Məhkəmə qərarları › İş №2(006)-6171/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6171/2021

26.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6171/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "təminatlı kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "təminatlı kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 07.03.2015-ci il tarixində “mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında "xxxx" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 55 N-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat pul vəsaitini "AAAF Park” MMC-yə ödəmişdir. İddiaçı N. Məmmədov mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən təminatlı kredit müqaviləsi əsasında 38250 manat məbləğində illik 10% olmaqla kredit götürmüşdür. Müqavilənin 4.3-cü bəndində kredit müqaviləsi üzrə təminat kimi "AAAF İNŞAAT” MMC tərəfindən inşa olunan yaşayış binasında yerləşən və alqı-satqı müqaviləsinin predmeti olan mənzilin çıxış etdiyi qeyd edilmişdir. Müqavilə bağlanan zaman qısa müddət ərzində mənzilin təhvil veriləcəyi bildirilmişdir, lakin artıq 4 ildən çox müddət keçməsinə baxmayaraq, mənzil təhvil verilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə növbəti il üçün təhvil veriləcəyi bildirilir. Ötən 5 il ərzində fasilələrlə tikinti işi aparılmışdır. Hal-hazırda tikinti işi aparılmır. İddiaçı cavabdeh "xxxx" ASC-yə hər ay 412 manat ödəniş etmişdir və hal-hazırda ödəməyə davam edir. Yaranmış vəziyyətlə əlaqədar İddiaçı "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-853/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, alqı-satqı müqaviləsi ləğv edilmişdir, mənzilə görə ödənilmiş 42510 manat pul vəsaitinin və maddi ziyanın "xxxx" MMC-dən tutularaq, iddiaçı Məmmədovun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin qətnamədən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, İddiaçı mənzilin dəyərini ödəmək məqsədilə təminatlı kredit müqaviləsi bağlamışdır. Halhazırda isə müqavilə bağlanan vaxtdan şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Məlum olduğu ki, əgər iddiaçı bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni ümumiyyətlə bağlamazdı. Alqı-satqı müqaviləsi ləğv edildikdən sonra təminatlı kredit müqaviləsi üzrə münasibətlərin davam etməsinə zərurət yoxdur. "xxxx" MMC tərəfindən müqavilə üzrə pul vəsaiti qaytarıldığı halda birbaşa "xxxx" ASC-yə olan borc birdəfəlik ödəniləcəkdir. Lakin, hal-hazırda müqavilə münasibətləri davam etdiyi halda iddiaçı ləğv olunacaq bir müqavilə üzrə ödəniş etməli olur və ödəmədiyi halda isə gecikmə faizi və cərimə hesablanır. İddiaçı nümayəndəsi Vəkil təminatlı kredit müqaviləsinin ləğvi barədə təklif məktubu ilə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin, bugünə qədər cavabdeh "xxxx" ASC tərəfindən təklifə münasibət bildirilməmişdir. Ona görə də, İddiaçı hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edərək, "xxxx" ASC ilə bağlanmış 10.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul etməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış 10.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 10.03.2015-ci il tarixli, 5- 10-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 10%-lə, 180 ay müddətinə 38.250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaiti, bu müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra, borcverən tərəfindən borcalanın hesabına köçürülür və bu barədə borcalana məlumat verilir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-853/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, olan "xxxx" MMC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən "AAAF-Park" yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65,4 kv.m –dən ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində ödənilmiş pul, maddi ziyan olaraq 3896,75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46.506,75 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Eyni Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 420.3.3-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi) etibarsız sayılır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında "AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, 55 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 42510 manatı Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 4260 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 38250 manatını isə "xxxx" ASC-dən kredit götürərək ödəmişdir. Hazırda iddiaçı sözügedən mənzilə marağının itdiyini və bankla bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilən Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi "xxxx" ASC İddiaçı ilə aralarında bağlanmış təminatlı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq sözügedən mənzilin alınması üçün 38250 manat məbləğində kredit vermiş və öhdəliyini tam olaraq icra etmişdir. Lakin İddiaçı cavabdeh "xxxx" ASC qarşısında öhdəliyini tam olaraq icra etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "təminatlı kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "təminatlı kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar