Məhkəmə qərarları › İş №2(006)-6433/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6433/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6433/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladları, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı Cavabdeh sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat məbləğində, ümumilikdə, 942 (doqquz yüz qırx iki) manat alimentin və xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşı tamam olanadək hər ay hər uşağa görə əlavə olaraq, 200 (iki yüz) manat, ümumilikdə, 400 (dörd yüz) manat əlavə xərc məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixli, 173 saylı rəsmi nikah qeydinə əsasən rəsmi nikaha daxil olmuşdur. İddiaçının Cavabdeh ilə rəsmi nikahından xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X14 anadan olmuşdur. Cavabdeh övladlarının saxlanmasına dair maddi köməklik göstərməsi zəruridir. Bu səbəbdən övladlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşağa 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 984 (doqquz yüz səksən dörd) manat məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh ata kimi övladlarına lazımi maddi dəstək göstərmədiyindən, uşaqların təminatı üçün onun maddi vəsait ayırması mütləqdir. Bu əsasla cavabdehdən aliment tələb etmək zərurəti yaranmışdır. Bundan əlavə, qeyd olunan iki övladı xx.xx.2023-cü il təvəllüdlü X10, xx.xx.2023-cü il təvəllüdlü X14 çox körpə olduqlarından və xx.xx.2023-cü il təvəllüdlü X14 "Daun sendromlu" olduğundan onların 3 yaşlarının tamam olmasına qədər əlavə xərcin də cavabdehdən tutulmasını tələb edir. İddiaçı ilk əvvəl aliment tələbinə dair Mediasiya Şurasına müraciət etmişdir. Bakı şəhəri 2 X12 tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli MŞB/2/2025-01200 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış və ödədiyi 60 manat pulun qəbzi verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında texniki (telefon) vasitələrdən istifadə etməklə izahatı alınmış Cavabdeh bildirmişdir ki, ailəsinin dağılmasını istəmir, maddi vəziyyəti tələb edilən miqdarda alimenti ödəməyə kifayət etmir. İş materialları: Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 905323 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasında xx.xx.2013-cü il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 873 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. AZ-lll seriyalı 374168 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-lll seriyalı 669092 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 və X10 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X9 daun sindromu diaqnozu əsasında ikinci dərəcə əlillik təyin edilmişdir. Bakı şəhəri 2 X12nın xx.xx.2025-ci il tarixli, MŞB/2/2025-01200 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X14 anadan olmuşdur. İşin faktiki halı olaraq müəyyən edilmişdir ki, uşaqlar hazırda iddiaçının yanındadır və onların saxlanması ilə bağlı xərci iddiaçı qarşılayır, lakin cavabdeh valideyn olaraq həmin xərcin qarşılanmasında iştirak etmir. İddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aliment və 3 yaşına çatmamış övladlarının saxlanması üçün əlavə xərc tələb etmişdir. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, iddia tələbinin həcmini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşı tamam olanadək hər ay hər uşağa görə əlavə olaraq, 200 (iki yüz) manat, ümumilikdə, 400 (dörd yüz) manat əlavə xərc məbləğinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin maddi vəziyyəti, iddia tələbinin həcmi, həmçinin cavabdehin tələb edilən miqdarda alimenti ödəmək iqtidarında olmamasına dair etirazını və cavabdeh tərəfin bu növ alimenti ödəməyə zəruri vəsaitə malik olmasına dair kifayət qədər sübutlar mövcud olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 11 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 11 dekabr 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11 dekabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Tələb edilmədiyindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (400x0,5=200 manat, 200x4=800, 800 x 12 = 9600 manat) 9600 manat və müvafiq hesablanmaya əsasən ödənilməli rüsumun məbləği 116 manat müəyyən edildiyindən, iddiaçı tərəfindən isə 60 manat mediasiya xərci ödənildiyindən, cavabdehdən 56 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 11 dekabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Tələb edilmədiyindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci İddiaçı aid edilsin. Dövlət rüsumuna görə 56 (əlli altı) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar