Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6609/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublkası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Azərbaycan Respublikası ərazisi uğrunda döyüşlərdə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 1993-cü il tarixdə çağırılmışdır. Həmin tarixdən Azərbaycan Respublikası ərazisi uğrunda erməni işğalçı ordusuna qarşı Kəlbəcər bölgəsində döyüşmüşdür. Kəlbəcər rayonunun kəndlərinin erməni işğalçı ordusundan azad olunmasında fəal iştirak etmişdir. Döyüşdüyü müddətdə hərbi xidməti vəzifəni yerinə yetirərkən fevral 1994-cü il tarixdə ağır yaralanmışdır. O, yaralandıqdan sonra onu hərbi Səhra Qospitalına apardılar və Mingəçevir şəhər mərkəzi xəstəxanasına göndərdilər sonra müalicəni davam etdirmək üçün Mingəçevir şəhəri Mərkəzi xəstəxanasının vərəm xəstəxanasına göndərdilər. Altı aya yaxın müalicə olunmağına baxmayaraq nəticədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Hərbi travmadır. Azərbaycan Respublikası müdafiəsi uğrunda alınmışdır. Qərar veriblər. Qarabağ müharibəsində ağır yaralanmağına baxmayaraq o qanunla ona veriləsi sığorta pulunu almadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 20.12.2019-cu il tarixli, 1051 saylı qərarından görünür ki, Mingəçevir ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi prokurorluğunun 11.10.2019-cu il tarixli HP 02/5144 nömrəli və Tərtər hərbi prokurorluğunun 20.09.2019-cu il tarixli 19HP 5435 nömrəli məktublarında barəsində təqsirləndirici material və ya cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və 01.02.1994-cü ildən 10.02.1994-cü ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “sol ağciyərin yuxarı payının ocaqlı vərəmi. Xroniki astmatik komponentli diffuz bronxitin kəskinləçməsi” və 11.02.1994-cü ildən 04.08.1994-cü ilə kimi Mingəçevir şəhər vərəm əleyhinə xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “solağciyərin yuxarı payının ocaqlı vərəmi infiltrasiya fazasında. Astma komponentli diffuz bronxit”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Mingəçevir şəhər şöbəsinin 24.10.2019-cu il tarixli arayışından görünür ki, verilir istefada olan əsgər, 1966-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərinə əsasən o, həqiqətən 21.04.1984-cü il tarixdən 07.08.1986-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. 16.11.1993-cü il tarixdə Mingəçevir ŞHK-ğı tərəfindən hərbi xidmətə səfərbər edilmiş İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 02.07.2019-cu il tarixli 9/2-9013 №li arayışına əsasən 17.11.1993-cü il tarixdə N saylı hərbi hissənin şəxsi heyət siyahısına alınmışdır. Yaralanaraq hərbi hospitala göndərilməsi ilə əlaqədar 31.01.1994-cü il tarixdə qazan təminatından çıxarılmışdır, sənədlərdə İddiaçı ehtiyata buraxılması haqqında məlumat yoxdur. İddiaçı N saylı hərbi hissədə hərbi xidmət keçməsinə dair təqsirləndirici material və ya cinayət işi olmamışdır. İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatdığına görə 01.01.2017-ci il tarixdən hərbi uçotdan çıxarılmışdır: arayış qeydiyyat kartasına və digər sənədlərə əsasən itmiş hərbi biletin əvəzinə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 31 iyul 2019-cu il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə səhhətiniz ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. Beləliklə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin mingəçevir şəhər şöbəsinin 24.10.2019-cu il tarixli arayışından göründüyü kimi istefada olan əsgər, 1966-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərinə əsasən o, həqiqətən 21.04.1984-cü il tarixdən 07.08.1986-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. 16.11.1993-cü il tarixdə Mingəçevir ŞHK-ğı tərəfindən hərbi xidmətə səfərbər edilmiş İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 02.07.2019-cu il tarixli 9/2-9013 №li arayışına əsasən 17.11.1993-cü il tarixdə N saylı hərbi hissənin şəxsi heyət siyahısına alınmışdır. Yaralanaraq hərbi hospitala göndərilməsi ilə əlaqədar 31.01.1994-cü il tarixdə qazan təminatından çıxarılmışdır, sənədlərdə İddiaçı ehtiyata buraxılması haqqında məlumat yoxdur. İddiaçı N saylı hərbi hissədə hərbi xidmət keçməsinə dair təqsirləndirici material və ya cinayət işi olmamışdır. İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatdığına görə 01.01.2017-ci il tarixdən hərbi uçotdan çıxarılmışdır: arayış qeydiyyat kartasına və digər sənədlərə əsasən itmiş hərbi biletin əvəzinə verilir. Buna görə də iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); Məhkəmə araşdırması zamanı iddiaçı əlilliklə əlaqədar sənəd təqdim etməmişdir. Beləliklə müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi verilməmişdir. Belə olan halda, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublkası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6609/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6609/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver