Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6141/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 mart 2002-ci ildə X11 ilə ailə qurub evlənmişdir. Evləndikdən sonra birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilini alıb oraya köçmüş və həmin evdə yaşamışlar. Tərəflərin birgə nikahlarından iki övladları olmuşdur. Nikahın pozulmasına səbəb cavabdehin qanunsuz hərəkətləri olmuşdur. Belə ki, iddiaçı uzun illərdir, DİN-in Hospitalında tibb bacısı işləyir. Əmək haqqını həmin bankla bağladığı bank hesabı müqaviləsinə əsasən onun tərəfindən verilmiş “Visa” elektron kartı vasitəsilə alır. Bu ilin əvvəllərində keçmiş həyat yoldaşı iddiaçının xəbəri olmadan qanunsuz olaraq, həmin bankdan iddiaçının bank hesabından çıxarışı əldə etmiş və həmin çıxarışı ona göstərərək maaşını ondan gizlətdiyini, pulları onun xəbəri olmadan xərclədiyini irad tutub onunla dalaşdı. Bu dava iddiaçının ailə münasibətlərinə son qoyulması ilə nəticələndi. İddiaçı ərinin iş otağında stolun üstünə qoyduğu bank hesabından çıxarışın şəkillərini çəkdikdən sonra gördü ki, həmin çıxarış 2015-ci ilin yanvar ayından 2020-ci ilin oktyabr ayınadək olan müddəti əhatə etməklə qeyri-rəsmi alınmış və bank tərəfindən təsdiq olunmuşdur. İddiaçı öyrəndi ki, əri cavabdehin filiallarının birində işləyən qohumu X1 ilə əldə etmişdir. İddiaçı bunun onların gizli danışıqlarından bildi. Həmin danışıqlardan eşitdi ki, Xəyalə Əliverdiyeva həmin çxarışı qeyri-iş vaxtı əldə etmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, bununla da iddiaçının hüquqlarını pozaraq ona zərər yetirmiş, ailə münasibətlərinə xələl gətirmişdir. İddiaçı ailəsindən məhrum olunmuşdur. Bu gün evsiz eşiksiz qalıb 2 uşaqla çölə atılmışdır. Bank iddiaçıya vurduğu ziyana görə məsuliyyət daşıyır və həmin zərəri ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçıya vurulan zərərə görə 100000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Boşanma səbəbi kimi hesabdan çıxarışın verilməsi öz təsdiqini tapmamışdır. Onlarda bu məsələ ilə bağlı araşdırılmalar aparılır. Hesabdan çıxarışlar müştərilərin özünə və onların nümayəndələrinə verilir. Əliverdiyeva Xəyalə adında onlarda işçi olmayıb. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3645/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X11 arasında 14 mart 2002-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 28 dekabr 2004-cü təvəllüdlü X12 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, X6 31 may 2021-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş 28 dekabr 2004-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, tərəflər xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və nikahın pozulması barədə iddia ərizəsi ilə İddiaçı müraciət etmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş "xxxx" ASC-nin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-də 16.11.2020-ci il tarixində X3 və X4 adında nə əmək, nə də xidməti müqavilə üzrə əməkdaş çalışmayıb. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6141/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6141/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver