Məhkəmə qərarları › İş №2(006)-677/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-677/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-677/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lerik rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəmiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lerik rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəmiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə iddiaçı arasında 23.05.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Leri şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı alınmışdır. Sığorta məbləği 15.000 manat təşkil edir. İddiaçının yaşadığı və mülkiyyətdə olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermişvə onun nəticəsində yaşadığı evdə ciddi çatlar əmələ gəlməklə, ev yaşayış üçün yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar cavabdeh təşkilata Lerik rayon İcra Hakimiyyətinə, AR Fövqəladə Hallar Nazirliyinə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciətlər ünvanlanmış, hər dəfə qeyd olunan təşkilatlardan müxtəlif məzmunlu cavablar ünvanlanmış və yaşadığı evin qəzalı vəziyyətdə olması təsdiq olunsa da, cavabdeh təşkilatın verdiyi imtina məktubunda baş vermiş sığorta hadisəsinə görə iddiaçıya sığorta haqqının ödənilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın verdiyi imtina qanunsuz və əsassızdır. Bu səbəbdən cavabdehlə bağlanmış 23.05.2019-cu il tarixli sığorta müqaviləsi üzrə iddiaçıya dəymiş ziyanın tutulması barədə qərar qəbul edilməlidir. Belə ki, AR X4 Nazirliyinin verdiyi arayışa əsasən 01.11.2019-cu il tarixdə iddiaçının müraciətinin icrası ilə əlaqədar Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks-Memarlıq və Hidrogeoloji Tədqiqatlar İdarəsinin mütəxəssisləri tərəfindən yerində və Hidrogeoloji Tədqiqatlar İdarəsinin mütəxəssisləri tərəfindən yerində mühəndis-geoloji araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsirindən çökmə-oturma prosesinin lokal təzahürləri müşahidə edilmişdir. Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-X3 və Proqnozlaşdırılması Şöbəsinin müdiri Habil Məlikov tərəfindən iddiaçıya ünvanlanmış 14.05.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə Fövqəladə Hallar Nazirliyi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, yerli Fövqəladə Komissiyası tərəfindən baxış keçirilmiş 01.11.2019-cu il tarixli, 10.02.2020ci il tarixdə verilmiş rəylər əsasında müəyyən edilmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə təbii və texnogen amillərin təsirindən çökmə-oturma prosesi müşahidə edilmişdir. Bununla əlaqədar ona aidiyyəti üzrə dəymiş ziyanın ödənilməsindən ötrü iş üzrə cavabdeh təşkilat kimi «xxxx» ASC-yə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, aparılan araşdırmalar, aidiyyəti qurumlar tərəfindən verilmiş rəylərlə bir daha sübuta yetirilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş, bu da öz növbəsində «İcbari Sığortalar Haqqında» AR Qanunun tələblərinə uyğun sığorta hadisəsidir. Göstərilənlərə əsasən cavabdeh təşkilatla iddiaçı arasında 23.05.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsinə və BA 636746 saylı daşınmaz əmlakların icbari sığortası şəhadətnaməsinə əsasən mülkiyyətinə sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş 15.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia tələbini təsdiq edərək, onların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında 23.05.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq daşınmaz əmlakın icbari sığortası üzrə təminatı almışdır. İddiaçı ərizə ilə şirkətinə müraciət edərək, sığortalanmış əmlaka maddi zərər dəydiyini bildirməklə, hadisə il bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təsnifatı ilə araşdırılmışdır. Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən «xxxx» ASC-yə təqdim edilmiş 02.12.2019-cu il tarixli 4/659 saylı məktubdan görünür ki, son illər və sentabr 2019-cu ilin əvvəllərində Lerik rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi baş vermiş, nəticədə evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar yaranmışdır. Həmin məktubdan göründüyü kimi, evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların yaranması son illərdə baş vermişdr, yəni sığorta təminatından əvvəl baş verən hadisədir. Fərdi yaşayış evinə dəymiş zərər, yəni yağan intensiv yağışlar səbəbindən yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi baş verməsi nəticəsində evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların yaranması «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Qeyd olunan hadisə ilə bağlı «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-cı maddəsinə əsasən (ərazidə torpaq çökməsi baş verməsi sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir) AS-20/046 saylı, 21.01.2020-ci il tarixli məktubla imtina qərarı verilərək sığortalının ünvanında göndərilmişdir. Daha sonra Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən eyni tarixli, eyni nömərli, lakin fərqli məzmunlu araüvş cəmiyyətə təqdim olunmuş,arayışda yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi ilə yanaşı torpaq sürüşməsinin də baş verdiyi qeyd olunmuşdur. Bununla da, «xxxx» ASC-dən sığorta ödənişinin alınmasına cəhd edilmişdir. Qeyd olunanlardan da görünür ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ilkin olaraq təqdim edilən arayış üzrə hadisəyə dair imtina qərarı verildiyi bilindikdən sonra Cəmiyyətinə məlum olmayan səbəbdən arayışın məzmunu dəyişdirilərək sığorta ödənişini almağa əsas verən hallar qanunsuz olaraq eyni tarixli, eyni nömrəli arayışda qeyd edilmişdir. «xxxx» ASC tərəfindən Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatına 23.04.2020-ci il tarixli, AS-20/638 saylı məktubla müraciət edilərək qeyd edilən halların araşdırılmasını, sadalanan halların baş verməsində hər hansı şəxs və ya şəxslərin iştirakının aşkarlanacağı halda həmin şəxslərin əməllərinə hüquqi qiymətin verilməsini və nəticəsi barədə müvafiq sənədlər əlavə olunmaqla Cəmiyyətinə məlumat verilməsi xahiş edilmişdir. Bundan sonra Lerik İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 03.06.2020-ci il tarixli, 251 saylı məktub və ona əlavə edilmiş qoşmalar «xxxx» ASC-yə daxil olunmuşdur. Milli Geoloji Kəşfiyyat Xidmətinin arayışında çökmə-oturma prosesinin lokal təzahürlərinin müşahidə edildiyi, digər ekzogen geoloji əlamətlərinin qeydə alınmadığı, ərazidə atmosfer yağınlıtarının və eyni zamanda texnogen amillərin təsirindən çökmə-oturma prosesinin (çökmə-oturma hadisəsi sürüşmə prosesi kimi ekzogen geoloji proseslər sırasına daxildir və maili sahələrdə çökmə hadisəsi qısa zamanda sürüşmə prosesi ilə əvəz oluna bilər) baş verdiyi, sahənin maili olması ilə əlaqədar olaraq çökmə hadisəsi zamanı qrunt qatının qismən üfuqi yerdəyişmə etdiyi göstərilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin arayışında da qeyd edildiyi kimi, ünvan 2 ünvanı ərazisində aparılmış vizual mühəndis-geoloji araşdırmanın nəticəsindən də görünür ki, ərazidə yer sürüşməsi deyil, torpaq çökməsi baş vermişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina haqqında qərarları qanuni və əsaslı olduğu üçün iddianın rədd olunmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.06.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Lerik şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 2 sayl fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə RAA ********* saylı, 23.05.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı Lerik şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 2 saylı evi «xxxx» ASC-də 23.05.2019-cu il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. müqavilə üzrə azadolma məbləği 150 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində sığorta riski kimi, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunması göstərilmişdir. İş üzrə Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 02.12.2019-cu il tarixli, 4/659 saylı məktubundan görünür ki, Lerik şəhər sakini İddiaçı məxsus yaşayış evinə yerli fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, relyefə uyğun, yerli tikinti materiallarından istifadə edilməklə birmərtəbəli, parametrdə ölçüləri 10x10 metr olan yaşayış evi 1989-cu ildə inşa edilmişdir. Damı şiferlə örtülmüşdür.İlkin ehtimala görə son illər və 02.09.2019-cu il tarixdə rayon ərazisində yağan intensiv yağışları səbəbindən yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi və sürüşməsi baş vermiş, nəticədə evin yükdaşıyan divarlarında evin ümumi dayanaqlığına ciddi təsir göstərən müxtəlif ölçülü və istiqamətli çatlar yaranmışdır. Ev qəzalı vəziyyətə düşmüşdür. İş üzrə Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 30.01.2020-ci il tarixli 2/187 saylı məktubundan görünür ki, yaşayış evinə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və yerli fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, birmərtəbəli, parametrdə ölçüləri 10x10 metr olan yaşayış evi 1989-cu ildə bünövrə hissəsi bud daşından, divarları parça daşdan istifadə edilməklə inşa edilmişdir. Torpaq sürüşməsi nəticəsində yaşayış evinin divarlarında müxtəlif ölçürü və istiqamətli irili-xırdalı çatların olduğu aşkar olunmuşdur. Nəzərinə çatdırırlar ki, ayrı-ayrı vətəndaşların evlərinə dəymiş ziyanın aradan qaldırılması üçün rayon büdcəsində heç bir vəsait nəzərdə tutulmadığından, mütəxəssislər tərəfindən hazırlanmış arayış müvafiq qərar qəbul edilməsi üçün Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, «xxxx» ASC tərəfindən sığorta pulunun verilməməsi ilə əlaqədar İddiaçı məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir. İş üzrə Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 30.01.2020-ci il tarixli 2/187 saylı məktubundan görünür ki, yaşayış evinə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, yerli fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 01.11.2019-cu ildə və 10.02.2020-ci il tarixdə evin yerləşdiyi əraziyə baxış keçirilərək müvafiq rəy hazırlamışlar. 01.11.2019-cu ilin rəyində təbii və texnogen əmillərin təsirindən çökmə-oturma prosesinin lokal təzahürlərinin müşahidə edildiyi, ərazidə ekzogen geoloji proseslərin əlamətlərinin qeydə alınmadığı göstərilmişdir. 10.02.2020-ci il tarixli rəydə isə əsasən gilli süxurlardan təşkil olunmuş ərazidə atmosfer yağıntılarının və eyni zamanda texnogen amillərin təsirindən çökmə-oturma prosesi (çökmə-oturma hadisəsi sürüşmə prosesi kimi ekzogen geoloji proseslər sırasına daxildir və maili sahələrdə çökmə hadisəsi qısa zaman ərzində təhlükəli sürüşmə prosesi ilə əvəz oluna bilər) baş verməsi bildirilir, sahənin maili olması ilə əlaqədar olaraq çökmə hadisəsi zamanı qrunt qatı qismən üfuqi yerdəyişmə etməsi qeyd edilmişdir. İş üzrə Lerik RİHB-nin Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini F.X.Məmmədov, Lerik RİHB-nin Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi İ.H.Həsənov və Lerik bələdiyyəsinin sədri H.Ə.Şahiyev tərəfindən tərtib edilmiş 12.09.2019-cu il tarixli aktın kserosurətindən görünür ki, Lerik şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan İddiaçı məxsus 1989-cu ildə parça daşla tikilmiş 1 mərtəbəli evin uzunu 10 metr, eni 10 metr hündürlüyü şərq tərəfdən 6 metr qərb tərəfdən 3 metr olan evə baxış keçirilməsi zamanı aşağıdakılar müşahidə olundu. Yaşayış evinin torpaq sahəsinin sürüşməsi nəticəsində evdə irili-xırdalı yaranmışdır. Hətta evə divardan dayaq vuruslada sürüşmə nəticəsində dayağda əyilmişdir. Evin bütün otaqlarında çatlar var. Həmin çatlar podvalın divarlarında da mövcuddur. Yaşayış evi qəzalı vəziyyətdədir, evdə yaşamaq təhlükəlidir. İş üzrə «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış 21.01.2020-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında 23.05.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi sığorta olunaraq daşınmaz əmlakın icbari sığortası üzrə təminatı almışdır. İddiaçı ərizə ilə şirkətinə müraciət edərək, sığortalanmış əmlaka maddi zərər dəydiyini bildirməklə, hadisə il bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təsnifatı ilə araşdırılmışdır. Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən «xxxx» ASC-yə təqdim edilmiş 02.12.2019-cu il tarixli 4/659 saylı məktubdan görünür ki, son illər və sentabr 2019-cu ilin əvvəllərində Lerik rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi baş vermiş, nəticədə evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar yaranmışdır. Həmin məktubdan göründüyü kimi, evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların yaranması son illərdə baş vermişdr, yəni sığorta təminatından əvvəl baş verən hadisədir. İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər, yəni yağan intensiv yağışlar səbəbindən yaşayış evinin yerləşdiyi ərazidə torpaq çökməsi baş verməsi nəticəsində evin divarlarında müxtəlif ölçülü və istiqamətli çatların yaranması «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Bununla da, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. İş üzrə Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 03.06.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Lerik şəhər sakini İddiaçı məxsus yaşayış evinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, yerli fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmişdir. Vətəndaşın çoxsaylı şikayətləri nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yaşayış evinə təkrar baxılmışdır. Məlum olmuşdur ki, relyefə uyğun, yerli tikinti materiallarından istifadə edilməklə birmərtəbəi, parametrdə ölçüləri 10x10 metr olan yaşayış evi 1989-cu ildə inşa edilmişdir. Damı siferlə ötürmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi ilkin rəydə ərazidə təbii ıə texnogen amillərin təsirindən çökmə-oturma prosesinin lokal təzahürləri müşahidə edildiyi, digər ekzogen geoloji proseslərin əlamətlərinin qeydə alınmadığı göstərilmiş, növbəti reydə isə ərazidə atmosfer yağıntılarının və eyni zamanda texnogen amillərin təsirindən çökmə-oturma prosesininn (çökmə-oturma hadisəsi sürüşmə prosesi kimi ekzogen geoloji proseslər sırasına daxildir və maili sahələrdə çökmə hadisəsi qısa zaman ərzində sürüşmə prosesi ilə əvəz oluna bilər) baş verdiyi, sahənin maili olması ilə əlaqədar olaraq çökmə hadisəsi zamanı qrunt qatının qismən üfuqi yerdəyişmə etdiyi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş mühəndis-geoloji şəraiti haqqında məlumatdan görünür ki, 10.02.2020-ci il tarixdə Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən və Lerik şəhəri İƏD-i üzrə nümayəndəsinin müavini X1 iştirakı ilə ünvan 6 ünvan ərazisində vizual mühəndis-geoloji araşdırmalar aparılmışdır. İddiaçı məxsus sahə mailliyi 15-200 olan ərazidə yerləşir. Belə ki, əsasən gilli süxurlardan təşkil olunmuş ərazidə atmosfer yağıntılarının və eyni zamanda texnogen amillərin təsirindən çökmə-oturma prosesi (çökmə-oturma hadisəsi (çökmə-oturma hadisəsi sürüşmə prosesi kimi ekzogen geoloji proseslər sırasına daxildir və maili sahələrdə çökmə hadisəsi qısa zaman ərzində sürüşmə prosesi ilə əvəz oluna bilər) baş vermişdir. Sahənin maili olması ilə əlaqədar olaraq çökmə hadisəsi zamanı qrunt qatı qismən üfuqi yerdəyişmə etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12.04.2021-ci il tarixli 10/3901 saylı rəyinə əsasən -1-ci sual üzrə: - Mülki iş materialında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun imzası ilə təsdiq edilmiş 02.12.2019-cu il tarixli 4/659 nömrəli məktubuna əsasən qeyd olunur ki, ünvan 2də yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinə əsas olmuş səbəb son illər və 02.09.2019-cu il tarixdə rayon ərazisində yağan intensiv yağışlar olmuşdur. - 2-ci sual üzrə: - ünvan 2-yə həmin hadisə ilə bağlı İddiaçı fərdi yaşayış evinə dəymiş ziyanın (yenidən inşaasına sər olunacaq vəsait) mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 15600 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakını icbari qaydada “xxxx” ASC-də 23.05.2019-cu il tarixli RAA********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2019-cu ilin sentyabr ayında intensiv yağışlar nəticəsində torpaq sürüşməsi baş verərək iddiaçıya məxsus əmlaka maddi ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta etdiyi əmlaka intensiv yağışlar nəticəsində nəticəsində dəymiş ziyanın, yəni sığorta ödənişinin ödənilməsi ilə bağlı sığortaçı «xxxx» ASC-yə müraciət etsə də, sonuncu sığorta hadisəsinin baş verməməsi, yəni ziyanın məhz sığorta hadisəsi nəticəsində yaranmalı olmaması səbəbindən və hadisənin sığorta münasibətləri yaranmamışdan əvvəl baş verdiyindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi hesab edilibedilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, «Daşınmaz Əmlakın İcbari Sığortası» şəhadətnaməsindən görünür ki, sığorta olunmuş daşınmaz əmlakın sığorta risklərinin – təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2-də yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinə əsas olmuş səbəb son illər və 02.09.2019-cu il tarixdə rayon ərazisində yağan intensiv yağışlar olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya məxsus daşınmaz əmlakın zədələnməsi intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində olmuşdur. Bu hal isə sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsinin isə sığorta hadisəsi hesab edilə bilməməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə cavabdehin sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi gətirdiyi dəlillər üzrə qeyd edir ki, iddiaçı ilə sığorta müqaviləsi bağlanarkən daşınmaz əmlaka baxış keçirilməli, evin hər hansı hissəsində müvafiq qüsur aşkar olunduğu təqdirdə bu hal müqavilədə əks olunmalı idi. Lakin icbari sığorta müqaviləsində belə halın mövcudluğunu təsdiq edən hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə həmin qüsurun məhz sığorta müqaviləsi qüvvədə olduğu müddətdə və müqavilə bağlandıqdan sonra yaranması barədə iddiaçının dəlillərini daha inandırıcı və əsaslı hesab edir. Azərbaycn Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus daşınmaz əmlak intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində zədələndiyindən və bu hal sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunduğundan, cavabdeh təşkilatın əmlakın müxtəlif hissələrindəki zədələrin hadisədən əvvəl mövcud olmasına və intensiv yağan yağışlar səbəbindən torpaq sürüşmə halının sığorta hadisəsi hesab edilə bilməməsinə istinad edərək baş vermiş halın sığorta hadisəsi hesab edilməməsi tam əsassız və qanunsuzdur. Məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd edir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin intensiv yağan yağışlar səbəbindən torpaq sürüşməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 15600 manat məbləğində müəyyən olunur. İrəli sürülmüş tələb üzrə mənzilə dəymiş zərərin ödənilməsi üçün 15000 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçının mənzilə dəymiş zərər irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə hesab edir ki, sığorta müqaviləsi üzrə azadolma məbləği 150 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla yerdə qalan məbləğ həddində tələb təmin olunmalıdır. “İcbari sığortalar haqqında” AR Qanununun 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir. «İcbari sığortalar haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırıması icbari sığortaların əsas prinsipidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 14850 manat (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar