Məhkəmə qərarları › İş №2(006)-6818/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6818/2021

30.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6818/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər "xxxx" ASC ilə Cavabdeh2 arasında 13 mart 2018-ci il tarixli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh2 illik 20 faiz olmaqla, 36 ay müddətinə, 5000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 iddiaçının mərhum həyat yoldaşının iş yoldaşı olub. İddiaçının həyat yoldaşı baş leytenant X4 ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuşdur. İddiaçı X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında yeganə vərəsəsi hesab olunur. Kredit götürülərkən bank tərəfindən zamin tələb edildiyindən Cavabdeh2 ondan zamin durmağını xahiş edib. Yaxın münasibətləri olduğundan onun təklifini qəbul etmişdir. Beləliklə, "xxxx" ASC ilə X4 arasında 13 mart 2018-ci il tarixli 1***-*******8- 002950 saylı zaminlik müqaviləsi imzalanıb. Cavabdeh2 kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Odur ki, "xxxx" ASC tərəfindən iddiaçının mərhum həyat yoldaşının əmək haqqından tutulmalar həyata keçirilb və onun əmək haqqından 1414,20 manat pul tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 kredit öhdəliyini bir müddət icra etdikdən sonra kreditin ödənilməsini dayandırıb. Bununla əlaqədar olaraq bank tərəfindən X3 əmək haqqından 1414,20 manat pul tutularaq "xxxx" ASC-yə ödənilib. Göründüyü kimi, Cavabdeh2 kredit öhdəliyini lazımınca icra etməməsi səbəbindən kreditora onun əvəzindən 1414,20 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən X4 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 13 mart 2018-ci il tarixli, 1393- 13032028- 002950 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 1414,20 manat və ödənilmiş 30 manat dövlət dövlət rüsumu, cəmi 1444,20 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 2417,02 manat və ödənilmiş 30 manat, cəmi 2447,02 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 ilə X4 arasında bağlanmış 13.03.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən X2 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 04 dekabr 2020-ci il tarixli, AZ-İİ № 138931 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.10.2020-ci il tarixdə döyüş meydanında həlak olmuşdur. İş materiallarındakı Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 07.10.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan arvadı- İddiaçı və övladı X5 11.000 manat sığorta məbləğindən - miras əmlakdan 1/2 hissə irs almalıdırlar. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19.03.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X1 hesabından zaminlik müqaviləsi əsasında 01.01.2019-cu il tarixdən 19.03.2021-ci il tarixədək cəmi 2417,02 manat pul tutulmuşdur. Beləliklə, işin materiallarından da göründüyü kimi “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh2 ilə X4 arasında bağlanmış 13.03.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən X2 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu Cavabdeh2 kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək borcu zaminə məxsus əmək haqqı kartından tutulmalar şəklində həyata keçirmişdir. X2 07.10.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda zaminlik müqaviləsi əsasında mərhum ərinin əmək haqqı kartından tutulmuş pul vəsaitinin borcludan tutulması haqqında iddia tələbi onun həyat yoldaşı (hüquqi varisi) İddiaçı tərəfindən qaldırılmışdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə hesab edir ki, İddiaçı mərhum həyat yoldaşı X3 Cavabdeh2 əvəzinə Banka ödəmiş olduğu pulu (2417,02) Cavabdeh2 geri tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 2417,02 (iki min dörd yüz on yeddi manat, iki qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2447,02 (iki min dörd yüz qırx yeddi manat, iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 2417,02 (iki min dörd yüz on yeddi manat, iki qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2447,02 (iki min dörd yüz qırx yeddi manat, iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar