Məhkəmə qərarları › İş №2(006)-5989/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5989/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5989/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövrü ilə əlaqədar olan İİ qrup əlil kimi 6.600 manat icbari sığorta pulunun Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 30 yanvar 1992-ci il tarixdən 21 iyul 1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüşən N saylı hərbi hissəsində xidmət keçmişdir və 17.02.1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 02.05.2017-ci il tarixli müayinəyə dair məlumata əsasən ona 2ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı xidmət dövründə aldığı xəsarət əlilliyin səbəbi olması qeyd olunmuşdur. Hərbçi olaraq ona verilməli olan icbari sığorta məbləğini ala bilməmişdir. Əlavə olunan sənədlərlə təsdiq edilir ki, döyüş zamanı aldığı xəsarətlə bağlı ona 2005-ci ildən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Hərbi qulluqçu kimi xidmətdən tərxis olunan tarixdən və hazırda müddətsiz 2-ci qrup əlillik təyin edildiyi üçün ona dövlət büdcəsindən 6.600 manat sığorta pulu verilməlidir. Bu barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin bu günə kimi cavab verilməmişdir. O, hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasına gələ bilməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1973cü il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. İsmayıllı RHK tərəfindən verilmiş ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12.02.1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, TSEK-in diaqnozundan göründüyü kimi, kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Sağ bazunun orta 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmalarından (ayda 7-8 dəfə) əziyyət çəkir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının 25.11.2015-ci il tarixli qərarına əsasən İsmayıllı RHK tərəfindən 1991-ci il hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 13.02.1994-cü ildə aldığı və 13.02.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə olunduğu yaralanmadiaqnoz: “Sağ bazunun orta 3/1-nin yumşaq toxumalarının dəlib keçən güllə yaralanması” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Səbail rayon idarəsinin 23.10.2015-ci il tarixli 1373 nömrəli göndərişi, 23.10.2015-ci il tarixli 1372 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 17.02.1994-cü il tarixli 381/66 saylı nömrəli xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təstiq edilir), “Hərbi travmadır, Azərbayca Respublikasının müdafiəsi zamanı alımışdır”. Beləliklə, mübahisəsiz qaydada İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma aldığına görə ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar