Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-669/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə Lənkəran rayonunda doğulmuşdur və 1994-cü ilin mart ayından 1997-ci ilin iyulun 05-dək olan dövrdə Azərbaycan Respublikasının SQ-nin N №-li hərbi hissəsində – xüsusi təyinatlı dəstədə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı erməni işğalçılarına qarşı Azərbaycanın Füzuli-Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi qərargahları Tərtər rayonunun İsmayılbəyli kəndində olmuş və hərbi hissənin komandiri Azərbaycan Respublikasının Milli X5 idi. İddiaçı Tərtər rayonunun Seysulan, Qırmızıkənd (Marquşavan) və Qafanlı kəndləri uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. İddiaçı həmin hərbi hissənin artilleriya diviziyasının 2-ci batareyasında xidmətdə olmuşdur və komandirlərin: artilleriya rəisi Gözəlov Əkram, divizion komandiri İbrahimov Xeyrulla, artilleriya divizionunun qərargah rəisi Kosayev Vüqar olmuşdur. 28.02.1997-ci il tarixdə hərbi vəzifəni yerinə yetirən zaman başından açıq kəllə-beyin zədəsi alaraq xəsarətlənmişdir və 5 ay müalicədən sonra iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. İİ qrup əlilliyə görə pensiya alı rvə prezident təqaüdçüsüdür. İddiaçı hərbi xidmətdə olarkən dövlət çevirilişinə cəhd edilən Gəncə qoyamının qarşısının alınmasında əsgər kimi iştirak etmişdir və xəsarətlənməsi ilə əlaqədar N saylı hərbi hissənin hospitalında müalicə olunmuşdur. Həqiqi hərbi xidmət dövrndə ağır xəsarətlənməsi ilə əlaqədar olaraq mövcud qanunvericiliyə əsasən iddiaçıya sığorta ödənişi - kompensasiya verilməli idi. Lakin yaralanması ilə əlaqədar olaraq iddiaıya heç bir sığorta ödənişi edilməmişdir. Odur ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20.05.1997-ci il tarixli Qanununun 5-ci maddəsinə əsasən iddiaçıya İİ-ci dərəcə əlilliyə görə ödənilməli olan sığorta məbləğinin (60%) ödənilməsini ədalətli hesab edir. İddiaçıya mövcud qanunvericiliyə uyğun olaraq həqiqi hərbi xidmət dövründə xəsarətlənməsi ilə əlaqədar ödənilməli olan, yəni İİ-ci qrup əlilliyə görə ödənilməli olan sığorta məbləğinin – 11.000 manatın 60%-nin – 6600 manat pulun iddiaçıya ödənilməsindən ötrü həm şifahi, həm də yazılı surətdə cavabdeh şirkətə müraciətlər etmişdir. Nəhayət, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 22.09.2021-ci il tarixli, 07-07-1507 №-li məktbu ilə iddiaçıya cavab verilmişdir ki, əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədi ilə İşçi Qrup yaradılmışdır. İşçi Qrup bu məqsədlə iş aparır və buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq qərar qəbul edildikdən sonra onun tələbi təmin olunacaqdır. Hesab edir ki, cavabdehin uzun müddətdir davam edən şirnikləndirici vədini real icrası gərəkdir və buna görə də müvafiq məhkəmə qətnaməsinin qəbul edilməsini qanunu, ədalətli və insani hesab edir. Göstərilənləri nəzərə alaraq İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrdə ağır kəllə-beyin zədələnməsi ilə xəsarətlənməsi ilə əlaqədar olaraq iddiaçıya İİ-ci qrup əlilliyə görə ödənilməli olan birdəfəlik sığorta ödənişinin (60%-nin), yəni 6600 manat sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığort Kommersiya Şirkəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Qulmhüseyn oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq Departmentinin direktoru X3 etiraz ərizəsi məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddiaçıya təqdim edilmiş 89 saylı, 21.05.1997-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən məlum olur ki, şəxs hərbi xidmət vəzifələrini yerinə yetirərkən, 27.05.1997-ci ildə travma almışdır və həmin şəhadətnamədə müəyyən olunmuş HHK-nın qərarı ilə aldığı travmanın hərbi travma səbəb əlaqəsi təsdiq olunmuşdur. İddiaçının təqdim etdiyi hərbi biletdən məlum olur ki, şəxs 05.07.1997-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçıya təqdim edilmiş Lənkəran ƏSMM-nin 23116 saylı vəsiqəsindən aydın olur ki, şəxsə 05.01.2016-cı ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sənədlərin təhlili göstərir ki, şəxs 27.02.1997-ci ildə xəsarət almış və 05.07.1997-ci ildə hərbi xidmətdən tərxis olunmuş olsa da, əlillik dərəcəsi şəxsə 05.01.2016-cı ildə təyin edilmişdir. Hərbi qulluqçuların icbari sığorta qaydaları «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Yenə həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir və həmin maddənin «ç» bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışda) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xildmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən qeyd edilməlidir ki, şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəlki abzasda altından xətt çəkilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərdən biri kimi həmin maddənin «b» bəndinin birinci abzasında nəzərdə tutulan sənəd («Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti) mövcud deyildir. Qeyd olunanlara əsasən iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və vəkilin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21.05.1997-ci il tarixli, 89 saylı qərarının surətindən görünür ki, Lənkəran RHK tərəfindən 28.03.1994-cü ildə hərbi xidmətə çağırılmış, X1 travmasını hərbi xidmətini yerinə yetirərkən 27.02.1997-ci ildə aldığı və 20.06.1997-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma - diaqnoz: «Ağır kəllə-beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi və zədələnməsi, sağ gicgah sümüyünün beyinə basılmış sınığına görə sağ gicgah-təpə sümüyünün reziksion-dekompressiv trepanasiyası, kəllə və beyinə basılmış sümük fraqmentlərin xaric edilməsindən sonra sağ gicgah-təpə sümüyünün deffekti – 5,5 x 3,0 sm (27,5 sm2), trepanasiya sindrom, hərbi zədələmə. Hərbi travmadır».
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında 17.12.2021-ci tarixli arayışından görünür ki, İddiaçı əlilliyə görə 259,78 manat pensiya təyin edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında 17.12.2021-ci tarixli arayışından görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) İİ qrup müharibə əlillərinə görə 350 manat təqaüd təyin edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının arayışların surətlərindən görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci qrup əlildir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 05.01.2016-cı il tarixli 231162 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci qrup əlildir.
14. İş materillarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 08.01.2020-ci il tarixli M/V seriyalı 087258 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 22.09.2022-ci il tarixli məktubdan görünür ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə İşçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparılır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq qərar qəbul edildikdən sonra onun tələbi təmin olunacaqdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməli olan 6.600 manat birdəfəlik sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.
17. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir.
18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişinin ödənilməsini tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.
19. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını təklif edilsə də, iddiaçı tərəf buna razı olmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında» 23.12.2021-ci il tarixli Fərmanının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə bağlı bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğdə sığorta ödənişi verilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
21. Məhkəmə qeyd edir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, Prezident Fərmanı ilə sığorta ödənişi ediləcək şəxslərin siyahısı, ödəniş məbləğinin hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
26. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
27. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
28. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
29. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
30. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov