Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6128/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinə qarşı «müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativinə qarşı «müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 02 avqust 2012-ci ildə Nizamnamə əsasında fəaliyyət göstərən və ünvan 1 ünvanda yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə müqavilə bağlamış və bu müqavilədə Bakı şəhəri İcra Hakimiyyətinin 335 saylı 01 avqust 2012-ci il tarixli Sərəncamı ilə Cavabdeh MTK-ya Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış kompleksinin layihələndrilməsi və tikinti üçun torpaq sahəsi ayrılıb və tikinti «FF-MTK-nin üzvlərinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin «1.1» bəndində göstərilənlərə əsaslanaraq «Kooperativ» həmin ünvanda kompleksin tikintisi başa çatdıqdan sonra 4-cü blok, 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 350 kv.metr təşkil edən 5 otaqlı 93 saylı mənzili «Payçı»ya verməsini öz öhdəsinə götürmüşdür. «Payçı» olaraq iddiaçı da 400 min manat pulu dərhal ödəmiş, 55 min manatı isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2012-ci il tarixli maliyyə arayışından görünür ki, bu kompleksin 4-cu blok, 6-cı mərtəbəsində yerləşən 5 otaqlı 93 saylı və ümumi sahəsi 350 kv.metr təşkil edən mənzilin dəyəri olan 400 000 manat iddiaçı tərəfindən Cavabdeh MTK-nın xəzinəsinə ödənilmişdir. Müqavilənin bağlandığı vaxtdan üç il keçdikdən sonra yaşayış binasının tikintisinə çətinliklə başlanılmış və 2018-ci ilədək cəmi 6 mərtəbə tikilmişdir. Bundan sonra tikinti müxtəlif dövlət orqanları tərəfindən dayandırılmışdır və hazıradək bu tikintinin aparılmasına müxtəlif nəzarət orqanları tərəfindən icazə verilmir. Belə ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 saylı Sərəncamı ilə qeyd olunan yaşayış binasının Cavabdeh MTK tərəfindən tikintisinə icazə verilmiş, lakin tikintiyə icazə verilməsi barədə 346 saylı Sərəncam Bakı şəhər İcra Hakimiyyətinin 01.10.2018-ci il tarixli 451 nömrəli Sərəncam ilə də ləğv edilmişdir. Bu Sərəncamın ləğv edilməsi barədə Cavabdeh MTK 05.04.2019-cu ildə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddiaçının 23.04.2019-cu il tarixli ərizəsi əsasında məhkəmə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Halar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 3-cü şəxs qismində cəlb edilmişlər. 21.10.2019-cu ilə təyin edilmiş məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmədiyindən öz qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh MTK tikintiyə icazə verilməsi üçün bir daha təşəbbüs göstərməmişdir. Bundan sonra da tikintiyə icazə verilməsi demək olar ki, qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh artıq tikintinin davam etdirilməsinin qeyri-mümkünlüyünü dərk edərək məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehə ödənilmiş pulların geri qaytarılması barədə rəsmi müraciət olunmuş, lakin heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən, onunla Cavabdeh MTK arasında 02 avqust 2012-ci ildə bağlanmış müqavilənin ləğv olunması və bu müqaviləyə əsasən Cavabdeh MTK-ya həmin tarixdə ödədiyi 400 000 (dörd yüz min) manat pulun və ödədiyi rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, Cavabdeh MTK arasında 02 avqust 2012-ci ildə bağlanmış müqavilənin ləğv olunması və bu müqaviləyə əsasən Cavabdeh MTK-ya həmin tarixdə ödədiyi 350 000 (üç yüz əlli min) manat pul və ödədiyi rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında bağlanılan müqavilədə binanın təhvil verilməsi ilə bağlı son müddət qeyd olunmamışdır, yəni müddət məhdudiyyəti yoxdur. Buna görə də iddiaçının indiki zamanda tikintinin başa çatdırılmamasına görə kompensasiya tələb etməyə hüququ yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «Kooperativ» qismində "xxxx" MTK-nın İdarə Heyətinin X1 ilə «Payçı» qismində İddiaçı arasında bağlanılmış 02 avqust 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 4-cü blok, 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 350 kv.m təşkil edən 5 otaqlı, 93 saylı mənzili «Kooperativ» «Payçı»-ya verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməsini öz öhdələrinə götürmüşlər. «Payçı» tərəfindən «Kooperativə» 400 000 (dörd yüz min) manat ödənilmiş, qalan məbləğ hissəsi – 55 000 (əlli beş min) manat «Payçı» tərəfindən «Kooperativə» 5 ay müddətində müqavilə bağlanan gündən hər ay 11 000 (on bir min) manat ödəməlidir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 02 avqust 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, ofis və yaşayış kompleksi "xxxx" MTK-ya məxsusdur. Bu kompleksin 4-cü blok, 6-cı mərtəbəsində yerləşən 350 kv.m təşkil edən mənzilin dəyəri 400 000 (dörd yüz min) manat payçı İddiaçı tərəfindən Cavabdeh MTK xəzinəsinə ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MTK arasında Bakı Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 4-cü blok, 6-cı mərtəbəsində yerləşən, sahəsi 350 kv.m. olan 93 saylı mənzilin tikintisinə dair 02 avqust 2012-ci il tarixində müqavilə bağlanılmış və iddiaçı tərəfindən 400 000 (dörd yüz min) manat "xxxx" MTK-nın xəzinəsinə ödənilmişdir. Bununla bağlı "xxxx" Məznil- Tikinti Kooperativi tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya 50 000 (əlli min) manat geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" Məznil-Tikinti Kooperativi müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, cavabdeh müqavilə bağlandığı müddətdən 9 ildən çox müddət keçməsinə baxmayaraq hal-hazırki vaxtadək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizilk ola bilər. Öhdəliklər şəxslər arasında çox ciddi hüquq və vəzifələr yaratdığına görə onların əmələ gəlməsi əsaslarının dəqiq müəyyən edilməsinin böyük əhəmiyyəti var. Öhdəliklərin əmələ gəlməsinin başlıca əsasları AR Mülki Məcəllənin 386-cı maddəsində göstərilmişdir və göründüyü kimi həmin əsaslardan biri də tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2004-cü il tarixli Qərarında xüsusilə qeyd edilir ki, mülki münasibətlərdən, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrin ayrı-ayrı şəxslərin hüquq və qanuni mənafelərinə müvafiq, həmçinin qanunvericiliyin tələblərinə uyğun həllində mülki məhkəmə icraatını həyata keçirən ədalət mühakiməsi orqanlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qanunvericilikdə öz əksini tapmış maddi hüquq normalarından irəli gələn mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı fiziki və hüquqi şəxslərin borcudur. Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, cavabdeh tərəfindən isə öhdəliyin pozulması müəyyən edildiyindən, iddia tələbi təmin edilməli və "xxxx" MTK-nın İdarə Heyətinin X1 ilə İddiaçı arasında bağlanılmış 02 avqust 2012-ci il tarixli müqavilə ləğv edilməli və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 350 000 (üç yüz əlli min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MTK-nın İdarə Heyətinin X1 ilə İddiaçı arasında bağlanılmış 02 avqust 2012-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 350 000 (üç yüz əlli min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6128/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6128/2021
15.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver