün həyata keçirilib-keçirilməməsi barədə olan məsələlərdir. Bu halların araşdırılması üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.04.2021-ci il tarixli, 9/1502 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, tədqiqatla mövcud iş materiallarında olan sənədlər nəzərə alınmaqla Cavabdeh2 MMC tərəfindən İddiaçı 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona işdənçıxarma müavinəti və son haqq-hesab ödənişlərinin məbləği DSMF və İSH üzrə tutulmalar nəzərə alınmaqla 973,35 manat məbləğində müəyyən edilir (o cümlədən: 625,82 son haqq-hesab məbləği - 446,08 manat hesablanmış əmək haqqı - 98,55 manat DSMF və İSH üzrə cəmi tutulmalar). Həmçinin 01.01.2019-07.09.2020-ci il üzrə şəxsi hesab çıxarışına əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı son haqq-hesab kimi hesablanmış 973,95 manat məbləğində pul ödənilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Çünki İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən ödənilmiş son haqq-hesabın düzgün hesablanmadığına, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxma müavinəti və digər ödəmələrin düzgün həyata keçirilmədiyinə istinad etsə də işdə olan sübutlara əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı son haqq-hesab kimi ödənilmiş pul vəsaitinin ekspert rəyində göstərilən məbləğlə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə qeyd edilən maddi və prosessual hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 119.2, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh2” MMC-yə qarşı “son haqq-hesabın və s. ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar