Məhkəmə qərarları › İş №2(006)-6324/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6324/2021

27.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6324/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarlıması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı «tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarlıması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 14 noyabr 2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B bina, 39 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 14 noyabr 2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B saylı bina, mən.39, sahəsi 59,3 kv.m olan, 1 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 105.554.00 (yüz beş min beş yüz əlli dörd) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adma mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir.Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər aym 14-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz 'borcu 12.450 manat (on iki min dörd yüz əlli) manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə Azərbaycan Beynəlxalq Bankı” ASC arasında X1 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTKnın daşınmaz əmlakları və əmanəti girovdadır. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş, yuxanda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borcların ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 105.554.00 manat kredit götürmüşdür. İddiaçı və cavabdeh arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK -dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini ( bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 və 8.11 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7. 8.1. 8.11 eləcədə kredit müqaviləsinin 7.3,13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıq da Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B saylı bina, mən.39, sahəsi 59,3 kv.m olan, 1 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "Kristal Abşeron” MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi ray. Ak.H.Əliyev küçəsi, 7B saylı bina, mən.39, sahəsi 59,3 kv.m olan, 1 otaqlı mənzili Öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdi. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B saylı bina, mən.39, sahəsi 59,3 kv.m olan, 1 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 14.11.2016 tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqavilələrinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti y aranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, 10 gün müddətində 15.226 manat dəyərində borc məbləği "xxxx" ASC-ə, 10.610 manat dəyərində borc məbləği isə İddiaçı MTK-a ödənilmədiyi halda bütün mümkün hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh və İddiaçı MTK-nə 12.04.2021-ci il tarixli DK/İ-0069 nömrəli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildriş göndərilmişdir. İş materiallarında əlavə edilmiş 14.11.2016-cı il tarixli ********* saylı payçı müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə bağlanmış mənzilin ümumi sahəsi 59.3 kv.m təşkil etmiş, mənzilin 1 kv.m 1780 manat olmaqla müqavilənin ümumi dəyəri 105.554 manat təşkil etmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, "xxxx" ilə Cavabdeh arasında 14.11.2016-cı il tarixli 546-14-11-2016-MA-KN nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan müqavilənin surətindən görünür ki, "xxxx" ilə İddiaçı MTK arasında 14.11.2016-cı il tarixli 546-14-11-2016-MA-KN nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan müqavilənin surətindən görünür ki, "xxxx" ilə Cavabdeh arasında14.11.2016-cı il tarixli 546-14-11-2016-MA-KN nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı Arasında 25.05.2021-ci il tarixli X1 saziş bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsir;pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasında birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinin tələbinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinin tələbinə görə, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.i İddiaçı ilə cavabdeh arasında bağlanmış 14.11.2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 105.554 manata bərabər tutulan məbləği "xxxx" MTK və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən "xxxx" tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzanlanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəkilərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında «MTK» birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda «MTK» «Azərbaycan Beynəlxalq Bankı! ASC və "xxxx" arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci madəsinə əsasən cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, «MTK» müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda «MTK» həmin şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ "xxxx"-ya qaytarılır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi səbəbindən payçı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı MTK-nə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B bina, 39 saylı mənzildən ailə üzvləri ilə çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 14 noyabr 2016-cı il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 7B bina, 39 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar