Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5988/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh: - İddiaçı hamiləlik dövründə saxlanması və uşağın dünyaya gələcəyi ilə bağlı doğuş xərclərinə görə birdəfəlik olaraq 1500 (bir min beş yüz) manat pul məbləğinin tutulması - doğulacaq uşağın yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin və 3 yaşı tamam olanadək əlavə xərclərə görə 200 (iki yüz) manat pulun tutulmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
2. Məhkəmə hazırlıq iclasında İddiaçı ərizə təqdim edərək hazırkı iş üzrə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı.
4. Məhkəmə iddiaçının ərizəsini (vəsatətini) nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 170.1-ci maddə. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər;
6. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
7. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova