Məhkəmə qərarları › İş №2(006)-6386/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6386/2021

30.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6386/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, onun vəkili X5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və xxxx ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, xxxx ASC-yə, xxx Notariat Ofisinə və xxxx İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, xxxx ASC-yə, xxx Notariat Ofisinə və xxxx İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin ona qarşı dələduzluq hərəkətləri etmələri barədə şikayət ərizəsi ilə müraciət etmişdir. 2017-ci ilin noyabr aynda Aytən adlı qadın ilə köhnə Olimp mağazasının yanında olan notariusda rəsmi müqavilə bağlayaraq, iddiaçı evinin çıxarışını girov qoymuş və X adlı qadından 10.000 manat pul almışdır ki, başqa şəxslərə olan borcunu qaytarsın. Həmin pul ilə bağlı öhdəlik götürmüşdür ki, 6 ay müddətinə Aytənin 10.000 manat pulunu qaytaracaqdır. İddiaçı pulu ödəyə bilmədiyi üçün, üzərindən 4 ay keçdikdən sonra tanış olduğu X adlı şəxs iddiaçını İradə adlı xanımla tanış etmişdir ki, həmin İradə az faiz ödəməklə kreditə bankdan pul çıxara bilər və bir neçə gündən sonra İradə adlı qadınla tanış olmuşdur. Daha sonra İradə və onun tanışı Mirtalıbla tanış olmuş, onlar iddiaçıya kredit götürməyə köməklik edəcəklərini və əvvəlki şəxsdən götürdüyü 10.000 manat krediti bağlayacaqlarını bildirmişdilər. 10.650 manat pul vəsaitini Aytən xanıma ödəyərək evin sənədlərini ondan almışlar ki, banka girov qoyaraq pul götürsünlər. Bir neçə gündən sonra iddiaçını Elmlər Akademiyası parkına çağırmışlar və orada adını sonradan bildiyi Cavabdeh2, İradə, Mirtalıb və ora sonradan gələn X- adlı şəxslər var idi. Daha sonra iddiaçının tanımadığı bir qadın da ora gəlmiş, İradə bildirmişdir ki, onlar iddiaçıya köməklik edəcəklər ki, bankdan kredit götürüb 10.650 manat olan borcunu qaytara bilsin. Belə ki, Şüvəlan qəsəbəsində olan evin çıxarışını banka kreditə qoyub pul götürəcəklər, lakin pulun 16 faizi onlara çatacaqdır. İddiaçı razılaşmış və onlar hamısı X avtomaşınında köhnə Olimp mağazasının yanında olan notariusa 22 noyabr 2017-ci il tarixdə gəlmişlər. Orada onları bank işçisi X gözləyirdi, onlar ora çatmaqları ilə sənədlərə imza edib çıxmaqları bir neçə dəqiqə çəkmiş və oradan Elmlər Akademiyası parkının yaxınlığındakı Cavabdeh3 ASC-yə gəlmişlər. Onlar avtomobildə oturmuşlar və həmin adını bilmədiyi qadın iddiaçı ilə banka girmiş, iddiaçı kassadan pulu alıb maşına gəlmişdir. Həmin qadın Cavabdeh3 ASC-nin qarşısında, maşının içərisində pulla dolu paketi İradəyə vermiş, oradan 94.604 manatın, 44.000 manatını X və həmin tanımadığı qadına vermiş və onlar çıxıb getmişlər. Sonra isə iddiaçı İradə və Mirtalıbla birlikdə Yasamal rayonu, H.Cavid adına olan parkda çay evində oturmuşlar ki, haqq-hesab edilsin. İradə ağ vərəqdə qeydiyyat apararaq kimə nə qədər verməli olduğunu yazmışdır. Sonra İradə borcu olan 10.650 manatı iddiaçıya vermişdir. İddiaçı niyə ona az pul verdiyini soruşanda İradə belə alındığını bildirmişdir. İddiaçı cavabdehlərin 16 faizdən çox pul götürdüklərini deyəndə, İradə iddiaçıya Cavabdeh2 1 aydan sonra təqaüdə çıxaracaqlarını və həmin kreditin yarı faiz olacağını bildirmişdir. İddiaçı razılaşmadığından onlar iddiaçıya bildirmişlər ki, bir ay müddətində həmin hərbçi təqaüdə çıxacaq, dövlət ona güzəşt etdiyindən, ona etibarnamə verəcəklər, onun banka olan borcu 25.000 manat olacaqdır və pulu banka Cavabdeh2 ödəyəcəkdir. İddiaçı onların yanından çıxıb evə gəldikdən sonra bankın çıxarışına baxanda orada banka olan borclu kimi Cavabdeh2 adının qeyd edildiyini görmüş, ondan sonra bütün sənədlərə baxanda iddiaçıya aydın olmuşdur ki, sənədlərə baxmamış qol çəkərək ***-da olan evini Cavabdeh2 adına keçirmiş, Cavabdeh2 də həmin evi banka girov qoyaraq pul götürmüşdür. Cavabdeh2 hal-hazırda iddiaçını evindən çıxarmaq üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Onda Cavabdeh1, X2 və Cavabdeh2 birlikdə iddiaçıya qarşı dələduzluq etdiyini başa düşərək şikayət etmişdir. Cavabdehlərin iddiaçını aldadaraq yeganə yaşayış sahəsi olan yuxarıda göstərilən ünvandakı yaşayış evinin əlindən alınması ilə nəticələnən əqdi “Təşkil” etdikləri barədə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin müraciətlərin uzun-uzadı araşdırmalarının birində yazıldığı kimi əqdin etibarsızlığı barədə məhkəməyə müraciət edə biləcəyi tövsiyə olunurdu. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən 23 noyabr 2017-ci ildə cavabdehlərin “Təşkil etdikləri” alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, bankdan götürülmüş vəsaitin 10.000 manatı ona aid olmaqla yerdə qalan məbləğinin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində “alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” ifadəsinin “alqısatqı və ipoteka müqaviləsinin ləğv edilməsi” kimi dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh X3 cavabdehlikdən çıxarıb əvəzinə xxxx ASC-nin, xxx Notariat Ofisinin və xxxx İdarəsinin cavabdeh kimi cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X9 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı izahatında evini satmaq fikrinin olmadığını, məqsədinin evi banka girov qoyub pul götürmək olduğunu, latın əlifbasını oxuya bilmədiyi üçün, müqaviləni bağlayanda evi satdığını bilmədiyini, evə gələndə həyat yoldaşının müqaviləni oxuyub ona evi satdığını dediyini, bankdan krediti götürəndən sonra pulu İradə xanıma verdiyini, İradə xanımın ona cəmi 10.400 manat pul verdiyini, krediti əvvəl özünün ödədiyini, sonradan ödəmədiyini, gecikmə olmasın deyə krediti Cavabdeh2in ödəyini, Cavabdeh2in onu məhkəməyə verdiyini və aldadıldığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 müqavilənin ləğv edilməsinə etiraz etməyərək, kredit axtardığı üçün onunla İddiaçı-ı tanış etdiklərini, İddiaçı-ın evinin girovda olduğunu və pul lazım olduğunu, 2 ay İddiaçı-a kredit düzəltməyə çalışdığını, İddiaçı-ı X- və Mövsümlə tanış etdiyini, X-gilin də bu iş üçün Cavabdeh2i tapdığını, kredit düzəltdiklərini və necə ödəməli olduğunu da İddiaçı-a izah ediklərini, evin 94.000 manata qiymətləndirdildiyini, evin ilkin ödənişini başqa bir xanımın verdiyini, bankdan krediti götürəndən sonra həmin xanımın pulunu qaytardıqlarını, bankın rəsmi və digər qeyri-rəsmi xərclərini çıxandan sonra yerdə qalan pulu İddiaçı-a verdiklərini, bütün rəsmi və qeyri-rəsmi xərclərdən sonra İddiaçı-a 23.000 manata yaxın pul verdiklərini, sonradan X-un ona zəng vuraraq, İddiaçı-la Cavabdeh2in dalaşdığını, Cavabdeh2in onun niyə İddiaçı-ın yerinə pul ödədiyini dediyini, bir müddət sonra İddiaçı-ın yoldaşından, sonra da polis bölməsindən ona zəng gəldiyini, İddiaçı-ın öz qohumunu da onlarla “söhbətə” çağırdığını, Notariusa gedib müqavilə bağladıqlarını, etibarnamə də verdiklərini, sonra İddiaçı-a təqdim edilməsi üçün bütün sənədləri polisə verdiklərini, yığışaraq İddiaçı-a 16000 manat pul verdiklərini, hətta bankın rəsmi xərclərini də İddiaçı-a geri qaytardıqlarını, rəsmi xərclərə bankın komissiyası və sığorta pulunun aid olduğunu, qeyri-rəsmi xərclərə bankla bir yerdə 10% onların xeyrinin, hərbçinin kreditin və qiymətləndirmə xərcinin aid olduğunu, həmçinin hərbçini (Cavabdeh2) tanımadığını, onu bir ildən sonra tanıdığını, hərbçini İddiaçı-la X-un tanış etdiyini, məqsədlərinin evi almaq olmadığını, məqsədlərinin İddiaçı-a kredit vermək olduğunu, alqı-satqı müqaviləsinin həqiqi olmadığını, güzəştli olduğu üçün hərbçinin adına kredit götürdüklərini və İddiaçı-la razılaşıb evi hərbçinin adına rəsmiləşdirdiklərini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, 2017-ci ildə X-un onun hərbçi yoldaşlarına ipoteka krediti düzəltdiyini, özünə 5000 manat kredit lazım olduğunu, bankların ona kredit vermədiyini, bu səbəbdən X-a yaxınlaşdığını, X-un ona MAXE olduğu üçün bankların kredit vermədiyini, kreditin verilməsi üçün banka çox xərci çıxdığını, ona görə cəmi 3700 manat kredit verə biləcəyini dediyini, sənədlərini hazırladıqdan sonra X-a verdiyini, X14 parkında görüşdüyünü, orada İddiaçı-la tanış olduğunu, X-un evin onun adına keçəcəyini və 20 il kredit ödəyəciyini İddiaçı-a və ona dediyini, bankda müqavilə bağlamazdan əvvəl ona ilkin ödənişin verildiyini, notariusda ilkin ödənişi ödədiyini, sonra krediti götürüb aralarında bölüşdürdüklərini, kredit ödənilməyəndə bankdan ona zəng gəldiyini, bankın işçilərinə baş verənləri dediyini və baş verənlərlə bağlı bankda ərizə yazdığını, bankdan evi satıb krediti ödəməyini təklif etdiklərini, baş verənləri İddiaçı-a dediyini, İddiaçı-ın “get nə istəyirsən elə” dediyini, İddiaçı-ı məhkəməyə verdiyini, məhkəmədə İddiaçı-a evi istəmədiyini, sonra banka onun ödədiyi pulu İradə xanımın qaytardığını, məhkəməyə getmədiyi üçün işin baxılmamış saxlanıldığını, banka İddiaçı-ın əvəzinə ödədiyi 3400 manat pulun qaytarıldığını, İddiaçı-ın qalan krediti ödəməli olduğu halda ödəmədiyini bildirdi. Eyni zamanda, Cavabdeh2 izahatında 5000-6000 manat kredit düzəltməsi üçün X-a 500-600 manat “şapka” verdiklərini, banklar ona kredit vermədiyi üçün bu formada kredit götürdüyünü, İddiaçı-ın evini almaq niyyətinin olmadığnı, alqısatqını bağlamaqda məqsədinin evi almaq olmadığını, kredit götürmək üçün məcburən bu formada müqavilə bağladıqlarını bildirdi. Məhkəmə iclasında cavabdeh xxxx ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə izahatında 23 noyabr 2017-ci il tarixdə satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC, alıcı Cavabdeh2 arasında alqı-satqı və ipoteka müqaviləsinin bağlandığını, müqaviləyə əsasən Cavabdeh2 50.000 manat kredit verildiyini, kreditin təminatı kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 19 saylı evin ipoteka ilə yüklü edildiyini, hazırda Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyi üçün kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə bank tərəfindən Qaradağ Rayon Məhkəməsinə müraciət edildiyini bildirmişdir. Eyni zamanda, iddia ərizəsinin mətninə və tərəflərin məhkəmə iclasındakı izahatlarının məzmununa əsasən proses iştirakçılarının əməllərində cinayətin əlamətlərinin aşkar edildiyini bildirərək məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh xxxx İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh xxxx İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, 129.CL.221117.00001/a saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC, alıcı (ipoteka qoyan) Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, *** ünvanında yerləşən 0.066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı ev alıcı-ipoteka qoyanın mülkiyyətinə verilir. Daşınmaz əmlakın satış qiyməti 95.000 manatdır, mənzilin dəyərinin 45.000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən 50.000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən bu müqaviləyə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Cavabdeh2 tərəfindən 26.07.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən (həqiqiliyi QR kod vasitəsilə yoxlanılmışdır) görünür ki, o, alqı-satqı üçün İddiaçı pul ödəmədiyini və aldadıldığını etiraf etmişdir. 25.06.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin (həqiqiliyi QR kod vasitəsilə yoxlanılmışdır) surətindən görünür ki, Məcidov X7 Xanım İddiaçı- qızı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 0.066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı evin gələcəkdə əsas alqı-satqısına dair razılaşma əldə etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması, bankdan götürülmüş vəsaitin 10.000 manatının ona aid olmaqla yerdə qalan məbləğin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8221/2021 saylı işi üzrə 27.09.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 23 noyabr 2017-ci il tarixli satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC, alıcı (ipoteka qoyan) Cavabdeh2 arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 0.066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı ev Cavabdeh2 satılmış, sonuncu əmlakı kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank da öz növbəsində Cavabdeh2 50.000 manat məbləğində kredit vermiş, lakin bank qarşısında kredit üzrə öhdəliklər tam icra edilməmişdir. Hazırda iddiaçı həmin üçtərəfli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, İddiaçı alqı-satqı və ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə yaşayış evinin satılması ilə bağlı öhdəlik götürmüş və öhdəliyini yerinə yetirmişdir. Üçtərəfli müqavilənin digər tərəfi Cavabdeh3 ASC daşınmaz əmlakı ipoteka ilə yüklü edərək Cavabdeh2 kredit vermiş, müqavilənin üçüncü tərəfi olan Cavabdeh2 isə mübahisə olunan evi almış, lakin bank qarşısında kredit öhdəliklərini tam icra etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi İddiaçı alqı-satqı yolu ilə evini satmış və evin dəyəri notariusun depozit hesabına köçürülmüşdür. Mənzlin dəyərinin sonradan İddiaçı tərəfindən digər şəxslər arasında bölüşdürülməsi mövcud müqavilənin ona münasibətdə əhəmiyyətli şəkildə pozulması hesab oluna bilməz. Eyni zamanda, Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə borclu tərəfindən Banka olan kredit öhdəliyi tam icra edilməmişdir. Bu halda bank qarşısında icra edilməmiş öhdəlik mövcud olduğundan müqavilənin ləğv edilməsi mümkün deyildir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verilən izahatlarda 23 noyabr 2017-ci il tarixli, 129.CL.221117.00001/a saylı alqısatqı və ipoteka müqaviləsinin formal olduğunu əsaslandırmağa çalışmaqla müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etdiyi üçün onun tələbi ümumiyyətlə təmin edilə bilməz. Çünki, müqavilənin formal olması onun ləğv edilməsi üçün əsas deyildir. Müqavilənin etibarsızlığı anlayışı onu ehtiva edir ki, qeyd edilən müqavilə bağlandığı andan qanunvericiliyin şərtlərinə uyğun bağlanmamışdır. Müqavilənin ləğvi tələbi isə onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyri-mümkün olmuşdur. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı ləğv olunmasını tələb etdiyi müqavilənin bağlandığı andan qanunsuz və əsassız olduğunu mübahisələndirdiyi halda, həmin müqavilənin məhkəmə qaydasında ləğv edilməsini tələb edir. İddiaçı qeyd olunan müqavilənin etibarsızlığını eyni əsaslarla başqa məhkəmə predmetində müabhisələndirmiş, lakin həmin məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almamışdır. Həmçinin yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almadığından və hazırkı mübahisə müqavilənin ləğv edilməsi tələbi olduğundan iş üzrə icraata xitam verilməsi haqqında Cavabdeh1 vəsatəti təmin olunmamalıdır. Eyni zamanda iddia müddətinin tətbiqinə dair verilmiş ərizə ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığından alqı-satqı və ipoteka müqaviləsinin ləğvinə dəyişdirildiyindən və mübahisə olunan müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitmədiyindən hazırkı tələbə iddia müddəti tətbiq olunmayaraq Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsinə dair tələb əsassız olması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia tələbi qalan hissələrdə də təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, xxxx ASC-yə, xxx Notariat Ofisinə və xxxx İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, göstərilən məsələlərlə bağlı xüsusi qərardad çıxarılmaqla bu barədə prokurora məlumat verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, xxxx ASC-yə, xxx Notariat Ofisinə və xxxx İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar