Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-619/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X6, Cavabdehin vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6.600 manat sığorta məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdə Naxçıvan MR Şərur rayonu Xok kəndində doğulmuşdur. 1994-cü ildə Şərur RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət vəzifəsini icra edərkən xx.xx.2010-cu il tarixdə travma almışdır. xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunmuşdur. Diaqnoz: «Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, bel nahiyəsinin əzilməsi». Ona MN MHHK tərəfindən xx.xx.2017-ci il tarixdə 1170 nömrəli qərar verilmişdir. Qərarda yuxarıda qeyd etdiyi xəstəliklər «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır» kimi qeyd edilmişdir. MN MHHK-nın xx.xx.2017-ci il tarixli 1055 saylı qərarında yuxarıda göstərdikləri qeyd edilmişdir. Əmək və X8 Nazirliyinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 2-ci dərəcəli əlillik almışdır. Qeyd etdiyi kimi, o, hərbi xidmət vəzifələrini icra edərkən travma almışdır. 2-ci qrup əlil olması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin alınması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət X4 müraciət etmişdir. Lakin ona müsbət cavab verilməmişdir. Bununla bağlı Binəqədi rayon Məhkəməsi müraciətinə cavab olaraq bildirilmişdir ki, cavabdehin hüquqi ünvanı Nəsimi rayonu ərazisinə aid olduğundan, iddia ərizəsi ilə məhz Nəsimi rayon məhkəməsinə müraciət olunmalıdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir : ç) hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə 80 faiz; İİ qrup əlilliyə görə — 60 faiz; İİİ qrup əlilliyə görə— 40 faiz. Qeyd edim ki, hadisənin sığorta hadisəsi hesab olunması üçün şəxsin sığortaolunan olması və əlilliyin 3 il müddətində təyin olunması şərti qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Qanunun yuxarıda istinad edilən müddəasından göründüyü kimi sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Cavabdehin nümayəndəsi hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X7 məhkəmə iclasında nümayəndənin izahahatına oxşar ifadə verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1976cı il tarixdə Naxçıvan MR Şərur rayonu Xok kəndində doğulmuşdur. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2010-cu il tarixdə travma almışdır. Diaqnoz: «Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, bel nahiyəsinin əzilməsi» Qeyd olunan diaqnozla xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissənin tibb məntəqəsində ambulator müayinə olunduqdan sonra uzun müddət müalicə almışdır. Lakin alınan travma spesifik travmadır. İddiaçıda kəllədaxili travmaların nəticələri, qapalı kəlləbeyin travması, baş beyinin silkələnməsi özünü biruzə verir. Belə ki, tez-tez epilektik qıcolma tutmaları (ayda 7-8 dəfə), kəllə daxili hipertenziya, vegeto-damar paroksizmlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom və s. bir sıra sağlamlığa ciddi təsir edən tibbi hallar müşahidə olunur. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət X4 ünvanladığı sığorta məbləğinin verilməsi haqqında xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı həmin Şirkətdən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının haqlı tələbi təmin edilməmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı xx.xx.2018-ci il tarixdə ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup əlil olması, əlilliyi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travma nəticəsində alması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-619/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-619/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver