Məhkəmə qərarları › İş №2(006)-6131/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6131/2021

01.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6131/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X7, İddiaçı, X9, X8 və X3 qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli 2(103)-5806/2019 saylı qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə cavabdeh X2 cəmi 53.876 manat borcun, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 105.000 manat olaraq müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli 2(103)-5806/2019 saylı icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 21.10.2020-ci il tarixli 17/68-1056-2 saylı sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzili "xxxx" MMC tərəfindən 19.11.2020-ci il tarixdə açıq hərracdan satılması üçün ilkin satış qiyməti 105.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmetləri qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15 % aşağı qiymətinə 89.250 manata 08.12.2020-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X4 müvafiq elan verilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh1 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. İddiaçı tərəfindən 23.04.2021-ci il tarixli vəkil sorğusu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün "xxxx" MMC-yə rəsmi müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" MMC tərəfindən 26.04.2021-ci il tarixli a/2544 saylı məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 saylı evin 24 saylı mənzili açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün əmlaklar satılmamışdır. İpoteka predmeti 30 gün ərzində əldə edilməsi üçün tələbkara təklif edilmiş, lakin tələbkar həmin müddət ərzində ipoteka predmetini əldə etməmişdir. Buna görə də, qanunvericiliyin tələbinə uyğun olaraq qərar qəbul etmək üçün iş Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 21.10.2020-ci il tarixli 17/68-1056-2 saylı sifariş məktubu geri qaytarılmışdır. Hesab edir ki, cavabdeh təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka predmetlərini əldə etmədiyindən, ipoteka yüklülüyünə xitam verilməli və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli 2(103)-5806/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X2 (X1) 45.000 manat əsas borc, 8.596 manat faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 53.876 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı; cavabdehdən tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsi (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinə yönəldilməli; həmin mənzil açıq hərracdan satılmalı; mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən edilməli; qeyd olunan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı; satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumi borc məbləği LPO Cavabdeh1 ASC-yə ödənilməli; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnaməyə əsasən icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi 21 oktyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 105.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi prosedurlarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV vasitəsi ilə müvafiq elanlar dərc olunmuşdur. "xxxx" MMC Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən ilk hərracı 19.11.2020-ci il tarixə, əmlak satılmadığından ikinci hərracı 08.12.2020-ci il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 10 dekabr 2020-ci il tarixdə LPO Cavabdeh1 ASC-yə təklif ünvanlayaraq, 10.01.2021-ci il tarixədək (30 təqvim günü ərzində) ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 66.937 manat 50 qəpik). Bank tərəfindən 22.12.2012-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirilsə də, "xxxx" MMC tərəfindən 30.12.2020-ci il tarixdə ipoteka saxlayana təqdim olunmuş hesab faktura üzrə bugünədək hər hansı tədbir görülməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, bank tərəfindən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə edilməsi üçün zəruri tədbirlər görülməmiş və nəticədə qanunla müəyyən edilmiş müddət ərzində əmlak əldə edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçının ipotekaya xitam verilməsi barədə tələbi əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarında təsbit edilmiş hüquqi mövqeyə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məlum olduğu kimi, Plenumun Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ipotekaya xitam verilməsinə hüquqi maneə yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə X7 (X6) arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli KT/İP-54 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinə münasibətdə ipotekaya xitam verilməli, həmin mənzil ipoteka yüklülüyündən azad edilməli və daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC ilə X7 (X6) arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli KT/İP- 54 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinə münasibətdə ipotekaya xitam verilsin. Həmin mənzil ipoteka yüklülüyündən azad edilsin. Daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar