Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-674/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çnarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs Qəyyumluq və Himayə Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə) "uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı 01.12.2017-ci il təvəllüdlü X3 ilə həftənin şənbə və bazar günləri sutkalıq ünsiyyətdə olmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 01.09.2016-ci il tarixində rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarında övladları 01.12.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin müraciətinə əsasən onların arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2748/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə ondan cavabdehin xeyrinə aylıq qazancının ¼ hissəsi miqarında aliment tutulmuşdur. O təyin edilmiş alimenti vaxtında ödəyir, üzərinə düşən valideyinlik borcunu yerinə yetirir. Lakin buna baxmayaraq cavabdeh onun uşaqla görüşüb ünsiyyətdə olmağına imkan vermir və maneçilik törədir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hal-hazırda azyaşlı övladı ilə valideynlərinin himayəsində yaşayır. Cavabdehlə birlikdə yaşadıqları dövrdə aralarında yaranmış çoxsayl mübahisələr, cavabdehin azyaşlı körpənin yanında onu təhqir etməsi, söyməsi uşağın davranışına psixoloji təsir göstərmişdir. Uşaq ona çox bağlıdır və ondan qətiyyən kənarda tək dayanmır. Hal-hazırda uşaq bağçasına getməsinə baxmayaraq, demək olar ki, hər gün tərbiyəçilərin zənginə əsasən bağçaya gedir və ona tibbi yardım göstərməklə onu ovundurur. Azyaşlı övladı hal-hazırda “Bronxial Astma'’ xəstəliyindən əziyyət çəkir və hər an onun ağır tutmaları gözlənilir ki, həmin an ona yardım göstərilməlidir ona görə də o, tək buraxıla bilməz. Cavabdehin iddia tələbinə dair, mediasiya şurasına dəvət ediləndə də, o bildirmişdir ki, azyaşlı oğlu ondan ayrı heç kimlə ünsiyyət saxlaya bilmir, hər an onun yanında olmalıdır, ona görə də onun iştirakı ilə həftənin şənbə günü saat 12.00-dan saat 17.00-a kimi cavabdehlə görüşməsinə razıdır. Belə ki, uşağın astmatik tutması olanda, nə atanın, nə də baba-nənənin uşağa hansı qaydada tibbi yardım göstərilməli olduğu barədə məlumatları yoxdur. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 3 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06.08.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 173600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01.12.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-2748/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 01 sentyabr 2016-cı il tarixdo bağlanmış və 1 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1361 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 01.12.2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, İddiaçı 02.03.2021-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 01.12.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin ("müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(006)-2748/2021 saylı qərardadı nəzərə alınmaqla) tutularaq Cavabdeh verilməsi qət edilmişdir. “Funda” Hospital tərəfindən 02.03.2022-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, 01.12.2017-ci il təvəllüdlü X3 25.12.2021-ci il və 18.02.2022-ci il tarixlərində “X7” PR.Allerqoloq həkim Kamal Hacıyevin müayinə və müalicəsində olmuş və həkim göstərişinə əsasən xəstəyə “Bronxial astma” diaqnozu qoyulmuşdur. Diaqnoza əsasən əməliyyatın icrasına icazə verilmişdir. Valideynlər valideynlik hüququnun həyata keçirilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-674/2022 saylı, 06.01.2022-ci il tarixli qərardadı ilə mülki işin materialları rəy verilməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim edilmişdir. Komissiyanın 10.03.2022-ci il tarixli rəyindən görünür ki, Maraqlı şəxs "Qəyyumluq və Himayəçilik Komissiyası" qeyd olunanları nəzərə alaraq, İddiaçı azyaşlı övladı 01.12.2017-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 12:30-dək görüş vaxtının müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Ailə Məcəlləsinin 49.2, 49.3 və 50-ci maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmçinin Ailə Məcəlləsinin 61-ci maddəsinə müvafiq olaraq uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynləri daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla (görüşün) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıbyaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Belə ki, hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Nəzərə alınmalıdır ki, valideynin ondan ayrı yaşayan uşaqla ünsiyyətdə olma hüququ onların arasında bir-birinə mənəvi bağlılıq tellərinin qorunmasına və daha da güclənməsinə xidmət etməklə yanaşı bu ünsiyyət uşağa mənəvi dayaq olmaqla onun fiziki və əqli inkişafına, tərbiyəsi və əxlaqına təsir edən mühüm amillərdən biridir. Ona görə uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir. Məhkəmə yuxarıda qeyd edilənləri və həmçinin uşağın azyaşlı və bronxial astma xəstəsi olduğunu, bu səbəbdən də ana tərəfindən xüsusi qayğı və qulluğa ehtiyacı olduğunu, atası ilə sıx əlaqəsinin olmadığını nəzərə alaraq hesab edir ki, bu görüş müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Belə ki, hər həftənin şənbə günü səhər saat 10:00-dan günorta saat 13:00dək iddiaçıya görüş hüququnun verilməsi uşağın mənafeyi baxımından daha məntiqlidir. Məhkəmə həmçinin müəyyən edilmiş ünsiyyət qaydalarının uşağın psixoloji vəziyyətinə mənfi təsir edə biləcək amillərin aradan qaldırılması baxımından hesab edir ki, keçiriləcək görüşlərdə yarım il ərzində ananın (Cavabdeh) iştirak etməsi uşaqda yarana biləcək psixoloji gərginliyin azalmasına xidmət edəcəkdir. Məhkəmə müvafiq qənaətə gəlməsini həm də onunla əsaslandırır ki, 1 dekabr 2017-ci il təvəllüdlü X2 atası ilə ilk görüşlərində həm də anasının iştirak etməsi ona tam ailədə böyüdüyünü, valideynlərinin həmişə yanında olduqlarını hiss etməyə şərait yaradacaqdır. Məhkəmənin qənaətinə görə göstərilən qaydada görüş vaxtının müəyyən edilməsi tərəflərin və uşaqlarının mənafeyinə tam uyğundur. Belə ki, tam ailə tərbiyəsi uşaqların fərdi-psixoloji xüsusiyyətlərinin inkişafında, onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Məhkəmə hazırki mübahisəli münasibətlərin davam edən xarakterə malik olduğunu nəzərə alaraq onu da qeyd etməyi zəruri sayır ki, gələcəkdə, uşaq daha sərbəst olduğu yaş dövrünə çatandan sonra iddiaçı bu məsələ ilə əlaqədar tələblərini müvafiq qaydada əsaslandırmaqla, yenidən məhkəməyə müraciət edə bilər. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı 1 dekabr 2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü, səhər saat 10:00dan günorta saat 13:00-dək (birinci yarım il ərzində ananın – Cavabdeh iştirakı ilə) görüş vaxtı müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-674/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-674/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver