Məhkəmə qərarları › İş №2(006)-6709/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6709/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6709/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı X10, İddiaçının vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, X1 iştirakı ilə, İddiaçı X10 cavabdehlər Jones (İbrahimova) Tamilla Aleksandrovnaya və X4 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh X13-yə qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnaya qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Jones (İbrahimova) X2 Məcəlləsində nəzərdə tutulan ər-arvadın qarşılıqlı münasibətlərinə hörmət etməməsi və iddiaçı X13-yə xəyanət etməsinə görə cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnanın iddiaçı X13-dən üzr istəməklə ona mənəvi ziyan olaraq 25.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı X13 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X5 da cavabdeh qismində qeyd etməklə, cavabdehlər Jones (İbrahimova) Tamilla Aleksandrovnanın və X3 Azərbaycan, ümumbəşəri qanunvericilik və adətlərdə əks olunan ər-arvadın qarşılıqlı münasibətlərinə hörmət etməməsi və iddiaçı X13-yə müvafiq olaraq xəyanət və hörmətsizlik nümayiş etdirməsi səbəbi ilə onların iddiaçı X13-dən üzr istəməklə ona mənəvi ziyan olaraq müştərək qaydada 25.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X13 Jones (İbrahimova) Tamilla Aleksandrovna ilə Bakı Nikah Evində (Səadət Sarayında) 22 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 01 dekabr 2014-cü il tarixdə X14 doğulmuşdur. Tərəflərin nikah münasibətləri əvvəllər normal olmuşdur. Sonradan isə tərəflərin arasında münasibətlər Cavabdeh iddiaçıya qarşı zorakı hərəkətlər etməsi ilə pozulmağa başlamışdır. Həmin zorakı hərəkətlər ərizəyə əlavə olunan fotoşəkillərdə, video və audio fayllarda öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, Tamilla heç bir əsaslı səbəb olmadan qəflətən əsəbləşərək iddiaçının üstünə cumur, onu təhqiramiz ifadələrlə təhqir edir, söyür və danlayır. Video və audio fayllardan da göründüyü kimi, cavabdeh bu hərəkətlərlə kifayətlənməyərək hətta iddiaçının üstünə cumur, onu döyür və bədənini dırnaqları ilə cırmaqlayır. Əsas məqamlardan biri isə ondan ibarətdir ki, Cavabdeh bu hərəkətlərini azyaşlı uşağın qarşısında törədir. Bu isə təbii olaraq uşağın psixikasını pozmaqla, onun normal bir şəxs kimi böyüməsinə mane olur. Həmçinin bildirirlər ki, son zamanlar Cavabdeh iddiaçını ölümlə hədələyir. Göstərilməlidir ki, o, hətta iddiaçını öldürəcəyini onun üzünə belə deməkdən çəkinmir. İddiaçının qorxduğu məqam həm də ondan ibarətdir ki, o, əcnəbi olmaqla, Azərbaycan Respublikasında qərib şəxs kimi yaşayır. Onun qohuməqrabası Böyük Britaniyada yaşayır. Digər tərəfdən isə qeyd olunmalıdır ki, tərəflər arasında birgə nikah münasibətləri olmasına baxmayaraq, cavabdeh iddiaçıya qarşı xəyanət etmişdir. Belə ki, bir qədər əvvəl iddiaçı evində cavabdehlə bir yerdə tanımadığı bir cavan oğlanı görmüş, onun kim olduğunu soruşmuş, Cavabdeh isə həmin oğlanın onun qohumu olduğunu, anasının xəstəxanaya gedib-gəlməsi üçün ona kömək etməyə gəlmişdir. Daha sonra isə Cavabdeh iddiaçı Jones Keithə etiraf etmişdir ki, onlara gəlmiş oğlan Murad Bağırov adlı futbolçudur, Cavabdeh həmin oğlanla iddiaçıya xəyanət etmişdir. Həmçinin bildirmişlər ki, qeyd olunan bu halların baş verməsindən sonra Cavabdeh iddiaçıya təhqiramiz ifadələr yazaraq onu «peysər, oğraş» adlandırmışdır. Həmçinin o yazmışdır ki, «yazıq David, sənin kimi atası var». Cavabdeh qanunvericilikdə (Ailə Məcəlləsinin 3.0.1-ci maddəsində) nəzərdə tutulan normaları pozmuşdur. İddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnanın yazdığı elektron məktubdan da göründüyü kmi, o, iddiaçı X13-yə X7 vasitəsi ilə xəyanət etmişdir ki, sonuncu da Tamillanın Keithlə evli olduğunu bilirdi. Buna sübut kimi isə o fakt vardır ki, cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnanın anası və nənəsi Covid xəstəsi olduğu zaman iddiaçının cavabdeh ilə birgə nikah dövründə sonuncunun adına aldığı mənzildə X3 Tamilla ilə yaxın münasibətdə (X12 ilə yad kimi yox, onun yaxını kimi rəftar etməsi) olduğunu görməsi və Murad Bağırovun hətta onunla əllə görüşməsi olmuşdur. Bu hal isə onu sübut edir ki, Murad Bağırov həyatından xəbərdar olmuşdur. Bundan başqa, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən də göründüyü kimi, X12 Keithi lap uşaqlıqdan tanıyır. Murad Bağırov polisə izahatında qeyd etmişdir ki, onlar Tamilla Keithlə bir-birilərini hələ lap uşaqlıqdan, onlar birlikdə Nərimanov ərazisində yaşayandan tanıyır. Bundan başqa, X12 Keithin evli olduğunu ən azı Tamillanın onunla birgə nikahdan doğulmuş uşağı olan Davidin evdə olmasından da bilirdi. Bundan başqa, Tamilla iddiaçı Jones Keithi daim Murad Bağırovla hədələmişdir. Bu səbəbdən də, evli qadınla göstərilən münasibətdə olmaqla Murad Bağırov əslində cəmiyyətə, adətlərə, ümumbəşəri prinsiplərə, ona və qanunlara hörmətsizlik nümayiş etdirmişdir. Təbii olaraq eyni hörmətsizliyi Tamilla Keith iddiaçıya qarşı törətmişdir. Bundan başqa, iddiaçı X13 məhkəməyə iddianın əsasının artırılması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, hazırkı iddianın əsasını hər iki cavabdehə münasibətdə onların xəyanət etməklə ailə münasibətlərinə hörmət etməmələri olmuşdur. Hazırda ilk iddia üzrə Cavabdeh ona qarşı qarşılıqlı iddia qaldırması və Tamillanın ona qarşı etdikləri hərəkətləri nəzərə alaraq müraciətlərində göstərilən iddianın əsası ilə yanaşı cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnaya qarşı olan iddianın əsasına başqa bir əsası da əlavə etmək istəyir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş audio, video və şəkillərdə əks olunan informasiyadan da göründüyü kimi, Cavabdeh nəinki onu vurmuş, təhqir etmiş, xəsarət yetirmiş, bu azmış kimi ona qarşı qeyd olunan hərəkətləri oğulları Davidin gözü qarşısında edərək onun şüuruna da psixoloji travma vurmuşdur. Qeyd olunanlara görə cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnaya qarşı olan iddianın əsasına sonuncunun onu vurmasını, təhqir etməsini, xəsarət yetirməsini, eləcə də bunları azyaşlı uşağın gözləri qarşısında etməklə ona psixoloji olaraq travma yetirməsini də əlavə edir. Beləliklə, yuxarıda qeyd edilənlər əsasında məhkəmənin icraatında olan cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnaya qarşı olan iddianın əsası kimi sonuncunun onu vurmasını, təhqir etməsini, xəsarət yetirməsini, eləcə də bunları azyaşlı uşağın gözləri qarşısında etməklə ona psixoloji olaraq travma yetirməsini də əlavə olunaraq qərar qəbul olunan zamanı nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh X13-yə qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaitinin X9 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia tamamilə əsassızdır. Belə ki, Keith Jonesin onun barəsində dedikləri şər və böhtan olmaqla birlikdə, onun şərəf və ləyaqətini birbaşa ləkələməkdir. Ərizəyə əlavə olunmuş mesajlardan çıxarışa baxdıqda görünür ki, cavabdeh daim onu və şəxsiyyətini təhqir edir. Bu, artıq illərdir ki, davam edir. Hətta belə ki, o, bunu «mənəvi terror» adlandırardı. Bilindiyi kimi, Azərbaycan nə qədər müasir bir ölkə olsa belə, burada mental dəyərlər və ictimai qınaq hələ də çox güclüdür. Hazırkı vəziyyətdə Keith Jonesin ona qarşı belə bir iddia qaldırması, onu cəmiyyətdə əxlaqsız qadın kimi təqdim etməyə çalışması həm ona, həm də onun ailəsinə böyük əzab və iztirab verməkdədir. Cavabdeh həmçinin bu barədə oğulları Davidin məktəbinə, öz danışdığı və tanış olduğu qadınlara, bacardığı hər yerə yazır və ya danışır. Cavabdeh onu rüsvay etmək istəyir. Onu təhqir etməsi və döyməsi bəs deyilmiş kimi, hələ cəmiyyətdə nüfuzdan da salmağa çalışır. Hazırkı məhkəmə qərarı da buna sübutdur. Keith Jones çox eqoistdir və onlar evləndikdən qısa bir müddət sonra cavabdeh ondan ayrı yaşamağa başlayıb. Cavabdehin ondan əvvəl də iki uğursuz evliliyi olmuşdu və hər iki evlilik qarşı tərəfin istəyi ilə sonlanmışdı. Həmin qadınların heç biri onunla 2 ildən çox yaşaya bilməmişdir. Yalnız onun səbri və bağışlaması sayəsində bu nikah 9 il davam etmişdir. O, əvvəllər cavabdehin bu eqoist xasiyyətlərinə əhəmiyyət verməsə və cavabdehə uyğunlaşmağa çalışsa da, bunun heç bir nəticəsi olmadığını görmüşdür. O, ilk dəfə hamilə olduğu zaman cavabdeh ona qarşı diqqətsiz və qayğısız olmuşdur. Hamilə ola-ola bütün ev işlərini (mənzil təmiri, evin təmizliyi, evə bazarlıq etmək, yemək bişirmək və s.) ona gördürmüşdür. Cavabdeh özü isə səhər saat 5-ə qədər işləyir, ingilis «pub»larına gedir və özü üçün subay həyatı yaşayırdı. Bütün bunlar ona öz həyat yoldaşı və doğma uşağından daha vacib idi. Cavabdeh çox mərhəmətsiz və qəddar bir insandır. Ona qarşı dəfələrlə ağır təhqirlər və fiziki əzablar vermişdir. Bunun nəticəsində hətta ilk dəfə 2013-cü ildə hamiləlikdə düşük yaşamışdır. Divanda ağrılı və köməksiz vəziyyətdə, hərəkət edə bilmədən qaldığı halda, cavabdeh ona heç bir kömək etməmişdir. Əvəzində ağır təhqirlər etmiş və ona heç nə olmadığını bildirmişdir. Yalnız səhər anası gəlmiş və onu xəstəxanaya aparmışdır. Həmçinin cavabdeh bununla bağlı ona müxtəlif stresslər yaşatmışdır. Cavabdeh hər zaman onu, xarici görünüşünü, ölkəsini, milliyyətini, dinini təhqir etmişdir və bu günkü gün də edir. Ona qarşı etdiyi zorakılıq və sağlamlığına ziyan vurma ilə bağlı dəfələrlə polisə müraciət etmişdir və Nəsimi RPİ-nin 22-ci Bölməsində icraat aparılmışdır. Lakin Keith hər dəfə ona bağışlanması barədə yalvarmış və o da ürəyiyumşaqlıq edərək onu bağışlamışdır. Cavabdeh isə yenə də öz əməllərinə davam etmiş və ona əziyyət vermişdir. Boşanmaq üçün bir digər səbəb isə cavabdehin hər zaman ona qarşı yalan danışmasıdır. O, cavabdehi başqa qadınlarla danışan zaman tutmuşdur. Esya Eyvazova, Nailə Əhmədova, indi isə Ulya adlı qadın və digər fərqli qadınlar. Cavabdeh bütün bu hərəkətləri ilə daim ona iztirablar vermişdir. Hazırda tərəfindən məhkəmədə boşanma barədə iddiaya baxılır. Belə olan halda əsassız və yalan izahatlar üzərində qurulmuş iddia tələbləri ilə onu məhkəmələrdə və polis orqanlarında süründürməçiliyə məruz qoyduğuna, ona daim hədə-qorxu gəlməyə, davamlı təhqirlər və fiziki iztirablar verməsinə, hazırkı iddia üzrə ona şər və böhtan ataraq onun ləyaqətini ləkələməyə görə X9 5.000 manat məbləğində pul tutularaq ona ödənilməli, ilk iddia isə əsassız olduğundan rədd edilməlidir. İddiaçı X13 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin və əlavələrin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh onun iddiasını təkzib edərək ona qarşı iddia irəsli sürmüşdür ki, «...Keith Jonesin mənim barəmdə dedikləri şər və böhtan olmaqla birlikdə, mənim şərəf və ləyaqətimi birbaşa ləkələməkdir. Ərizəyə əlavə olunmuş mesajlardan çıxarışa baxdıqda görünür ki, o, daim məni və şəxsiyyətimi təhqir edir. Bu artıq illərdir ki, davam edir. Hətta belə ki, mən bunu «mənəvi terror» adlandırardım». Cavabdeh qeyd olunan bu ittihamına cavab olaraq aşağıdakıları bildirir. İddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyim foto, video və audio fayllardan da göründüyü kimi, evliliyin bütün müddəti ərzində Tamilla onu şifahi şəkildə təhqir edib və dəfələrlə ona şiddətlə hücum edib. Ona qarşı şifahi təhqir və zorakı hücumlar həmişə səbəbsiz olub və tez-tez 01 dekabr 2014-cü il təvəllüdlü oğlu Davidin gözü qarşısında baş verib. Tamillanın səbəbsiz təhqiri və şiddətli hücumları orta hesabla ayda 2 dəfə baş verirdi (Tamillanın səbəbsiz sui-istifadə və zorakı hücumlarını sübut etmək üçün əvvəllər təqdim edilmiş videolara, audiolara və fotoşəkillərə baxılmasını xahiş edir). Tamillanın zorakı hücumları nəticəsində təqdim edilən sübutlardan göründüyü kimi, o, həyati əhəmiyyətli olan xəsarətlərlə nəticələnə bilən çoxsaylı xəsarətlər (üz və bədənindən ciddi kəsiklər şəklində) almışdır. Onu da qeyd edir ki, Tamillanın bir sıra səbəbsiz zorakı hücumlarından sonra Tamilla polisə zəng etməklə onu hədələyərək ailə mənzilini tərk etməsini tələb edirdi. Bir neçə dəfə Tamilla polisə zəng edərək ona qarşı zorakılıq haqqında yalan iddialar bildirmişdir. Azərbaycan dilini bilmədiyi üçün Tamillanın yalançı polis iddiaları onun günahsızlığını sübut etməkdə onu çox çətin vəziyyətə salmışdır və bu evlilik dövründə onu çox sıxmışdır. Tamillanın bütün ittihamları heç bir etibarlı sübut olmadığı üçün onun xeyrinə qəbul edilmiş heç bir qərarla nəticələnməmişdir. Qeyd olunmalıdır ki, evlilik zamanı onun üstünlüyü Tamillanın zorakılığını hakimiyyət orqanlarına bildirmək deyil, susmaq olub. Onun prioriteti Tamillanın yetkinləşəcəyinə və ona qarşı bu təhlükəli zorakı davranışı dayandıracağına və onun evliliyi xilas etməsinə inanması olmuşdur. Tamillanın müntəzəm təhqiri və şəxsi təhlükəsizliyi üçün şiddətli hücumları səbəbindən Tamillanın sabitləşməsinə imkan vermək üçün qısa müddətə müvəqqəti olaraq ailə mənzilini tərk etməkdən başqa bəzən seçimi olmurdu. Tamilla sakitləşəndə o, həmişə ailə evinə qayıdırdı ki, bəlkə bir gün zorakılıq dayanacaq. Tamillanın onunla evliliyindən xoşbəxt olmadığını başa düşsə, Tamillanın normal və sakit davrandığı, ona və Davidə xoşbəxtlik gətirdiyi dövrlər olub. Tamllanın sui-istifadəsi və zorakılığı fonuna baxmayaraq, daha xoşbəxt vaxtları əks etdirən ailə fotoşəkillərindən bir hissəsini məhkəməyə təqdim edir. Fotolar Tamilla və ailəsinə davamlı emosional və maddi dəstəyinin sübutudur. Tamilla evlilik dövründə heç vaxt işləməsə də və ya ailəyə maddi yardım göstərməsə də, o, ailəsini maddi cəhətdən təmin etmək üçün həftədə altı günə qədər uzun saatlar işləmişdir. Bununla belə, təsdiq edir ki, işdən kənar bütün boş vaxtlarını Tamilla və ailəsinə həsr etmişdir. Bu, təqdim olunan çoxsaylı fotolarda öz əksini tapıb. Təqdim olunan fotoşəkillərdən göründüyü kimi, Tamilla onun səylərinin sayəsində çox faydalanmışdır. Tamilla bu evlilik müddətində Dubay (Novruz), Türkiyə, Gürcüstan, İtaliya, Böyük Britaniya və ABŞ-a illik tətillər də daxil olmaqla bir çox bayramlardan bəhrələnib. Bundan əlavə, Tamilla bu evlilik zamanı Sankt-Peterberq, Dubay və Balidə olarkən təkbaşına və ya dostları ilə tətillərdən faydalanıb və həzz alıb, bunların hamısı onun maddi dəstəyi nəticəsində baş vermişdir. Tamilla onun zəhməti hesabına bu evlilik müddətində çoxlu sayda estetik əməliyyatlardan (dodaq, göz və döş implantları daxil olmaqla) da faydalanmışdır. Tamilla onun emosional və maddi dəstəyi sayəsində evli olmağın bir çox faydalarını alsa da, bu, onu çox kədərləndirdi ki, Davidin doğulmasından sonra Tamilla evlilik yatağından ayrılmış və bir daha geri qayıtmamışdır. Nəticədə Tamilla onunla ildə bir neçə dəfə intim münasibət qurmuşdur. Tamillanın onun «mənəvi terror» sayılacaq şəkildə hərəkət etdiyi ilə bağlı ittihamına gəlincə, bu iddianın doğru olmadığını təsdiq edir. Qeyd edir ki, bu saxta ittihamla bağlı heç bir sübut təqdim edilməyib. Həmişə başa düşürdü ki, Tamilla evlilikdə xoşbəxt deyildi, lakin bu, onun evliliyi ilə işləmək üçün çox çalışmağına mane olmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmçinin göstərib ki, «Bilindiyi kimi Azərbaycan nə qədər müasir bir ölkə olsa belə, burada mental dəyərlər və ictimai qınaq hələ də çox güclüdür. Hazırkı vəziyyətdə Keith Jonesin mənə qarşı belə bir iddia qaldırması, məni cəmiyyətdə əxlaqsız qadın kimi təqdim etməyə çalışması həm mənə, həm də mənim ailəmə böyük əzab və iztirab verməkdədir. O, həmçinin bu barədə oğlumuz Davidin məktəbinə, öz danışdığı və tanış olduğu qadınlara, bacardığı hər yerə yazır və ya danışır». Bu ittihama cavab olaraq qeyd edir ki, yuxarıdakı cavabında qeyd edildiyi kimi, oğlum Davidin doğulduğu gündən Tamilla ona qarşı kobud və zorakılıq edir, əksər hallarda David bunun şahidi olur (əvvəllər təqdim edilmiş videolara, audiolara və fotolara baxılmasını xahiş edir). Devidin anasının atasına qarşı bu cür zorakılığının şahidi olması Davidə ciddi emosional və psixoloji ziyan vurmuşdur ki, bu da şübhəsiz ki, gələcək həyatında onun davranışına təsir edəcəkdir. 2021-ci ilin sentyabrında Tamillanın nikahlarına xəyanət etməsini qəbul etməsindən sonra heç bir seçimi olmadığı üçün ailənin mənzilini tərk etmişdir (həmin mənzili Tamillanın maddi yardımı olmadan yalnız öz zəhməti nəticəsində əldə etdiyi gəlirlə almışdır). Ailənin mənzilini tərk etdiyi bir neçə gün ərzində başa düşmüşdür ki, Tamillanın nişanlısı bir gecədə ailənin mənzilinə tez-tez baş çəkirdi. Davidin həyat şəraitinin yenidən dəyişməsi onun daha çox çaşqınlığına və emosional zərbələr almasına səbəb olmuşdur. Davidin vəziyyətə reaksiyası onun gündəlik məktəbə getməkdən imtina etməsidir. Onun məktəbə davamiyyəti çox zəifdir. Davidin emosional və fiziki vəziyyəti ilə bağlı narahatlığına görə, Davidin vəziyyətini müzakirə etmək üçün məktəb rəhbərliyinə baş çəkdiyini təsdiqləyir. Məktəb rəhbərliyi ilə bu müzakirələrə Davidin şahidi olduğu ailə evində Tamillanın ona qarşı təhqiramiz və zorakı davranışı daxil idi. Tamillanın ona xəyanəti və Davidin ailə evində Tamillanın nişanlısı ilə tanış olması ilə bağlı çaşqınlıq səbəbindən son ayrılmasını məktəb rəhbərliyi ilə də müzakirə etmişdir. O, təsdiq edir ki, onunla məktəb rəhbəri arasında aparılan müzakirələr məktəbin Davidin ailə həyatında onun məktəbə davamiyyətinin olmaması ilə nəticələnən qeyri-funksional vəziyyəti başa düşməsi üçün lazım idi. Digər tərəfdən isə Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, «o, məni hər yerdə rüsvay etmək istəyir. Məni təhqir etməsi və döyməsi bəs deyilmiş kimi, hələ cəmiyyətdə nüfuzdan da salmağa çalışır. Hazırkı məhkəmə qərarı da buna sübutdur». Bu ittihama qarşı onu bildirir ki, Tamillanın onu zorakılıqla döydüyü ilə bağlı ittihamına gəlincə, bu ittihamı rədd edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, «Keith Jones çox eqoistdir və biz evləndikdən qısa bir müddət sonra o, məndən ayrı yaşamağa başlayıb. Onun məndən əvvəl də iki uğursuz evliliyi olmuşdu və hər iki evlilik qarşı tərəfin istəyi ilə sonlanmışdı. Həmin qadınların heç biri onunla 2 ildən çox yaşaya bilmədi. Yalnız mənim səbrim və bağışlamağım sayəsində bu nikah 9 il davam etdi». Tamillanın onu eqoist olmaqda ittiham etməsinə gəlincə, o, bu iddianı rədd edir (əsaslar üçün yuxarıdakı cavablara baxılmasını xahiş edir). Cavabdeh eləcə də qeyd etmişdir ki, «Mən əvvəllər onun bu eqoist xasiyyətlərinə əhəmiyyət verməsəm və ona uyğunlaşmağa çalışsam da, bunun heç bir nəticəsi olmadığını gördüm. O, ilk dəfə hamilə olduğum zaman mənə qarşı diqqətsiz və qayğısız oldu. Mən hamilə ola-ola bütün ev işlərini (mənzil təmiri, evin təmizliyi, evə bazarlıq etmək, yemək bişirmək və s.) mənə gördürürdü. Özü isə səhər saat 5-ə qədər işləyir, ingilis «pub»larına gedir və ozu uçun subay həyatı yaşayırdı. Bütün bunlar ona öz həyat yoldaşı və doğma uşağından daha vacib idi». Qeyd olunan bu iddiaya isə münasibət bildirirərək qeyd edir ki, Tamilla onun işləməsi ilə bağlı ittihamında haqlıdır ki, o, ailəsini maddi cəhətdən təmin etmək üçün uzun saatlar işləmişdir. Onun eqoist, diqqətsiz olmaq ittihamına gəlincə, bu ittihamları rədd edir və əvvəlki cavablarına istinad etməyi xahiş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, «O, çox mərhəmətsiz və qəddar bir insandır. Mənə qarşı dəfələrlə ağır təhqirlər və fiziki əzablar vermişdir. Bunun nəticəsində hətta ilk dəfə 2013-cü ildə hamiləlikdə düşük yaşadım. Divanda ağrılı və köməksiz vəziyyətdə, hərəkət edə bilmədən qaldığım halda, o, mənə heç bir kömək etmədi. Əvəzində ağır təhqirlər etdi və heç bir şeyim olmamasını bildirdi. Yalnız səhər mənim anam gəldi və məni xəstəxanaya apardı. Həmçinin, o, bununla bağlı mənə müxtəlif stresslər yaşatdı». Bu ittihama qarşı onu bildirirəm ki, Tamilla gündəlik olaraq xəstə olduğundan şikayətlənirdi. Tamillanın 2013-cü ildə hamiləliyini itirməsi ilə bağlı onu bildirir ki, təxminən hamiləliyin 6-cı həftəsində Tamilla özünü pis hiss etdiyini təsdiq edir. O, tibb mütəxəssisi deyil, amma təsdiq edir ki, Tamillaya məsləhəti uzanıb dincəlmək oldu. Ertəsi gün Tamilla özünü hələ də pis hiss etdiyini təsdiqlədi. Razılaşdığı kimi, Tamilla anasının müşayiəti ilə xəstəxanaya baş çəkmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmçinin göstərmişdir ki, «O, hər zaman məni, xarici görünüşümü, ölkəmi, milliyətimi, dinimi təhqir etmişdir və bugünkü gün də etməkdədir. Mənə qarşı etdiyi zorakılıq və sağlamlığıma ziyan vurma ilə bağlı dəfələrlə polisə müraciət etmişəm və Nəsimi rayon Polis İdarəsinin 22 saylı bölməsində icraat aparılmışdır. Lakin Keith hər dəfə mənə bağışlanmağı barədə yalvarmış və mən də ürəyiyumşaqlıq edərək onu bağışlamışam. O, isə yenə də öz əməllərinə davam etmiş və mənə əziyyət vermişdir». Həmişə Tamillanı təhqir edən, Azərbaycanı təhqir edən, milliyyəti, dini təhqir edən ittihama gəlincə, o, bu ittihamları rədd edir və əvvəlki cavablara istinad edir. Bundan əlavə, 20 ilə yaxındır ki, Azərbaycanda işləyir, azərbaycanlı iş yoldaşları ilə yaxşı və hörmətli münasibətləri var, həmçinin azərbaycanlı dostları ilə idmanla məşğul olmaqdan həzz alır. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmçinin göstərdiyi digər hal isə ondan ibarətdir ki, «Boşanmaq üçün bir digər səbəb isə onun hər zaman mənə qarşı yalan danışmasıdır. Mən onu başqa qadınlarla danışan zaman tutmuşam. Esya Eyvazova, Nailə Əhmədova, indi isə Ulya adlı qadın və digər fərqli qadınlar. O, bütün bu hərəkətləri ilə daim mənə iztirablar vermişdir. Hazırda tərəfimdən məhkəmədə boşanma barədə iddiaya baxılmaqdadır». Tamillanın 7 il əvvəl evlilik yatağından ayrılmasına və intim münasibətdə olmaqdan imtina etməsinə baxmayaraq, o, evlilik zamanı başqa şəxslə intim münasibətdə olması və ya evliliyə xəyanət etdiyi barədə hər hansı ittihamı qəti şəkildə rədd edir. Tamilla onun sonuncuya xəyanət etməyi ilə bağlı heç bir sübut təqdim etməyib. Həmçinin bildirir ki, nə vaxt ki, onların oğulları David doğuldu, Tamilla təmizləyici və aşbaz tələb etmişdir. Təbii olaraq onların xərclərinin ödənilməsi onun çox işləməsinin nəticəsində baş verirdi. Bundan başqa qeyd edir ki, Tamilla bahalı idman zalına və gözəllik salonlarına gedirdi ki, bunun nəticəsində yaranan xərclər də onun daha cox işləməsi nəticəsində qarşılanırdı. Beləliklə məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı X10 izahatına uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovna məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh Jones (İbrahimova) Tamilla Aleksandrovnanın sözlərini təsdiq etdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə digər cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə ilkin iddia üzrə digər cavabdeh X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə qarşı iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sənədlərdən, verilmiş izahatlardan (işin faktiki hallarından) görünür ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, bu nikahdan onların bir övladları doğulmuşdur, tərəflər arasında münasibətlər pisləşmişdir (belə ki, iddiaçı Cavabdeh X13-yə qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və hazırda 2(006)-7233/2021 saylı mülki iş hakim Səməd Cəfərovun icraatındadır), bu zəmində hər iki tərəf bir-birinə qarşı şəxsi görüş və yazışmalarda sərt davranış nümayiş etdirmişlər. Bu münasibətlər ailə çərçivəsindən kənara çıxmamış, ictimailəşməmiş, KİV-də işıqlandırılmamış, geniş izləyici və dinləyici kütləsinə xitaba xəbər portallarında, forumlarda, sosial şəbəkələrdə yol verilməmişdir. Ailədaxili gərginlik özünü biruzə vermiş və bu ailə çərçivəsi ilə məhdudlaşmışdır, digər təzahürlər müşahidə olunmamışdır. Ər arvadını, arvad isə ərini aralarındakı incikliyə görə qarşılıqlı şəkildə xəyanətdə ittiham edirlər. Ər arvadını ilk iddia üzrə ikinci cavabdehlə xəyanət etməkdə, arvad isə əri adları qarşılıqlı iddia ərizəsində sadalanan qadınlarla ünsiyyət qurmaqla ona xəyanət etməkdə ittiham edir. Hər iki tərəf bir birinin bir birinə real xəyanət etmələrinə (nikahda olduqları dövrdə digər şəxs və yaxud şəxslərlə intim münasibətlərə daxil olma və s. bu kimi hallara yol vermə), bununla da bir-birilərinə mənəvi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, hər iki iddia əsassızdır, ailədaxili zəmində baş verən narazılıq, küskünlük, incikliyin təzahürü olmaqla, real əsaslara söykənmir, həm ilk iddia, həm də qarşılıqlı iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X10 cavabdehlər Jones (İbrahimova) Tamilla Aleksandrovnaya və X4 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh X13-yə qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X10 cavabdehlər Jones (İbrahimova) Tamilla Aleksandrovnaya və X4 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh X13-yə qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar