Məhkəmə qərarları › İş №2(006)-635/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-635/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-635/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh «xxxx» BOKT MMC-yə ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan Bakı şəhəri Q.Qarayev küçəsi 106 saylı evin 11 saylı mənzilinin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehdən evlərini ipotekaya qoyaraq pul götürmüşlər. Həmin pulu cavabdehə tam şəkildə geri qaytarmalarına baxmayaraq, cavabdeh hələ də, ona borcları olduğunu bildirir və hər dəfə də müxtəlif rəqəmlərlə pul tələb edir. O, cavabdehə borcunun olmamasına dair pretenziya məktubu ilə rəsmi müraciət etmişdir və onun da nəticəsi olmamışdır. Cavabdehə istənilən məhkəməyə qədərki, qanuni vasitələrdən istifadə etməsinə baxmayaraq, bu mübahisəni məhkəməsiz həllinə nail ola bilmədiyinə görə onun ipoteka predmeti olan evi hələ də cavabdehdə girovda qalır. Mübahisə predmeti olan cavabdehə borc öhdəliyini icra etmişdir, cavabdeh isə bu faktı qəbul etmir. Sözügedən mübahisəni məhkəmədən başqa qanuni həllinə nail ola bilmədiyi üçün ipoteka predmeti olan evini girovdan azad edə bilmədiyi üçün onun cavabdehə borcunun olmamasının yeganə sübut yolu aidiyyəti məhkəmə qaydasındakı iddia ərizəsi əsasında qanuni qətnamədir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında şifahi vəsatət verərək bildirdi ki, iddiaçılar məhkəmə iclasına gəlməməklə, işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini yubatmaq istəyirlər. Bu səbəbdən mülki işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə vəsatəti nəzərə alaraq, mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Tərəflər arasında borcla bağlı mübahisəyə, daha sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə aidiyyəti üzrə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq yekun məhkəmə aktları qəbul edilmişdir. İddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar təqdim etməmişlər. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsindən görünür ki, «xxxx» BOKT MMC-nin İddiaçı2, X1, X2, X5 və X8 qarşı «əsas borc, faiz və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və mənzildə yaşayanların məcburi qaydada çıxarılması» tələbinə dair iddiası qismən təmin edilmiş, X12 ilə BOKT arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli BAKU1-23946-10362 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı2, İddiaçı1 və X6 müştərək qaydada 26.893 ABŞ dolları əsas borc, 4.262 ABŞ dolları 62 sent faiz, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 41.156 ABŞ dolları 10 sentin, ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin «xxxx» BOKT MMC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, dəyəri 60.000 manat müəyyən olunmuş cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması və İddiaçı2, X3, X4 və X9 həmin mənzildən məcburi qaydada çıxarılmaları, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsindən görünür ki, «xxxx» BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi «cavabdehlərdən əsas borc və faizin tutulması» hissəsində dəyişdirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş əsas borcun məbləği 37.725 ABŞ dolları 40 sent, faizin məbləği isə 10.299 ABŞ dolları 03 sent müəyyən edilmiş və həmin məbləğlərin ödənilməsi qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2941/2020 saylı qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş, yuxarıda adı çəkilən qətnamə ilə borcludan (borclulardan) tutulmalı borc məbləği (borcun strukturu (tərkibi), yəni əsas borc, faiz, dəbbə pulu göstərilməklə) təsbit edilmişdir. İddiaçılar məhkəmə qətnaməsi ilə tutulmalı olan borc məbləğinin tam ödənilməsinə dair sübutları – ödəniş qəbzlərini və s. ciddi hesabat sənədlərini (ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçılar cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcunun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar