Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6847/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Bu səbəbdən ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi təyin edildikdən sonra ona Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta pulu ödənilməmiş, müraciət etmiş, lakin imtina etmişlər. Buna görə də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat sığorta ödənişinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinəyə dair məlumatından görünür ki, İddiaçı 3-cü qrup əlildir. TSEK-in diaqnozu: “Sol baldırın qəlpə yaralanmasından sonra incik sümüyün q/düzgün bitişmiş sınığı, sol baldırın yuxarı 1/3-də yad cisimlər. Baldır əzələlərinin atrofiyası. Hərəkət pozğunluğu. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı 3-cü qrup müddətsiz əlildir, diaqnoz: “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaralanmasından sonrakı vəziyyət, incik sinirinin baldır səviyyəsində travması, sol incik sümüyünün miopatiyası, pəncənini sallanması. Budun açıq yarası, sağ budun orta 1/3-nin, sol diz oynağının ön, tış, sol baldırın yuxarı orta 1/3-nin, tış, iç, səthlərində kobud dartıcı, çapıq toxumaları, sağ budun orta 1/3-nin iç, sol budun 1/3-də baldırın yuxarı 1/3-nini yumşaq toxumasında metal qəlplər. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07.08.2009-cu il tarixli, 1397 №-li Qərarından görünür ki, Bakı şəhəri Qaradağ RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, barəsində 2001-ci ildə Respublika hərbi prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X1 döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və 15.01.1994-cü ildən 21.02.1994-cü ilə kimi Bakı şəhəri 19 nömrəli xəstəxanasında müavinə və müalicə olduğu yaralanma və travma diaqnoz: «Sol baldırının kor qəlpə yaraları. Sol incik sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli sınığı» (Qaradağ RHK-nın 28.07.2009-cu il tarixli, 576 nömrəli arayışı, 19 nömrəli xəstəxanadan verilmiş 21.02.1994-cü il tarixli çıxarış epikriz, MN MHP-nın HHK-sı tərəfindən verilmiş 01.03.1999-cü il tarixli, 2568 sayıı arayış, Respublika hərbi prokurorluğunun 30.05.2001-cı il tarixli, HP-7-2/298 saylı məktubu ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 09.01.1994-cü ildə çoxsaylı qəlpə yarası almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli, 07-07-1013 saylı məktubda bildirilmişdir ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar verildikdən sonra onun tələbi təmin olunacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 4400 (dörd min dörd yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan MV seriyalı № 065736 nömrəli vəsiqənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtyazlardan istifadə etmək hüququna malikdir. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 64 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı oğluna verilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6847/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6847/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver