Məhkəmə qərarları › İş №2(006)-6431/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6431/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6431/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh Qocəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh Qocəli oğlu ilə birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü - X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X2 hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2013-cü ildə Bakı Nikah Evi tərəfindən 92 N-li qeydi ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh Qocəli oğlu ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü - X3, xx.xx.2019-cu il təvəllüdlü - X6 dünyaya gəlib. Cavabdehlə şiddətli keçimsizlik, xüsusilə ailəyə uşaqlara biganə münasibəti, ailə ilə maraqlanmaması onların münasibətləri sarsıtmışdır. Xeyli müddətdir ki, ayrı yaşayır, uşaqlarla Xırdalan şəhərində yaşayan valideynlərinin yanına sığınmışdır. Cavabdeh bu müddət ərzində ailəsi ilə maraqlanmamış, etinasızlıq göstərmişdir. Cavabdehin dolanışığından xəbəri olmamışdır. Hal-hazırda da cavabdeh uşaqların saxlanılmasında heç bir formada iştirak etmir, valideyn məsuliyyətini dərk etmir. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmır. Bu vaxt ərzində uşaqlar onun himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə uşaqların bütün xərclərinin ödənilməsini o, təkbaşına edə bilməz. Özü də işsizdir. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etsə də, onun aliment tələbiylə razılaşmamışdır. Mediator tərəfindən "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, maddi cəhətdən çətin vəziyyətdədir. "xxxx" QSC-də işləyir və 1500 manat əmək haqqı alır. Vaxtıvaxtında maaşını alır, sadəcə borcları var. Mediasiyada əmək haqqının yarısı tələb olundu, lakin borclarının olması səbəbindən bu mümkün deyil. Cavabdeh yekun məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 815833 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh Qocəli oğlu ilə X4 arasında xx.xx.2013-cü il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Həsənova» soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət X9 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 235967 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh Qocəli oğlu qeyd edilmişdir. 3 saylı Bakı Asan xidmət X9 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 346605 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh Qocəli oğlu qeyd edilmişdir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2025-01269 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, xx.xx.2025-ci il tarixdə, saat 10:00-da keçirilmiş mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh Qocəli oğlu ilə xx.xx.2013cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaqlar isə analarının yanındadırlar. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, müsbət nəticə əldə etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh "xxxx" QSC-də icraçı assistent vəzifəsində işləyir və əmək haqqı 1810.65 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının tələbini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, hazırki halda Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin onun gəlirlərinin 1/3 hissəsi miqdarında tutulması qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh Qocəli oğlundan İddiaçı xeyrinə hər ay, hər uşağa görə əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh Qocəli oğludan hər ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərcinin əvəzi Cavabdeh Qocəli oğludan tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar