Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6793/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Həsənov Pənah Binnət oğlu ilə cavabdeh arasında 18.06.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçının ərinə müvafiq sığorta şəhadətnaməsi verilmişdir. İddiaçının əri P.Həsənov 08.10.2020-ci il tarixdə “miokardın dəqiqləşdirilmiş lokalizasiyalı kəskin transmural infarktı” səbəbindən vəfat etmişdir. Tərəflər arasında bağlanmış HYS-01832/19 saylı həyatın yaşam sığortası şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Qoşmanın “sığorta riskləri” adlanan 1 saylı cədvəlindən müəyyən olunur ki, istənilən səbəbdən ölüm halında sığorta məbləğinin 100% həcmində sığorta ödənişi ödənilməlidir. Sığota məbləği 81954,09 manat razılaşdırılmışdır. Buna görə də iddiaçı cavabdeh şirkətə müraciət etsə də, onlar sığorta ödənişinin verilməsindən imtina etmişlər. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri sığorta təminatından öncə xəstə olmuşdur. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən, cavabdehdən 81954,09 manat sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, bildirdi ki, qaldırılan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Həsənov Pənah Binnət oğlu "xxxx" ASC tərəfindən 18.06.2019-cu il tarixli, HYS-01832/19 nömrəli üçtərəfli həyatın yaşam sığortası şəhadətnaməsi ilə sığortalanmışdır. Pənah Həsənovun adına tərtib edilmiş AZ-İİ 121149 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, o, 08.10.2020-ci il tarixində “miokardın dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin transmural infarktı” səbəbindən ölmüşdür. Baş vermiş ölüm faktının sığorta hadisəsi olub-olmaması tərəflərindən yoxlanılarkən onun Sığorta şəhadətnaməsi qüvvəyə minməzdən əvvəl ürək xəstəliyindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır. Belə ki, sorğu əsasında X1 alınmış cavab məktubunda qeyd olunur ki, Həsənov Pənah Binnət oğlu 21.11.2017-ci il tarixindən 01.12.2017-ci il tarixinədək X2 Ürək və damar xəstəlikləri şöbəsində “ürəyin işemik xəstəliyi. Qeyri- stabil stenokardiya İİ B.Essensial hipertenziya İİ dərəcə. Xroniki böyrək çatışmazlığı’’ diaqnozu ilə stasionar müalicə almışdır. X2 7217 №li epikrizində şəxsin özünü bir-neçə ildir xəstə hesab etdiyi, vaxtaşırı sinədə olan yanma, ağrı və təngnəfəslikdən şikayətlərinin olduğunu, son günlərdə şikayətlərinin daha da artdığı, təkrar ağrı hiss etdiyindən TTY çağırılaraq MNX-yə gətirildiyi və hospitalizasiya olunduğu əks olunur. Qanunvericiliyin imperativ tələblərinə əsasən sığortalı sığorta müqaviləsi bağlanarkən səhhəti barədə özünə məlum olan bütün məlumatları sığortaçıya bildirməlidir. Sığortalı P.Həsənov səhhətinin mövcud vəziyyəti barədə özünə məlum olanları sığortaçıya doğru şəkildə bildirməli olsa da, lakin sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında qoyulmuş suala xeyr cavabı verərək ürəyin işemik xəstəliyini və digər xəstəliklərin hər hansı birini keçirmədiyini ifadə etmişdir. Sığortalı Pənah Həsənovun Sığorta şəhadətnaməsinin qüvvəsindən əvvəl xəstəlikdən əziyyət çəkməsi onunla bağlı təminat verilən sığorta riskinin təsadüfi deyil, gələcəkdə real baş verməsinə zəmin yaratmışdır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası sayılır. Ancaq izahdan da göründüyü kimi Pənah Həsənovun sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ölməsi sığorta hadisəsi hesab edilmədiyindən (ölüm səbəbinin müqavilə dövründən əvvəl yaranması) sığorta ödənişi həyata keçirilə bilməz. Ona görə də Pənah Həsənovla bağlanmış Sığorta şəhadətnaməsi xitam olunmuş, Sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi hesab edilən Qoşma 2- nin 8-ci bəndinə uyğun olaraq müqavilə üzrə ödənilən sığorta haqlarına tətbiq edilən vergi və məcburi dövlət sosial sığorta haqları güzəştləri və bank qarşısındakı kredit borcu çıxıldıqdan sonra yerdə onun vərəsələrinə qaytarılacaq 7027.73 manat qaytarılan məbləğ qalmışdır. Bundan başqa, SOCAR-ın Cəmiyyət üçün strateji əhəmiyyəti nəzərə alınaraq İdarə Heyəti tərəfindən Pənah Həsənovun ölüm hadisəsi üzrə əlavə olaraq 6000 manat güzəştli ödənişin verilməsi barədə qərar qəbul edilmişdir. Ümumilikdə 13027,73 manat vəsait sığortalı Pənah Həsənovun vərəsələri tərəfindən hesab nömrəsi təqdim edildikdə həmin məbləğin müvafiq hesaba köçürülməsi Cəmiyyət tərəfindən təmin ediləcəkdir. İddiaçı ünvanına rəsmi məktub göndərilməsinə baxmayaraq, o, hesab nömrəsi təqdim etmədiyindən 13027,73 manat məbləğində vəsaitin hal-hazıradək ödənilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18.06.2019-cu il tarixli, HYS- 01832/19 nömrəli “üçtərəfli həyatın yaşam sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, Həsənov Pənah Binnət oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölümünə görə 81954,09 manat - sığorta riskinə təminat verilmişdir. Sığorta müddəti 30.06.2019-cu il tarixdən 30.06.2022-ci il tarixədək müəyyən olunmuşdur. İşin materiallarında olan «həyatın yaşam sığortası üzrə ərizə forması»nın surətindən görünür ki, sığortalı Həsənov Pənah Binnət oğlu həyat sığortası ilə əlaqədar 16.01.2019-cu il tarixində "xxxx" ASC-yə müraciət edərək özünün ürəyin işemik xəstəliyi olan şəxslərə aid olmadığını bəyan etmişdir. İş materiallarında olan 18.10.2020-ci il tarixli, AZ-İİ № 121149 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Pənah Binnət oğlu 08.10.2020-ci il tarixdə miokardın dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin transmural infarkt səbəbindən vəfat etmişdir. İş materiallarındakı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 08.10.2020-ci il tarixdə vəfat etmiş Həsənov Pənah Binnət oğlunun vərəsəsi - arvadı İddiaçıdır, o, miras əmlakdan 2/3 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak Həsənov Pənah Binnət oğlunun "xxxx" ASC tərəfindən HYS- 01832/19 nömrəli həyatın yaşam sığortası şəhadətnaməsinə əsasən 13027,73 manat məbləğində sığorta ödənişindən ibarətdir. İş materiallarındakı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 08.10.2020-ci il tarixdə vəfat etmiş Həsənov Pənah Binnət oğlunun vərəsəsi – oğlu X7, o, miras əmlakdan 1/3 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak Həsənov Pənah Binnət oğlunun "xxxx" ASC tərəfindən HYS- 01832/19 nömrəli həyatın yaşam sığortası şəhadətnaməsinə əsasən 13027,73 manat məbləğində sığorta ödənişindən ibarətdir. İş materiallarında olan X2 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 1961-ci il təvəllüdlü Həsənov Pənah Binnət oğlu 21.11.2017-ci il tarixdən 01.12.2017-ci il tarixədək X2 ürək və damar xəstəlikləri şöbəsində stasionar müalicə almışdır. Ona ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya İİ B. Essensial hipertenziya İİ dərəcə, xroniki böyrək çatışmazlığı diaqozu qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 20 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Həsənov Pənah Binnət oğlu sığortaçı ilə sığorta şəhadətnaməsi bağlayarkən sağlamlıq vəziyyəti barədə məlumatlı olduğu halda şəhadətnamənin tərkib hissəsi olan 56595 nömrəli ərizə formasında ürək-damar xəstəliklərinin olmadığını sığortaçıya bəyan etmişdir. Bununla da sığortalı kimi Qaydaların müvafiq bəndində nəzərdə tutulmuş vəzifəsini pozmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mərhum əri Həsənov Pənah Binnət oğlunun həyatı "xxxx" ASC tərəfindən HYS-01832/19 saylı şəhadətnaməyə əsasən sığortalının istənilən səbəbdən ölüm halına görə 81.954,09 manat məbləğində sığortalanmışdır. Həsənov Pənah Binnət oğlu 08.10.2020-ci il tarixində vəfat etmişdir. Bu vəziyyətlə əlaqədar İddiaçı "xxxx" ASC-yə sığorta şəhadətnaməsi üzrə ödənişin aparılması ilə bağlı müraciət etmiş, iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan 16.01.2019-cu il tarixli həyatın yaşam sığortası üzrə ərizə formasında sığortalı onda ürəyin işemik xəstəliyinin olmamasını öz imzası ilə təsdiq etmişdir. Lakin təqdim olunmuş tibbi sənədlərə əsasən sığortalıya 2017-ci ildə X3 «ürəyin işemik xəstəliyi» diaqnozu qoyulmuş və o, 08.10.2020-ci il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. «Həyat sığortası Qaydaları»nın 14.1.6-cı bəndinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardan biridir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbinin əsası kimi göstərilən hadisə tərəflər arasında imzalanmış sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən və Cəmiyyətin “Həyat Yaşam sığortası qaydaları”nın 9.2.3-cü yarımbəndinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Bundan əlavə, «Həyat sığortası Qaydaları»nın 7.7.1.-ci bəndinə əsasən sığorta müqaviləsinin bağlanması üçün müraciət Sığortalı tərəfindən Sığortaçıya müəyyən edilmiş yazılı formada ərizə ilə və ya şifahi müraciət edildikdən sonra sorğu vərəqinin doldurulub imzalanaraq sığortaçıya geri qaytarılması ilə rəsmiləşir. Həmin Qaydaların 7.7.2.-ci bəndinə görə Sığortalı sığorta ilə bağlı müraciət zamanı özünə məlum olan bütün zəruri məlumatları Sığortaçıya bildirməlidir. Mülki Məcəllənin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. İşdən göründüyü kimi sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında Həsənov Pənah Binnət oğlu müxtəlif xəstəliklərdən, o cümlədən ürəyin işemik xəstəliyindən əziyyət çəkmədiyini bəyan edərək müvafiq sənədi imzası ilə təsdiq etmişdir. İşin materiallarına əlavə olunmuş X5 tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Həsənov Pənah Binnət oğluna 21.11.2017-ci il tarixində «ürəyin işemik xəstəliyi» diaqnozu qoyulmuş və 08.10.2020-ci il tarixdə keçirdiyi xəstəlik səbəbindən vəfat etmişdir. Göründüyü kimi mərhum Həsənov Pənah Binnət oğlu istər sığorta müqaviləsi bağlayarkən, istərsə də müqavilə bağlandıqdan sonra özünün xəstəliyi və səhhətində baş vermiş dəyişikliklər haqqında sığortaçıya məlumat verməyərək, qanunvericiliklə onun üzərinə vəzifə kimi qoyulmuş hərəkətləri yerinə yetirməmişdir. Bununla da o, sığortaçını riski öz üzərinə götürməyib müqavilə bağlamaqdan imtina etmək və ya müqaviləni şərtləri dəyişdirilmiş şəkildə bağlamaq imkanından məhrum etmişdir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə görə sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 911.2 və 935.1.6-cı maddələrinə uyğun olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən qanuni və əsaslı olaraq imtina olunmuşdur. Bundan əlavə, sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, iddiaçının mərhum əri sığorta şəhadətnaməsinin (müqavilənin) şərtləri ilə tanış olduğunu və bütün şərtlərlə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mərhum əri Həsənov Pənah Binnət oğlu sığorta müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6793/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6793/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver