Məhkəmə qərarları › İş №2(006)-628/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-628/2025

05.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-628/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və onun əsasında verilmiş maliyyə arayışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir neçə illik tanışlıq münasibətlərinə əsasən məlum idi ki, cavabdeh ayrı-ayrı tanıdığı şəxslərə əlavə faiz hesablamaqla borca pul verir. Onlar da tikintidə maliyyə çatışmazlığı olduğundan cavabdehdən 200000 manat borc almış və qısa zamanda qaytarmağı razılaşdırmaqla formal olaraq xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və dəyəri guya tam şəkildə ödənilmiş 630000 manatlıq maliyyə arayışı vermişlər ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli və çoxmənzilli binanın 1 saylı blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsini girov olaraq yazmışlar. Aralarındakı razılaşmaya əsasən Cavabdeh pulu qaytarılan kimi ona verilmiş sifariş müqaviləsi və maliyyə arayışı MMC-yə geri qaytarılmalı və ləğv edilməli idi. Lakin sonradan cavabdehə olan borclarını geri qaytarmaq istəsələr də, cavabdeh müqavilənin ləğvindən boyun qaçırmışdır. Belə ki, cavabdeh aralarındakı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2022 saylı iş üzrə qəbul etdiyi qətnamə ilə münasibət bildirildiyi, sözügedən qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldiyi, hazırki iddia ərizəsinin isə qətnamənin icrasından yayınmaq məqsədilə verildiyi qeyd edilmiş və iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə uyğun olaraq xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2243/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-664/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mahiyyət tərəflər arasında yaranmış mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi barədədir. Qüvvəsini almış məhkəmə aktına görə mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-664/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı MTK-ya ünvan 1-ci məhəllədə inşa etdiyi 3 girişli yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində Cavabdeh sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin – ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının iddiaçı Cavabdeh verilməsinin həvalə edilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6798/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 664/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış olan məhkəmə aktları ilə müəyyən edildiyi kimi, tərəflər arasında daha öncədən də mülki mübahisə yaranmış və mübahisəyə məhkəmə qaydasında baxılıb hüquqi qiymət verilmişdir. Daha öncəki mübahisə qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin təqdim edilməsi barədə yaranmışdır. Mübahisəyə baxmış məhkəmə Cavabdeh iddia tələbinin qismən təmin edilməsi və sonuncunun tələb etdiyi sənədlərin ona verilməli olması qənaətinə gəlmişdir. Məhkəmə qəbul etmiş olduğu qətnaməsində tərəflərin müqavilə münasibətlərinə daxil olması, məhz bağladıqları müqavilə əsasında aralarında öhdəlik-hüquq münasibətlərinin yaranması, Cavabdeh bağladğı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi üçün aidiyyəti sənədləri tələb etməkdə haqlı olması və müqavilənin digər tərəfinin də öhdəliyi icra edib, tələb edilən sənədləri verməli olması mövqeyindən çıxış etmişdir. Hazırki iddianın predmetini eyni müqavilə təşkil edir və iddia tələbi ilə müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının ləğvi tələb edilir. Qeyd edilməlidir ki, öncəki mübahisənin predmetini aidiyyəti sənədlərin verilməsi təşkil etsə də, bu növ iddia tələbi məhz bağlanmış olan müqavilədən qaynaqlanmışdır. Məhkəmə həmin müqavilənin qanunauyğunluğunu müəyyən etdiyi üçün cavabdehin üzərinə sənədlərin verilməsi barədə öhdəlik həvalə etmişdir. Hazırda eyni müqavilənin ləğvinin tələb edilməsinə baxmayaraq, müqavilənin qanunauyğunluğunun qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında ifadə edilmiş mövqeyə müvafiq olaraq MPM-nin 261.0.2-ci maddəsinin tətbiqini zəruri edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadının 13-cü bəndinə əsasən məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. 27-ci bəndinə əsasən məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. 36, 37-ci bəndlərinə əsasən Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırda ləğvi tələb edilən müqavilənin etibarlı olubolmaması məsələsinə qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verilməsi eyni müqavilədən törəyən digər bir tələbə baxılıb yenidən qiymət verilməsini istisna etdiyi üçün, hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar